Ca. Noy 14th, 2019

Xaş sezonu açıldı: xaşxanalarda sanitariyaya əməl olunurmu? – Ölü heyvan başı iddiası

Ötən gün Azərbaycanda xaş sezonunun “açılışı” oldu. Həbib Nurməhəmmədovla Konor Makqreqor döyüşünü bəhanə edən xaşsevərlər havanın soyuq olmasından istifadə edərək döyüşü elə xaşxanalarda izlədilər. 
Deməli əsasən kişilərin sevdiyi bu təam qarşıdakı 3-4 ayda səhərlərin aktual yeməyi olacaq. 
Lakin maraqlı bir məqam var. Xaşın verildiyi məkanların əksəriyyətinin yanından keçəndə insanda içəridə antisanitariya vəziyyətinin hökm sürdüyü təsəvvürü yaranır. Bu obyektlərdə isə nə vaxtsa yoxlama aparılması ilə bağlı rəsmi və ya qeyri-rəsmi informasiyaya rast gəlinməyib. 
Turkustan.info bildirir ki, BakuPost-un əməkdaşı məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxlayıb. Ekspert xaşxanalarla bağlı hər hansı şikayət daxil olmadığını bildirsə də, əhalini bu yerlərə getməkdən çəkinməyə səsləyib: “Respublika üzrə götürsək xaşxanaların antisanitar vəziyyətdə işlədiyini demək olar. Xaşların naməlum, mənşəyi bilinməyən heyvan baş-ayağından hazırlanması barədə fikirlər gəzir. Düzdür, konkret şikayət gəlməyib. Amma o xaşı hansı heyvanın başından hazırladıqları da dəqiq bilinmir. Ölü heyvandır, yoxsa xəstədir, heç kim bilmir. 
Çünki xaşxanalara nəzarət demək olar ki, yoxdur. Xaş arzuolunmaz qida kimi başa düşülməlidir. Əhali xaşxanalarda xaş yeməkdən çəkinsə, yaxşı olar”. 

Paylaş: