Jurnalistlər mükafatlandırıldı – Qaliblərin SİYAHISI
Oktyabrın 17-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və “Azərişıq” ASC-nin birgə təşkil etdikləri “İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
Turkustan.info xəbər verir ki, mükafatlandırma mərasimi “Azərişıq” ASC-nin Tədris Mərkəzində keçirilib. Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər. Tədbir iştirakçılarına əvvəlcə Tədris Mərkəzinin fəaliyyəti, habelə burada nümayiş olunan texnoloji avadanlıqlarla tanışlıq imkanı yaradılıb.
“Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov qonaqları salamlayaraq 2015-ci il fevralın 10-da “Bakıelektrikşəbəkə”nin bazasında “Azərişıq” ASC-nin yaradılmasından sonra istehlakçıların keyfiyyətli enerji təminatı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini, infrastrukturun müasirləşdirildiyini, qabaqcıl texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb.
Sədr müavini ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş strateji vəzifələrə müvafiq olaraq “Azərişıq” ASC-nin istehlakçıların etibarlı və dayanıqlı elektrik enerji ilə təchizatı istiqamətində sistemli iş apardığını xüsusi vurğulayıb.
Ramil Yusifov bildirib ki, islahatlar nəticəsində “Azərişıq” ASC-nin elektron xəritəsi “ASAN xidmət”in işinə inteqrasiya edilib, elektron xəritə vasitəsilə abonentlərin elektrik şəbəkəsinə qoşulması prosesi daha da asanlaşıb.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli isə bununla ikinci dəfədir ki, “Azərişıq” ASC ilə birgə fərdi jurnalist yazıları müsabiqəsinin keçirildiyini diqqətə çatdırıb.
O, sentyabrın 11-dən oktyabrın 12-dək davam edən müsabiqəyə 25 KİV-dən 42 yazının təqdim edildiyini, yazıların 3 ekspert tərəfindən qiymətləndirildiyini bildirib.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib. Modern.az-ın əməkdaşı Gülşən Raufqızı müsabiqə yazısında 2-ci yerə layiq görülüb.