Ça. Noy 19th, 2019

Paytaxtda vərəm ajiotajı: Satışa necə təsir edib?- REPORTAJ

Gündəlik istifadə etdiyimiz qidalar ilə bağlı “Whatsapp” mobil əlavəsində naməlum şəxs tərəfindən yayımlanan mesajlarda bir sıra məhsullardan əlavə, “Gülüstan” şirələrinin tərkibində də vərəm çöplərinin aşkarlandığı iddia olunmuş və bir müddət bu məhsulları almamaq tövsiyə edilmişdi.

Bunun ardınca isə “TAC” şirkətinin marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Sürəyya Verdiyeva mətbuata açıqlamasında demişdi ki, əhalinin narahatçılığına səbəb olan səs yazısı saxtadır və “TAC” şirkətinin istehsalı olan “Gülüstan” limonadlarında vərəm çöpü aşkar edilməyib, satışdan yığışdırılması barədə göstəriş verilməyib:
“Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “TAC” MMC-nin istehsalı olan heç bir məhsulla bağlı hal-hazırda araşdırılma aparılmır, nə də hec bir zaman vərəm çöpü tapılmayıb. Bu şirkətimizə qarşı aparılan “qara” kampaniyadır”. S.Verdiyeva həmçinin qeyd edib ki, “TAC” əhalini keyfiyyətli içməli su və sərinləşdirici içkilər ilə təmin etmək üçün Azərbaycanda yaradılmış ilk şirkətdir: “Daim yüksək keyfiyyət standartlarına sadiq qalan “TAC” şirkəti “Gülüstan” limonadlarının qablaşdırılmasını dünyada tanınmış qida məhsulları xətlərinin istehsalı ilə məşğul olan Almaniyanın “Krones” avadanlığı ilə həyata keçırir. Bu texniki avadanlıq bütün istehsal prosesinin idarə olunması və ona nəzarəti insan müdaxiləsi olmadan, müasir elektron avadanlıqlar vasitəsilə həyata kecirməyə imkan verir. 20 ildən artıq bazarda mövcud olmağımız, habelə beynəlxalq İSO 9001:2008 və İSO 22000:2015 sertifikatlarımız buraxdığımız məhsulların həm yüksək keyfiyyəti, həm də təhlükəsizliyinə dəlalət edir. “Gülüstan” gündəlik istifadə üçün nəzərdə tutulmuş yüksək keyfiyyətə malik məhsuldur”.

“Cümhuriyət” qəzetinin əməkdaşı “Gülüstan”ın satışını və alıcılıq qabiliyyətini öyrənmək üçün mağazalara yollanıb. Müşahidələrimiz zamanı məlum olur ki, mağazaların əksəriyyətində adıçəkilən limonadların satışına davam edilir və hətta bunlar üçün xüsusi soyuducular da qoyulub.

Satıcı ilə söhbət zamanı məlum olur ki, alıcılar daha çox digər limonadlardan alsa da, “Gülüstan”dan da alanların sayı az deyil:

““Gülüstan”ın satışına heç bir məhdudiyyət qoyulmayıb. Sözün düzü bu limonadlardan heç vaxt şikayətimiz də olmayıb. Hər məhsulun öz alıcıları olur. Satışı kifayət qədər yaxşı olmasa da, pis də deyil”. Digər satıcı isə bildirir ki, bu limonadların digərlərinə nisbətən ucuz olması satışa müsbət təsir edir: “Bu şirələr digərlərindən daha ucuzdur. Düşünürəm ki, alıcılıq qabiliyyətini bu da artırır. Həm də ki, “Gülüstan”ın müxtəlif meyvələrdən olan çeşidləri çoxdur. Bu da alıcılara daha çox seçim şansı yaradır”. Satıcı həmçinin bildirir ki, bu şirələrdən daha çox yeniyetmələr alır: “Ortayaşlı və yaşlı insanlar daha çox təbii şirələrə üstünlük verirlər. Gənclər isə həm enerji içkilərinə, həm də limonadlara üstünlük verirlər”.

Bir qədər aralı da “Gülüstan” limonadlarından alan müştərini görüb, ona tərəf gedirik. Söhbət zamanı məlum olur ki, alıcı Oqtay bəy gündəlik olaraq bu şirələrdən alır:

“Həm özüm, həm də evdəkilər bu limonadları çox sevir. Bir neçə gün əvvəl qızım “Gülüstan”da vərəm çöpünün olması deyilən səs yazısını mənə dinlətdirdi, həyat yoldaşım bundan narahat olsa da, mən buna inanmadım. Daha sonra vərəm çöpünün yalan olması üzə çıxdı”.

Oqtay bəy deyir ki, yalan üzə çıxsa belə, həyat yoldaşı hələ də bu limonadlardan narahatdır:“Əslində demək olar ki, qida olaraq qəbul etdiyimiz hər şey ziyanlıdır.

Əvvəlki dövrlə indiki arasında çox şeylər dəyişib. Çörək haqqında da hər gün yeni bir şey deyirlər. Ac qalmamaq üçün nələrsə almalıyıq”.

Müşahidələrimiz də elə bayaq satıcının dediyi kimi bu limonadların digərlərinə nisbətən az satıldığını göstərir. Digər şirə alan 2 gəncə yaxınlaşırıq. Bacı-qardaş olduqlarını deyən Vüsal və Nərgiz bildirir ki, şirələrin ziyanları haqqında bilsələr belə, yenə də almağa davam edirlər:

“Anamız, atamız, eləcə də nənə-babalarımız tez-tez bu şirələrdən almamağı tövsiyyə edirlər. Ancaq bu şirələrdə xüsusi dad var ki, elə bil insanı almağa məcbur edir”.

Bəs nə üçün “Gülüstan” almırlar? Gənclər deyir ki, adıçəkilən limonadı bir o qədər də bəyənmirlər. Müşahidə və araşdırmalarımızın nəticəsində qeyd edək ki, bu şirələrin tərkibində olduğu deyilən vərəm çöpləri ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Və yayılmış məlumatda adı çəkilən digər (“Snikers” şokaladı, cipslər və s.) qidalar haqqında deyilənlər də həqiqəti əks etdirmir. Xatırladaq ki, sentyabr ayının 24-də AQTA bir sıra məhsulların insan orqanizminə təhlükəli olması ilə məlumat yaymışdı. Məlumatda “Ozmo” əmtəə nişanlı “Ogopogo” keks, “ETİ” əmtəə nişanlı “Pop kek” (limon) və “Tutku” məhsullarından, həmçinin “Nutti” və “Monte Lemo” əmtəə nişanlı şokolad yağlarından və “Bonduelle” əmtəə nişanlı yaşıl noxud qida məhsullarının satışı qadağan olunmuş və dərhal aidiyyəti şirkət tərəfindən həmin partiyaya aid olan məhsullar satış şəbəkələrindən geri çağırıldığı bildirilmişdi, ancaq hələ də adıçəkilən məhsulların mağazalarda satışına davam etdirilir.  /Cebhe.info/

Paylaş: