19 Yanvar 2021 22:52

“200 manatlıq əskinasın buraxılması manatın dəyərdən düşməsinin etirafı idi” – Ekspert

Mərkəzi Bankın 200 manatlıq pul nişanının təqdimat mərasimindən 6 ay keçir. Bəs, yeni əskinasın dövriyyəyə buraxılması nəyi dəyişdi?

Turkustan.info bildirir ki, bank üzrə ekspert Əkrəm Həsənov bizimyol.info-ya bildirib ki, 200 manatlıq əskinasın buraxılması manatın dəyərdən düşməsinin etirafı idi.

“Başa düşdüyüm qədər, bu əskinaslar dövriyyədə çox deyil. Məsələn, mənim rastıma hələ düşməyib. Bazara da heç bir ciddi təsiri olmayıb. Əskinasın buraxılması bu günə deyil, gələcəyə hesablanmış addım idi. Bir tərəfdən, manatın dəyərdən düşməsinin etirafı idi. Amma manat hələlik o qədər dəyərdən düşməyib ki, ən iri əskinasımız 200 manat olsun. 100 manat təxmini 60 dollardır. Ölkələr var ki, ən iri əskinası heç 50 dollar deyil. Yəni heç bir ciddi problem yox idi onsuz da. Sadəcə Mərkəzi Bank başa düşür ki, uzunmüddətli perspektivdə (azı 3 il) manatın indiki dəyərini də qoruya bilməyəcək”,-deyə ekspert Ə.Həsənov bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə neftin qiyməti böyük ehtimalla düşəcək, neft hasilatımız da azalacaq: “Deməli, valyuta gəlirlərimiz də azalacaq. Manatın dəyərinin itirilməsi qaçılmaz olacaq. Odur ki, necə deyərlər, indidən tədarük görürlər. Sadəcə bu il yaxşı məqam idi. Heydər Əliyevin 95, Cümhuriyyətin isə 100 illiyi. Növbəti yubiley 5 ildən sonra olacaq, manatın isə böyük ehtimalla o qədər vaxtı yoxdur. Buna görə də qabaqdan gəlmişlik etdi Mərkəzi Bank”.

Paylaş: