26 Yanvar 2021 02:26

Ermənilərdən Nizami təxribatı: İnstitut hərəkətə keçdi

Böyük şairimiz Nizami Gəncəvi ilə bağlı məsələ haqqında məlumatlıyıq. Azərbaycan dilində olan məqaləsində də eyni halla rastlaşmışdıq, tez bir zamanda aradan qaldırıldı. İstənilən halda çalışırıq ki, bu kimi halların qarşısını alaq. Vikipediyaya nəzarət edən qurum yoxdur. Dövlət tərəfindən hansısa müdaxilə Vikimediya fondu tərəfindən blokla nəticələnir.

Bu sözləri Turkustan.info-ya AMEA MEK-in Sərbəst Elektron Resursları şöbəsinin müdiri, araşdırmaçı jurnalist Elnur Eltürk dünyanın ən böyük onlayn ensiklopediyası olan Vikipediyada Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı düşünülmüş təxribatla bağlı danışarkən bildirib.

E.Eltürk əlavə edib ki, Vikipediya virtual ensiklopediya olduğuna görə hər kəs bura daxil olub, məlumat yerləşdirə və redaktə edə bilər:

“Bizim diqqət yetirdiyimiz məqamlardan biri ölkəmizlə bağlı düzgün informasiyaların yerləşdirilməsidir. Əlbəttə, zaman-zaman xoşagəlməz hallarla qarşılaşırıq və çalışırıq ki, bu kimi halların qarşısını alaq.

Azərbaycandilli Vikipediyada idarəçi Tərxan Paşazadə “Dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri, orta əsr şərqinin ən böyük şairlərindən, farsdilli ədəbiyyatın ən görkəmli nümayəndələrindən biri kimi də o, farsdilli poeziyanın klassiki, farsdilli epik ədəbiyyatın ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkar hesab olunur” əlavəsini elədi. Bu o demək deyil ki, Nizami Gəncəvi farsdır.

Nizami Gəncəvi entik baxımından türk olsa da, onun qələmə aldığı əsərlər farscadır. Nizami Gəncəvinin yaşadığı dövrdə fars dili Yaxın Şərqdə hakim dil idi. Atabəylər, Səlcuqlar dövründə fars dili əsas dil hesab olunurdu. Nizami Gəncəvinin fars mənşəli Şirvanşahlar dövlətinin başçısı Axistanla əlaqələri haqqında məlumatlar kitablarda öz əksini tapıb”.

E.Eltürk bildirib ki, informasiya savaşında söz məsuliyyəti daha çox filoloqlarımızın üzərinə düşür:

“Etibarlı istinadların, ingilis dilində tutarlı məqalələrin bizə verilməsini gözləyirik ki, məqaləyə istinad edərək, onu Vikipediyaya yerləşdirək”.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan isə bildirilib ki, yaranmış problemin aradan qaldırılması üçün mütləq tədbir görüləcək:

“Nizami Gəncəvi ilə bağlı ciddi elmi araşdırmalar aparan hansısa alim heç vaxt Vikipediya məlumatlarına əsaslanmaz, ciddi nəşrlərdən, araşdırmalardan istifadə edər. Bu gün Nizami Gəncəvi ilə bağlı kifayət qədər ciddi araşdırmalar, materiallar var.

Ancaq istənilən halda bunun qarşısının alınması və yaranmış problemin aradan qaldırılması üçün çalışacağıq. Bu məsələdə hər kəs, hər bir vətəndaş məsuliyyət daşıyır. Bu dəyişikliyi elm adamları deyil, internet resurslarını mükəmməl şəkildə bilən şəxslər etməlidir. Çünki elmlə məşğul olan bir alimdən hansısa Vikipedik məlumatda gedən səhvi düzəltməyi tələb etməyimizə lüzum yoxdur. Bunu hər bir insan özü edə bilər”.

Qeyd edək ki, Vikipediyanın rus dilində olan versiyası böyük Azərbaycan şairi Nizami Gəncəvini “fars poeziyasının klassiki (классик персидской поэзии)” kimi təqdim edib. Bununla yanaşı, Vikipediyada Nizamiyə həsr olunmuş məqalənin (rusca) giriş hissəsində və şairin şəklinin yuxarısında onun ad və soyadı fars və kürd dillərində verilib. Bu isə Nizaminin guya kürd əsilli fars şairi olması barədə gülünc iddialara rəvac verməkdir və əlbəttə ki, qəsdən edilib.

Məqalənin redaktə tarixçəsinə baxdıqda düzəliş edənlər arasında “Taron Saharyan”, “Ankax Hayastan” və “Zara-arush” adlı istifadəçiləri görürük. “Taron Saharyan” Vikipediyadakı profilində İrəvandan olduğunu, digər iki istifadəçi isə qondarma “dqr”i dəstəklədiyini yazıb. Redaktələri araşdırdıqda təxribatın 2014-cü ildə edildiyi üzə çıxır.

Paylaş: