C. Dek 6th, 2019

Aİİ-nin növbəti seminarı “Birinci Dünya müharibəsində Qafqaz müsəlmanlarının müqəddəratı məsələsi”nə həsr olunub

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 26 oktyabr 2018-ci il tarixdə “Birinci Dünya müharibəsində Qafqaz müsəlmanlarının müqəddəratı məsələsi”nə həsr olunmuş seminar keçirib. 
Tədbirdə İnstitutun rəhbər-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Aİİ-nin rəhbəri Ceyhun Məmmədov Ümummilli Lider Heydər Əliyevin dövlət-din siyasətinə göstərdiyi əvəzsiz xidmətlərdən danışıb. Ali təhsil müəssisəsinin rektoru qeyd edib ki, Ulu Öndər H.Əliyevin əsasını qoyduğu din siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, İnstitutun qarşısına qoyduğu əsas məqsədlərdən biri, zəngin dünyagörüşə, dərin dini və dünyəvi biliklərə, yüksək intellektə malik kadrların hazırlanmasıdır. Daha sonra qeyd olunub ki, İnstitut tədrislə yanaşı, ölkədə həyata keçirilən dini maarifləndirmə işlərində də fəal iştirak edir. Bu məqsədlə, Aİİ-də ardıcıl olaraq müxtəlif “dəyirmi masa”lar, treninqlər, görüşlər təşkil edilir. 
Sonra tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov “Birinci Dünya müharibəsində Qafqaz müsəlmanlarının müqəddəratı məsələsi”nə həsr olunmuş məruzə ilə çıxış edib. Məruzədə XX əsrdə baş vermiş iki Dünya müharibəsi arasındakı hadisələr təhlil və müqayisə olunub. Qeyd olunub ki, Birinci Dünya müharibəsinin nəticələri daha böyük əhəmiyyətə malik olub və bəşər tarixinin gedişinə güclü təsir göstərib. Bildirilib ki, Çar Rusiyasının yüzillik əsarətindən sonra ilk dəfə bu dövrdə Qafqaz müsəlmanlarının müstəmləkə altında olması, onların hüquqsuz vəziyyəti və müqəddəratı məsələsi Avropa ictimai-siyasi dairələrində, sülh konfranslarında müzakirə mövzusuna çevrilib. Qafqaz və türk-tatar nümayəndə heyətlərinin Avropa səfərlərində Qafqaz və bütövlükdə Rusiya müsəlmanlarının istiqlaliyyəti üçün göstərilən təşəbbüslərin nəticəsiz qalmadığını vurğulayan natiq müharibənin əvvəllərindən etibarən, Azərbaycan ziyalılarında müstəqil dövlət yaratmaq ideyasının mövcud olduğunu faktlarla göstərib. 
Bolşeviklərin “xalqların öz müqəddəratlarını sərbəst müəyyən etmək” hüququnu elan etməsindən az sonra, Brest-Litovsk sülh konfransında Osmanlı dövlətinin Qafqaz müsəlmanlarının taleyi məsələsini müzakirə mövzusuna çevirdiyi barədə də ətraflı məlumat verilib. Tarixçi sözügedən dövrdə Osmanlı hökumətinin Azərbaycana münasibətdə yeritdiyi siyasətin ayrı-ayrı məqamlarını şərh edib. O bildirib ki, 1918-ci ilin yazında Osmanlı dövləti Cənubi Qafqaz Seymini müstəqilliyini elan etməyə istiqamətləndirib, eyni zamanda, Şimali Qafqazı da bu quruma daxil edib. Vurğulanıb ki, Osmanlı hökuməti Qafqaz Seymində müsəlmanların gürcü və ermənilər üzərində üstünlüyünü təmin etməyə, Cənubi Qafqaz Seymini öz himayəsinə götürməyə çalışıb. İstanbul hökumətinin planlarına görə, Osmanlı sultanı bütün Türkiyənin və Qafqazın sultanı elan edilməli və Qafqaz konfederasiyasına daxil millətlərə özünüidarə hüququ verilməli idi. Qafqazda gedən hərbi-siyasi proseslər və beynəlxalq vəziyyət isə bu planların reallaşmasına imkan verməyib. Belə olduqda, Osmanlı dövləti Cənubi Qafqaz Seyminin süqutunu məqsədəuyğun hesab edib və Gürcüstan xaricində bütün Qafqazı təşkilatlandıraraq, öz himayəsinə götürmək və ya birbaşa özünə ilhaq etmək uğrunda mübarizəyə başlayıb. V.Qafarov vurğulayıb ki, 1918-ci ilin iyununda Gəncədə yaranmış siyasi böhranın mahiyyətində də məhz bu amil dayanırdı. 
Osmanlı dövləti ilə Azərbaycan Cümhuriyyəti arasında münasibətləri geniş şərh edən məruzəçi Cənubi Qafqazda erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsinə də aydınlıq gətirib. Tarixçi bu məsələ ilə bağlı ermənilərin qəbul etdiyi şərt və öhdəlikləri yerinə yetirmədiklərini xüsusi vurğulayıb.

Görüntünün olası içeriği: 2 kişi

Görüntünün olası içeriği: 4 kişi, takım elbise

Görüntünün olası içeriği: 3 kişi

Görüntünün olası içeriği: 4 kişi, oturan insanlar

 

Paylaş: