Talışda gərgin gecə: Xüsusi təyinatlı qazimiz Aprel döyüşləri barədə detalları açdı – MÜSAHİBƏ (FOTOLAR)

“Şəhadətə ucalmaq eşqi ürəyimizi dağ edirdi. Amma bütün bunların qarşısında “Görünmədən görmək, ölmədən geri dönmək” şüarımız var. Məhz biz komandoları belə öyrətmişdilər”.
“Snayperlərimiz düşmənin qarşıda olan hərbçilərini bir-bir məhv etdi. İki snayper qısa müddət ərzində 8 düşmən əsgərini məhv etdi. Bundan sonra biz qarışıqlıqdan istifadə edib düşmən üzərinə yeridik. Ermənilər də əsas qüvvələrini Talış yüksəkliyinə yönləndirirdi. Çünki canlı qüvvə ilə bizə yaxınlaşa bilmirdilər. Onlar tank, top, haubitsalardan atəşə başladılar. Necə “dəqiq” atırdılarsa, özlərinin nəzarətində olan postu da vurdular. Biz də dərhal yerdə qalan hərbçiləri məhv edib sonuncu postu da ələ keçirdik”.

Ordu.az-ın budəfəki müsahibi ehtiyyatda olan keçmiş XTQ mənsubu Elnur Mətləb oğlu Zəkəriyəyevdir. 25 yaşlı keçmiş hərbçi, Yevlax rayonunun Balçılı kənd sakinidir. 2013-cü ildən “N” saylı hərbi hissədə kəşfiyyat bölüyündə manqa komandiri kimi xidmət edib. Bir il sonra isə Xüsusi Təyinatlı Qüvvələrə cəlb edilib. Aprel döyüşlərindən sonra ehiyyata buraxılıb.

– Salam ilk növbədə müsahibəyə görə təşəkkür edirəm. Zəhmət olmasa oxucularımıza XTQ-dakı xidmətiniz və kurs barədə məlumat verərdiniz.


– 2013-cü ildə “N” saylı hərbi hissədə kəşfiyyat bölüyündə manqa komandiri kimi xidmət etdikdən bir il sonra XTQ kurslarına cəlb edildim. Beləliklə uşaqlığımın ən böyük arzusu çin oldu. Müddətdən artıq həqiqi hərbi xidmətə başladım və ən əsası Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu oldum. Hər zaman düşünürdüm ki, bu cür hərbçilərin hamısı xarici vətəndaşlardır. Sonra gördüm ki, mən də bunu bacarıram. Kurs müddətində idmanla məşğul olmağa başladım və dəfələrlə birinci yeri tutdum. Burada xidmət etmək üçün gərək 6 ay ərzində dözümlü və cəsarətli olasan, verilən tapşırıqları vaxtında və qüsursuz yerinə yetirəsən. 

Hesab edirəm ki, XTQ ölkəmizin ən güclü qoşun növüdür. Çünki biz lazım olan vaxtı bütün qoşun növlərininin funksiyasını yerinə yetiririk. Birdən olur ki, XTQ kursuna 500-700 arası gənc qatılır. Çətin mərhələlərdən sonra, hər seçimdə 30-40 nəfər şəxs kursda qalır. “Göy beret”i qazanmaq isə 180 günlük əziyyətinin bəhrəsini görmək deməkdir. Bu kurslarda kursantlar xüsusi əməliyyat keçirmək üçün ekstrimal şəraitlərdə təlimlər keçirlər. Cəhənnəm həftəsi olur. Yəni, günlərlə ac və susuz qalmalısan. Qısaca deyim ki, konkret olaraq real döyüş şəraitində oluruq. Burada heç kimə güzəşt yoxdur. Bir nəfərin səhvi ümumi dəstənin məhvi deməkdir. Yəni, XTQ üzvünün səhv etməyə haqqı yoxdur. Bundan əlavə də xidmətim dövründə dəfələrlə fəxri fərmanla, ordumuzun 95 və 100 illik yubiley medalı ilə təltif olunmuşam. 

– Yetərincə özünüz və xidmətniz barədə danışdınız… Keçək şanlı aprel döyüşlərinə. Döyüşlər zamanı Siz hansı istiqamətdə hərəkətə keçmişdiniz?

– Bəli düz vurğuladınız. Şanlı aprel döyüşləri… Həmin gün ordumuzun tarixinə qızıl hərflərlə yazılan gündür. Fəxr edirəm ki, mən də bu döyüşün iştirakçısı olmuşam və bu barədə qürurla danışa bilirəm. Aprel döyüşlərinə qədər özlərini Qafqazın ən güclü ordusu adlandıran Ermənistan ordusunu bir neçə saata parçaladıq. Onların bu barədə fikirləri iflasa uğradı. 


2016-cı il aprel ayının ikisində gecə saat bir idi. Bölüyə həyəcan verildi. 45 saniyəyə məlumat aldıq ki, düşmən təxribata əl atıb və geniş miqyaslı hücum həyata keçirirlər. Elə həmin an biz Tərtərə doğru Talış kəndi istiqamətində ön xəttə yola düşdük. Biz atəş dəstək taqımının köməyi ilə dərinliyə girdik. Tapşırıq var idi ki, düşməni geri oturdaq və işğalda olan torpaqlarımızı azad edək. Çox şükür ki, buna nail olduq. Dərinlikdən 3 saata sağ-salamat qayıtdıq. Ayın 4-də səhər saat 05:00-da üzbəüz döyüşə girdik. Düşmən dağınıq idi və rabitə əlaqəsi qura bilmirdilər. Biz onları hər cəhətdən döyüş meydanında üstələmişdik. Komandirimizin verdiyi dəqiq koordinatlar vasitəsi ilə artilleriya dəstək atışı ilə düşmənə sarsıdıcı zərbə vuruldu. 

Snayperlərimiz düşmənin qarşıda olan hərbçilərini bir-bir məhv etdi. İki snayper qısa müddət ərzində 8 düşmən əsgərini məhv etdi. Bundan sonra biz qarışıqlıqdan istifadə edib düşmən üzərinə yeridik. Ermənilər də əsas qüvvələrini Talış yüksəkliyinə yönləndirirdi. Çünki canlı qüvvə ilə bizə yaxınlaşa bilmirdilər. Onlar tank, top, haubitsalardan atəşə başladılar. Necə “dəqiq” atırdılarsa, özlərinin nəzarətində olan postu da vurdular. Biz də dərhal yerdə qalan hərbçiləri məhv edib sonuncu postu da ələ keçirdik. 

– Döyüş zamanı unuda bilməyəcəyiniz hansı anları yaşadınız?

– Məhz bu an gözümün qabağından heç getmir. Gəldiyimizi görən, ölüm ayağında olan düşmən zabiti bizim dildə dedi ki, “Asgar kömak ela” . Görünür heç hərbçi də deyildi. Çünki əynində mülki şalvar var idi. Biz də onu uşaqlarla tərkisilah etdik ki, sağ qalsa bizə lazım olacaq. Onu orada buraxıb bir az da irəli getdik. Qayıdanda gördük ki, artıq keçinib. Bizim möhkəmlənməyimiz üçün gələn dəstək isə az qala pusquya düşürdü. Çünki oranı artilleriya vururdu. Biz də kəşfiyyat məlumatı əsasında minaatanla düşmənin iki top taqımının canlı qüvvəsini və bir UAZ-ını məhv etdik. Qısası erməni əsgərinin təpəsinə od ələdik. 


Aprel döyüşlərinə qədər bizi o qədər də tanıyan yox idi. O qədər də üzdə deyildik. Amma bu döyüşlər bizim gücümüzü təkcə düşmənə deyil bütün dünyaya göstərdi. Bu və bunu kimi nəticələrimiz, arsenalımızda olan müasir silahlar da bu gün ordumuzun ən güclü ordular arasında yer almağına səbəb olub. 

– Necə oldu ki, yaralandınız və bundan sonra nələr baş verdi?

– Düşmən hərbçisi PK-dan üzü biz tərəfə atəş açırdı. Güllələrdən biri mənim sağ qoluma dəydi. Buna baxmayaraq, yaralı-yaralı qolumu sarıdım, döyüşə davam etdim. Çünki bizim üçün yalnız öldüyümüz an döyüş bitə bilərdi. Mən döyüşü buraxmırdım. Komandir çığırdı ki, Elnur sən bizə sağ-salamat lazımsan, get gülləni çıxart. Mən yenə də yaxşı deyib atəşə açmağa davam etdim. Bu vaxtı döyüş yoldaşlarımdan biri rəhmətlik şəhidimiz, qardaşım Orxan Hümbətov aşağı əyil dedi. Aşağı əyilən kimi məni ərazidən təxliyyə etdilər. Tibb məntəqəsinə gətirdikdən sonra isə özü döyüş meydanına geri qayıtdı. Sonradan ona da artilleriya qəlpəsi dəydi. Deylənlərə görə, qardaşım son nəfəsinə kimi düşmənə atəş açıb. Onun silahında bircə güllə qalmışdı. Məndən sonra yaralananlar da oldu. Onları da komandir güclə döyüş meydanından çıxardıb. 


Həmin an biz hər addımımızı ölümü gözə alıb atırdıq. Şəhadətə ucalmaq eşqi ürəyimizi dağ edirdi. Amma bütün bunların qarşısında “Görünmədən görmək, ölmədən geri dönmək” şüarımız var. Məhz biz komandoları belə öyrətmişdilər. Məni həkimə gətirdilər. Həkim məndən yaran dərindirmi deyə soruşdu. Dedim həkim xahiş edirəm keyidici iynə vur ki, mən geri qayıda bilim. Qardaşlarım döyüş meydanında təkdir. Qərar verildi ki, güllə qolumdan çıxarılmalıdır və özüm də bu qolla XTQ-nin “tək atışla məhv et” qaydasını icra edə bilməyəcəm. Beləcə XTQ-dən ehtiyyatda buraxıldım.

– Yenidən silaha sarılmaq istərdinizmi?

– Bu sualın cavabını bilə-bilə niyə verirsiniz ki? İnanın, əgər zəng gəlsə və ya necəsə xəbər göndərsələr ki, gəl silahını al tapşırıq yerinə yetir və qayıtma, inanın heç düşünmədən gedərəm. Çünki düşmənə qarşı bir taboru tək məhv edəcək qədər kinliyəm. Bizə həmişə deyirdilər ki, düşmənə olan kininizi döyüş zamanı beyninizdən silin. Çünki coşub qaydaları poza bilərdik. Amma mən özlüyümdə qaydaları qorumaq şərti ilə hər zaman əlim tətikdə olub ki, əmr verilə düşməni məhv edək. Hərdən uşaqlarla danışıram… Çox darıxıram. Hərbçi olmaq sadəcə peşə deyil. Bu həm də insan həyatının formuluna çevrilir. Mülki həyatda olmağıma baxmayaraq, yenə də ətrafımda cərəyan edən hadisələrə, eşitdiyim məlumatlara hərbçi kimi yanaşıram. Özümü bir daha hərbiyə qayıtmayacağımla bağlı inandırmıram. İnşallah o günü gözləyirəm. Necə ki, aprelin 2-də bizə “qalx” komandası verən komandirim demişdi… “Aslanlar, bu əks həmlə zəfərə gedən yolun başlanğıcıdır… İrəli…”



Cümşüd Məmmədov

Paylaş:

Share