Bz. Sen 22nd, 2019

Azərbaycanla bağlı olan kitab Yaponiyada satışda 1-ci oldu

Oktyabr ayının 24-də Yaponiyada yaşayan həmyerlimiz, son 6 ildə Yaponiya hökuməti təqaüdçüsü, konfliktoloq, eyni zamanda Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədovun Azərbaycandan bəhs edən 240 səhifəlik kitabı çap olunaraq satışa verilib. Yaponiyanın bütün əsas kitab mağazalarında kitabları əldə etmək olar. Kitab təxminən 1 il ərzində yazılıb. Kitabın çapına maddi dəstəyi yaponiyalı iş adamı Taniquçi Hirokazu edib. Kitabda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini Hikmət Hacıyev, Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov, Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadənin müsahibələrinə, AZPROMO-nun rəhbəri Yusif Abdullayev, iqtisadiyyat nazirinin müavinin Rüfət Məmmədov, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universitetinin professorları, eləcə də “525-ci qəzet”in redaktoru Rəşad Məcid, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, diaspor jurnalistləri Fuad Hüseynzadə, Elnur Eltürk və s. media adamlarının, yapon dilli tələbələrin dəyərli fikirlərinə yer verilib. Kitab ümumilikdə 8 bölmədən ibarətdir. Birinci bölmədə Azərbaycanın necə bir ölkə olması, tarixi, Azərbaycan adının mənası, ölkənin birinci xanımı Mehriban Əliyeva timsalında Azərbaycan cəmiyyətində qadının rolu, ona olan hörmət, digər müsəlman ölkələri ilə müqayisədə Azərbaycan cəmiyyətində kişilərlə çiyin-çiyinə çalışan, tam bərabər hüquqlara malik olan qadınların həm siyasi həyatda, həm də iş həyatında fəallığı, odlar yurdu Azərbaycanın turizm potensialı haqda geniş məlumat verilmişdir. Turizm sahəsi ilə bağlı birbaşa Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırovun müsahibəsinə geniş yer verilib, yaponiyalı qonaqlar üçün məsləhət verilən turistik məkanlar göstərilib. Kitabın ikinci bölməsində turistik məkanlar haqqında geniş məlumat verilib. Azərbaycana turist axınına diqqət verilmiş, təkcə yaponiyalı turistlərin sayının son 3 ildə 60% artdığı qeyd edilib. Kitabın əsas tapıntısı olan üçüncü bölmə Azərbaycanın niyə yaponsevər olmasına həsr edilib. Bu bölmə əsas etibarilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini Hikmət Hacıyevin qiymətli müsahibəsi əsasında yazılıb. Qeyd olunub ki, Azərbaycanın yaponiyasevər olmasının 1-ci əsas səbəbi ölkələrimiz arasında olan mədəniyyət və dəyərlərin oxşar olmasıdır. 2-ci əsas səbəb Yaponiya ədəbiyyatı və mediasının təsiridir. Xüsusilə 80-ci illərdə çəkilmiş “Şoqun” adlı seriala toxunulub. Eyni zamanda “Sonuncu Samuray” filminə. Sözügedən filmdə samurayın hətta cəsarətli düşmənə qarşı belə həddən ziyadə hörmət bəsləmələri, yaralı düşmənə yardım etmələri və s. Bu özü, əslində Yaponiya nəcibliyini göstərir. 3-cü əsas səbəb Yaponiyanın inkişaf etmiş, yüksək səviyyəli texnikasıdır. “Made in Japan” brendinin dünyaya yayılmasıdır. 4-cü əsas səbəb isə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xidmətləridir. Belə ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyev Yaponiyaya rəsmi səfərə gələndə, Yaponiyanın 2-ci Dünya müharibəsində darmadağın edilməsi, iqtisadiyyatının tamamilə məhv olması, buna baxmayaraq 30 il ərzində iqtisadi möcüzə sayəsində dünyada özündən söz etdirən, ABŞ-dan sonra dünyanın 2-ci ən qüdrətli iqtisadiyyatına sahib olması haqqında məlumatları aldıqdan sonra Azərbaycanın da məhz bu yolu getməli olduğunu düşünməsi olub. Azərbaycan da Dağlıq Qarabağ münaqişəsi zamanı işğala məruz qalmış, torpaqlarının 20%-i ələ keçirilmiş, 1 milyondan çox qaçqın və məcburi köçkün ortaya çıxmışdır. Lakin bütün bunlarla belə, Azərbaycan zəngin təbii sərvətləri və Azərbaycan hökumətinin ağıllı siyasəti nəticəsində 2000-ci illərdə bütün dünyada özündən söz etdirməyi bacarmış bir dövlətə çevrilib. Kitabın 4-cü hissəsi Azərbaycanın iqtisadi vəziyyətinə həsr edilib. Bu hissədə istifadə edilmiş əsas məlumatlar 2016-cı il dekabrın 6-da Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndən götürülüb. Bildirilib ki, Azərbaycan iqtisadiyyatı əsas etibarilə 4 zamana ayrılır. 1. Tənəzzül dövrü (1991-1994), 2. Dərin iqtisadi islahatlar, keçid və bərpa dövrü (1995-2003), 3. İqtisadi inkişaf və tərəqqi dövrü (2004-2014), 4. Aşağı neft qiymətləri dövrü (2014-cü ilin sonlarından). İqtisadiyyat bölməsində xüsusi diqqət sıçrayışlı inkişaf dövrü adlandırılan 2004-2010-cu illərə verilmişdir. Dövr üzrə iqtisadiyyatın orta artım sürəti 16,9 faiz olmuşdur. 2010-2014-cü illər ərzində neft sektorunda 2,9 faizlik geriləmə olduğu halda, qeyri-neft sektorunda artım qeydə alınmışdır. Bu isə əlbəttə ölkədə aparılan uğurlu iqtisadi siyasətin nəticəsi kimi qiymətləndirilib. Azərbaycan iqtisadiyyatına əsas dəstək olacaq sahə kimi kənd təsərrüfatı və turizm sahəsi göstərilib. Kitabın 5-ci bölməsində Azərbaycanın yaponiyalı iş adamları üçün tamamilə uğurlu bir bazar olacağı konkret faktlarla, rəqəmlərlə göstərilib. Bakı Ağ Şəhər layihəsi, Xəyal adası layihələri ilə bağlı məlumatlar verilib, yaponiyalı iş adamlarının Azərbaycan iqtisadiyyatına investisiya yatırımları etməsi üçün çağırışlar edilib. Xüsusilə daşınmaz əmlak, kənd təsərrüfatı və turizm sahəsinin daha cəlbedici olması və onun səbəbləri haqqında geniş məlumatlar verilib. Kitabın 6-cı bölməsi Azərbaycanın kənd təsərrüfatına və “Made in Azerbaijan” brend məhsullarının izahına və təbliğatına yer verilib. Azərbaycanda quru meyvəçilik, fındıq, qızılgül yağı, siqaret istehsalı, qara kürü, “Azərçay”, Azərbaycan şərabları və meyvə şirələri, Göyçay narı, artıq 4 ildir ki, Yaponiyaya da idxal edilən təbii bal və s. haqqında yazılar yer alıb. Kitabın 7-ci bölməsi Azərbaycanda nəqliyyat vasitələrinə, 8-ci hissəsində isə Azərbaycan mətbəxinə yer ayrılıb. Kitabın yazılmasında əsas məqsəd Yaponiyada Azərbaycanla bağlı doğru məlumatların, ölkənin cəlbedici sahələrinin, biznes potensialının, niyə yaponsevər olmasının yaponiyalı oxuculara çatdırılması, Azərbaycana maraq göstərən yaponiyalı iş adamlarının bir araya gətirilməsi vasitəsilə, Azərbaycana investisiya turların təşkil edilməsi və nəticə etibarilə Azərbaycan və Yaponiya arasında biznes əlaqələrinin inkişaf etdirilməsi vasitəsilə, hər iki ölkə arasında güclü iqtisadi inkişafa nail olmaqdan ibarətdir. Onu da qeyd edək ki, kitab Amazonun iqtisadi əməkdaşlıq kateqoriyası üzrə satışda 1-ci yerdə qərarlaşıb. Bunun özü yaponiyalılar arasında Azərbaycana olan marağın göstəricisidir.

Fuad Hüseynzadə

Paylaş: