Ç. Sen 18th, 2019

Paşinyan getdi ki, yenidən qayıtsın – Erməni baş nazirin TAKTİKASI

Ermənistanın baş naziri Nikol Paşinyan dünən istefa verib. Ermənistan KİV-də isə onun istefa verməsinə səbəb kimi ölkə parlamentinin tezliklə buraxılması və növbədənkənar seçkilərin keçirilməsi göstərilir.  

Bəs Paşinyanın istefa taktikasına nələr daxildir?

Seçkilərdə nəyi qazanmaq istəyir?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Paşinyanın istefasına münasibət bildirib.

Turkustan.info-nun Modern. az-a istinadən məlumatına görə, politoloq Ermənistanın baş naziri Nikol Paşinyanın  istefasının taktiki xarakter daşıdığını bildirib.

“Paşinyan erkən parlament seçkisini dekabrın əvvəlində keçirmək istəyir. Ancaq bunun üçün Konstitusiyaya görə birincisi baş nazir izsefa verməlidir, ikincisi parlament 14 gün ərzində yeni baş nazir seçməməlidir. Bu zaman seçki qanununa görə parlament avtomatik yeni parlament seçkisi təyin etməlidir.

Nikol Paşinyanın  14 günlə bağlı qəti təminatı olmasaydı istefa verməzdi. Parlamentdəki partiyalar Paşinyanın yerinə başqasını baş nazir seçməyə risk etməyəcəklər. Çünki əks halda Paşinyan tərəfdarlarını küçəyə tökəcək. Ermənistan parlamenti və əksər partiyalar Paşinyanın gəlişindən sonra küçədən qorxur”.

Siyasi ekspert bildirib ki,  Paşinyanın parlament seçkilərini erkən keçirməkdə məqsədi var:

“Paşinyanın 5 aylıq hakimiyyətinə ara verilsə də,  küçədən qazandığı reytinqi hələ itirməyib. Elə ona görə parlament seçkilərini tez keçirməyə çalışır. Korrupsiya ilə mübarizə ona xal qazandırdı. İqtisadi islahat və xarici siyasətdə isə öyünüləsi uğuru yoxdur. Tam əksinə, Rusiya ilə münasibətlərdə inamsızlıq yaranıb, Qərbdən gözlədiyi siyasi və maliyyə dəstəyini isə əldə edə bilmədi”.

Elxan Şahinoğlu Paşinyanın  Qarabağ münaqişəsinə təsirindən də söz açıb:

“Ermənistanda ay yarım maraqlı proseslər cərəyan edəcək. Yenilər köhnələri, o cümlədən “Qarabağ klanını” həm hakimiyyətdən, həm də müxalifətdən uzaqlaşdırmağa çalışacaq. Paşinyan birincini həll edib, indi ikincini reallaşdırmalıdır. Bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsiri olacağı sualına isə gələn ilin əvvəlindən aydınlıq gəlməyə başlayacaq”.

Paylaş: