Şb. Okt 19th, 2019

“Əgər hakimiyyət səsverməni saxtalaşdırsa, nəticəsi ağır olacaq” – Saakaşvilidən XƏBƏRDARLIQ

“Seçkilər qırğınla, saxtakarlıqla müşayiət olunur. Hər tərəfdən üstümüzə basqı var. Bilmirik ki, hansı məntəqəyə girək. Başımızı itirmişik. Bugünkü Gürcüstan hökuməti saxta seçkilərin əlində aciz qalıb. Hər cür işlərə əl atırlar”.

Turkustan.info bildirir ki, bunu Modern.az-a açıqlamasında Vahid Milli Hərəkat Partiyasının üzvü, eks-prezident Mixail Saakaşvilinin dostu, Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov seçkiləri şərh edərkən deyib.

O, bildirib ki, Gürcüstanda bu gün keçirilən prezident seçkiləri saxtalaşdırılsa, Saakaşvilinin cavabı ağır olacaq.


“Saakaşvili kənardan prosesləri izləyir. Proseslərə müdaxilə edə bilmir. Saakavilinin düşüncəsi odur ki, əgər hakimiyyət səsvermənin nəticələrini saxtalaşdırsa, cavabı çox ağır olacaq. Saakaşvili dünən axşam Facebook vasitəsilə müraciət edib. Hər şey axşam nəticələrdən sonra bəlli olacaq. Nəticələr xeyrimizə olmasa, Saakaşvili və onun komandası sakit dayanmayacaq. Prosesləri davam etdirəcəyik”.

Qeyd edək ki, seçki bülletenlərində qeydiyyatdan keçmiş 25 namizədin adı var. 

Aparılan sorğulara görə, əsas mübarizə üç namizəd – keçmiş xarici işlər naziri Salome Zurabişvili, “”Güc birlikdədir” müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze arasında gedir.

Seçkilər dövlət başçısının ümumxalq səsverməsilə sonuncu seçimi olacaq. Prezident 6 il müddətinə seçiləcək.

Bildirək ki, Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili hazırda Hollandiyada məskunlaşıb.

Paylaş: