Be. Avq 19th, 2019

Fazil Məmmədov haradadır və səhhəti necədir? – Xaləddin İsgəndərov açıqladı

“Hazırda Fazil müəllimin səhhəti normaldır”.

Turkustan.info bildirir ki, bunu A24.az-a açıqlamasında Binəqədi rayonunun sabiq icra başçısı Xaləddin İsgəndərov qaynı, sabiq Vergilər naziri Fazil Məmmədovun səhhəti ilə bağlı danışarkən deyib.

“F.Məmmədov hələ ki, müalicə olunur. Türkiyədə – “American Hastanesi”ndədir. Hər şey də qaydasındadır. Heç bir şikayəti yoxdur. Bu günə şükür” – deyə, o bildirib.

Qeyd edək ki, mətbuatda yer alan məlumatlarda Fazil Məmmədovun vəziyyətinin yenidən pisləşdiyi deyilirdi.

Xatırladaq ki, ilin əvvəlində Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. Bu ilin iyun ayında F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub. Avqust ayında səhhəti stabilləşdiyindən sabiq nazirin “Çırağan Palace”da istirahət etdiyi qeyd edilirdi.

Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.

Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzinin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.

Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.

Paylaş: