Sərkisyan və Köçəryanın “B planı”: Hərbi çevriliş…

Qarabağ klanı Paşinyanı devirmək üçün çevriliş planı hazırlaya bilər.

Turkustan.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın daxili siyasətdəki strategiyası doğrudur:

“O, İrəvanda mer seçkisində tərəfdarının mütləq qalibiyyətini təmin etdikdən sonra anladı ki, erkən parlament seçkisində də uğur qazana bilər. Paşinyan onu da anlayır ki, erkən seçkini may ayına saxlamaq olmaz. Çünki Paşinyanın ölkə daxilində reytinqi hazırda yüksəkdir, maya qədər hadisələr onun əleyhinə yönələ bilər. Ona görə də seçkini dekabrda keçirib parlamentdəki mövqelərini gücləndirib, indikindən güclü baş nazir olmaq istəyir”.

Politoloq vurğulayıb ki, buna baxmayaraq, müxalif qüvvələr də zəif deyil:

“Parlamentdəki Respublikaçılar Partiyası da anlayır ki, erkən seçki onların sonunu gətirəcək, xalqdan dəstək ala bilməyəcəklər. Ona görə də isti yerlərini itirməmək üçün müqavimət göstərirlər. Belə olan halda Paşinyan inqilab vaxtı olduğu kimi, tərəfdarlarını küçəyə çağırdı ki, bu yolla qarşısındakılara təzyiqi artırsın. Paşinyanın küçədən başqa resursu yoxdur. Böyük ehtimalla küçə yenə parlament üzərində qələbə çalacaq və erkən seçki təyin ediləcək”.

Politoloqun sözlərinə görə, Paşinyanın durumu ağırdır:

“Bir tərəfdən müxalifətin təxribatlarıyla mübarizə aparır, digər tərəfdən qarşısında ondan narazı böyük Rusiya var, üstəgəl, Dağlıq Qarabağdakı erməni separatçılarına nəzarət etməlidir. Bununla yanaşı, onun adminstrativ resursları da kifayət qədər deyil. Ona görə də Ermənistanda hərbi çevrilişi istisna etmirəm. Robert Köçəryan və Serj Sərkisyan çevrilişi bir dəfə 1997-ci ildə sınaqdan keçiriblər, Levon Ter-Petrosyanı prezident kürsüsündən deviriblər. Onlar bu ssenarini yenə təkrarlamaq həvəsinə düşə bilərlər. Onların bu işə Paşinyandan narazı generalları da cəlb etmə ehtimalları var. Ancaq Levon Ter-Petrosyandan fərqli olaraq, Nikol Paşinyan asanlıqla təslim olmayacaq, xalqı küçələrə səsləyəcək. Bu isə Ermənistanda vətəndaş qarşıdurmasını gücləndirəcək, hətta vətəndaş müharibəsi ehtimalını artıracaq”.

Politoloq qeyd edib ki, Azərbaycan Ermənistanda baş verəcək istənilən ssenariyə hazır olmalıdır.  /Axar.az/

Paylaş:

Share