Ç. Avq 21st, 2019

Qarabağ məsələsində güzəşt olmayacaq – ŞƏRH

Azərbaycan dünyanın siyasi, diplomatik, hərbi, iqtisadi, humanitar dialoq məkanı kimi öz şərəfli missiyasını uğurla davam etdirməkdədir. Ölkəmiz dünyanın milli və dini tolarentlıq mərkəzi funksiyasını layiqli şəkildə yerinə yetirməkdədir.

Bunu biz demirik, bunu hər kəs deyir, etiraf edir, ölkəmizi sevənlər də, sevməyənlər də. Bu baxımdan, Azərbaycan növbəti dəfə Bakı Beynəlxalq Humanitar Forumuna yüksək səviyyədə ev sahibliyi etməkdədir. Heydər Əliyev Mərkəzində keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu buna əyani sübutdur.

Bu, bir daha Azərbaycanın regiondakı və dünyadakı yerini, rolunu, önəmini açıq şəkildə göstərir.

Turkustan.info bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) komitə sədri Eldar İbrahimov deyib.

O qeyd edib ki, forumun əhəmiyyəti, önəmi və onun səviyyəsi orada iştirak edən insanlardan bir daha bəlli olur.

Onun sözlərinə görə, hər dəfə olduğu kimi, bu dəfə də forumda dünyanın ən aparıcı ölkələrinin dövlət və hökumət rəsmiləri, tanınmış siyasətçilər, mədəniyyət xadimləri, ziyalılar, ekspertlər iştirak edir:

“Builki forumda 90-dan artıq ölkədən 400-dən çox xarici qonaq iştirak edir. Bu, böyük göstəricidir. Xüsusilə Azərbaycan prezidenti İlham Əliyevin forumun işinə qatılması, orada iştirak və çıxış etməsi bu ali tədbirə xüsusi rəng qatır.

Ölkə prezidenti foruma qatılaraq, orada çox əhatəli və məzmunlu, həm regionumuzu, həm də bütövlükdə dünyamızı maraqlandıran, narahat edən məsələlərlə bağlı çox önəmli mesajlar səsləndirdi, çağırışlar etdi.

Humanitar məsələlərin müzakirəsinin çox önəmli olduğunu diqqətə çatdıran dövlət başçımız “Çünki biz müasir dünyada bu sahədə həm nailiyyətləri, həm də problemləri görürük”-deyərək, qeyd etdi ki, Azərbaycan humanitar əməkdaşlığa çox böyük əhəmiyyət verir, bu yöndə məsələlər dost ölkələrlə həm ikitərəfli formatda, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində daim gündəlikdədir.

Doğrudan da, qlobal təlatümlərin, kataklizmlərin yaşandığı bir dövrdə digər sahələrdə olduğu kimi, humanitar sahədə də əməkdaşlığa ciddi ehtiyac duyulur və sevindirici hal odur ki, Azərbaycan bu prosesə öz töhfələrini verməkdədir.

Bu baxımdan, ölkə prezidenti haqlı olaraq bildirdi ki, dünyada yaşanan humanitar fəlakətlərə baxmayaraq, müstəqillik dövründə Azərbaycan çox uğurlu inkişafa nail ola bilib. Yəni,  ölkəmizdə sabitlik, təhlükəsizlik hökm sürür və sabitliyin mənbəyi isə Azərbaycan xalqı, onun iradəsidir. Həmçinin, bu gün ölkəmizdə yaşanan vətəndaş həmrəyliyi ölkəmizin uğurlu inkişafı üçün əsas şərtdir”.

Komitə sədri qeyd edib ki, ən vacib məqamlardan biri ölkə prezidentinin çıxışında növbəti dəfə Qarabağ məsələsinin, işğal və təcavüz faktının dilə gətirilməsidir.

Bildirib ki, ölkə prezidenti bir daha qətiyyətini və siyasi iradəsini ortaya qoyaraq, Azərbaycanın işğal faktı ilə barışmayacağını, öz ərzailərini işğaldan qurtaracağının bəyan etdi:

“Prezident bir daha özünün və Azərbaycan dövlətinin mövqeyini ifadə edərək dedi ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, Azərbaycan heç vaxt işğalla barışmayacaq və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Həmçinin, bildirdi ki, bunu təkcə biz deyil, tarixi ədalət və beynəlxalq hüquq tələb edir.

Hesab edirəm ki, bu fikirlərin bir daha bəyan edilməsi olduqca vacib  və önəmlidir. Çünki bütün dünya bilməlidir ki, Azərbaycan Qarabağ məsələsində öz haqlı mövqeyindən bir addım olsun belə geri çəkilməyəcək və sülh danışıqları bir nəticə verməsə, digər yollarla öz ərazi bütövlüyünü və suverenliyini təmin edəcək.

Elə bilirəm ki, bundan hər kəs dərsini almalı, nəticə çıxarmalıdır. Xüsusən, Ermənistan, onun başabəla siyasətçiləri və rəhbərləri. Paşinyan və onun kimilər nə qədər oyun çevirsələr də, nəticəsi olmayacaq. Azərbaycan Qarabağ məsələsində güzəştə getməyəcək”.

MM-in komitə sədrinin müavini, professor Jalə Əliyeva hesab edir ki, bu cür yüksək səviyyəli tədbirlərin keçirilməsi, dünyanın önəmli insanlarının Bakıya toplaşması Azərbaycanın nüfuzunun, onunla hesablaşılmasının əyani göstəricisidir.

Millət vəkili qeyd edib ki, Azərbaycanın iştirakı və razılığı olmadan bu regionda, bu bölgədə heç bir addım atıla, heç bir layihə reallaşdırıla bilməz, heç bir uğurlu nəticələri əldə etmək mümkün olmaz:

“Məhz Azərbaycanın iştirakı, razılığı və töhfəsi ilə istənilən nəticəni əldə etmək mümkündür. Çünki Azərbaycan dünyanın lider dövlərlərindən olmaqla, bu regionun, bu bölgənin əsas söz sahibidir. Onun sözü ilə hesablaşılmalıdır və hesablaşılır”.

J.Əliyeva Humanitar Forumun davamlı şəkil almasını çox önəmli hadisə kimi qiymətləndirərək, bunun gələcək illərdə də davam etdirilməsini çox vacib sayıb:

“İnanıram ki, bu, belə də olacaq. Azərbaycan dünyanın siyasi və enerji təhlükəsizliyinə töhfələr verməklə, bu məsələdə əsas aktorlardan birinə çevrilməklə, dünyanın enerji xəritəsini cızmaqla bərabər, humanitar problemlərin həllinə öz töhfələrini verməkdə davam edəcək, dünyanın, necə deyərlər, humanitar xəritəsini də cızanlardan və ilklərdən olacaq. Bu, bizim uğrumuz və böyük zəfərimizdir”.

J.Əliyeva dövlət başçısının forumdakı çıxışını çox yüksək qiymətləndirərək, həmkarı kimi, həmin çıxışda Qarabağ məsələsinin yenidən qətiyyətli şəkildə ifadə edilməsindən məmnunluğunu dilə gətirib:

“Dövlət başçımız münaqişənin həlli üçün yeganə yolun məhz ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində həllində, işğalçı qüvvələrin torpaqlarımızdan dərhal, qeyd-şərtsiz çıxarılmasında gördüyünü bəyan etdi.

O, “bunlar necə ki BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərilir, yəni, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpaqlarına qayıtmalıdırlar”, – deyərək, bir daha kimsənin Azərbaycandan Qarabağ, torpaq məsələsində güzəşt gözləməməsini ifadə etmiş oldu. Qarabağ Azərbaycanın olub, Azərbaycanındır və Azərbaycanın olacaq. Kimsə, heç bir güc, heç bir qüvvə Azərbaycanın bu mövqeyinə qarşı çıxa bilməz”.     /oxu.az/

Paylaş: