19 Yanvar 2021 04:15

Əflatun Amaşov media və təhsillə bağlı təklif verdi

“Azərbaycan mediasının iqtisadi durumu problemsiz deyil. Çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi yaxşı olardı”. 

Turkustan.info məlumatına görə, bunu Milli Məclisin plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib. 

O qeyd edib ki, verginin götürülməsi bu sahənin daha da inkişaf etməsinə səbəb olacaq:

“Önəmli məsələlərdən biri mediadır, əsasən də onlayn mediadır. Maliyyə naziri cənab Samir Şərifova təşəkkür edirəm ki, komitə iclaslarında qaldırdığım bu məsələyə reaksiya verdi. Əminəm ki, məsələnin əhəmiyyətlilik dərəcəsinə adekvat yanaşma var. Bunu müsbət qiymətləndirirəm.

Digər bir məsələ hazır çap məhsullarına və qəzet kağızına tətbiq edilən əlavə dəyər vergisi ilə bağlıdır. Baxın, büdcəmiz artır. Əvvəlki illərdəki durğunluq demək olar, tam aradan qalxıb. Bu durumda məsələnin mahiyyətinə daha dərindən diqqət yetirək. Bəli, müqayisəli yanaşsaq, mediamızın iqtisadi durumu problemsiz deyil. Konkret rəqəmlər var, bu barədə çox danışmaq istəmirəm. Biz nəyə görə mediamızı əlavə yükdən qurtarmayaq? Bir halda ki, ƏDV-nin tətbiqindən dövlət büdcəsinə elə də böyük vəsait daxil olmur. Təqribən yarım milyon manat.

Hazır çap məhsullarını da götürək. Bunların əsas qismi ölkəmizə kənardan gəlir. Nəyə görə onların qiyməti baha olmalıdır? Biz cəmiyyətn maariflənməsini, qabaqcıl elmi biliklərə yiyələnməsini istəməliyik. Axı müasir dünyada bu yolun alternativi yoxdur”.

Şura sədri təhsil sahəsinə ayrılan maliyyənin artırılmasını təklif edib:

“Mən çıxışımın əvvəlində büdcədə keçən ilə nisbətən artımın olduğunu bildirdim. Bunun da bir hissəsi təhsilə ayrılır. Bu, daha da çox olmalıdır. İstərdim ki, təhsilə ayrılan maliyyə eyni zamanda Azərbaycan dilli məktəblərdəki tədris vəsaitlərinin, dərsliklərin daha müasir, daha təkmil olması məqsədilə xərclənsin. Son zamanlar müzakirələrə səbəb olan məlum məsələ bunu tələb edir. Azərbaycan dilli məktəblərimiz güclü olmalıdır ki, övladlarını digər məktəblərə yönəldən valideynlərin əllərində bəhanə qalmasın.

Unutmayaq ki, milli şüurumuz, müstəqil Vətənimizə yetkin vətəndaş sevgimiz, problemlərimizin, həm də Dağlıq Qarabağ problemimizin həlli məhz bizim ana dilimizə münasibətimizlə həmahəngdir”.  /Modern.az/

Paylaş: