Şb. Sen 21st, 2019

“İndiki deputatlar əvvəlkilərə baxanda, toya getməlidirlər” – Ağacan Abıyev

“Komissiya üzvlərinin sayının 7-dən 13-ə qaldırılmasına ehtiyac olacaq”.

Turkustan.info bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna təklif edilən dəyişiklikləri dəyərləndirən Milli Məclisin deputatı, parlamentin İntizam Komissiyasının sədri Ağacan Abıyev deyib.

Ağacan Abıyevin sözlərinə görə, deputatlara münasibətdə intizam tədbirlərinin sərtləşdirilməsinə yönəlik mümkün dəyişikliklər İntizam Komissiyası tərkibinin genişləndirilməsini zəruri edir:
“Açığı, təkliflər olsa da, onlardan hansıların qəbul edilib-edilməyəcəyi hələ məlum deyil. Ona görə də, bu barədə konkret danışmaq çətindir. Ancaq hər halda o təkliflərin müəyyən hissəsinin qəbul ediləcəyi gözlənilir.

Bundan sonra deyə bilərik ki, ehtiyac yaranacağı təqdirdə bu və ya başqa deputatla bağlı İntizam Komissiyasına təqdimat göndərilə bilər. Az olacaq, ya çox olacaq, bunu indidən bilməyimiz mümkün deyil.

Mənə belə gəlir ki, intizam tədbirlərinin genişləndirilməsi İntizam Komissiyasının tərkibində də əks olunmalıdır. Yəni Komissiya üzvlərinin sayının 7-dən 13-ə qaldırılmasına ehtiyac olacaq. Amma bütün bunlar hələ ki təklif formasındadır.

Ümumiyyətlə, etiraf edək ki, indiki deputatlar əvvəlkilərlə müqayisədə toya getməlidirlər. Bu da belə deməyə əsas verir ki, intizam qaydalarını pozan deputatların sayı çox olmayacaq”.

 

Paylaş: