17 Yanvar 2021 23:18

Avropa ordusu: Tramp ideyanı beşikdə boğur

ABŞ prezidenti Donald Tramp Parisə səfəri zamanı Fransanın dövlət başçısı Emmanuel Makronla Avropanın təhlükəsizliyi məsələsini müzakirə edib.

Görüşdən əvvəl Donald Tramp fransalı həmkarının Avropanın vahid silahlı qüvvələrini yaratmaq çağırışını “çox təhqiredici təklif” adlandırıb. Makron isə Avropanın müdafiə sahəsində ABŞ-dan asılılığını azaltmaq təklifini prezident Trampın düzgün başa düşmədiyini deyib. Fransa prezidenti Avropanın təhlükəsizliyini yalnız Birləşmiş Ştatların təmin etməsini ədalətsizlik kimi qiymətləndirib. Buna cavab olaraq D.Tramp bir daha bəyan edib ki, NATO-nun Avropadakı üzvlərinin müdafiə xərclərini artırmalıdır: “Biz Avropaya kömək etmək istəyirik. Lakin bu ədalətli olmalıdır. İndi yükü, əsasən, ABŞ öz üzərinə götürür”-deyə Tramp bildirib. 

Emmanuel Makron Amerika prezidentinin mövqeyini bölüşdüyünü deyib: “Biz NATO ilə bağlı yükü daha yaxşı bölüşməliyik. Ona görə də mən inanıram ki, Avropanın müdafiəsinə dair mənim təklifim buna tam uyğun gəlir”-Makron ABŞ prezidentinə belə cavab verib. 

Xatırladaq ki, E.Makron noyabrın 6-da “Avropa-1” radiosuna açıqlamasında “Biz özümüzü Çin, Rusiya və ABŞ-ın hərəkətlərindən qorumalıyıq”– fikri ilə çıxış edib. O, bildirib ki, birgə silahlı qüvvələrin yaradılması və müdafiə sahəsində Avropanın ABŞ-ın asılılığına son qoyulması nüvə raketləri ilə bağlı Amerika-Rusiya razılaşmalarının birinin ləğvindən sonra zərurətə çevrilib: “Biz ümumavropa ordusunu təşkil etmədən avropalıların təhlükəsizliyini təmin edə bilmərik”-deyə Fransa prezidenti bəyan edib. Bundan başqa, prezident Makron kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə ABŞ-dan asılı olmayan vahid Avropa ordusunun yaradılmasını təklif edib. Fransanın dövlət başçısı qeyd edib ki, Avropanın kiberməkanına və demokratik proseslərə çoxsaylı müdaxilələr baş verir. 

Prezident Makronun bu təklifi ABŞ siyasətçiləri tərəfindən NATO-nun bölünməsi və bir növ alyans daxilində Vaşinqtona qarşı qiyam kimi dəyərləndirilib. Avropanın vahid silahlı qüvvələrinin yaradılması ideyası E.Makron tərəfindən hələ 2017-ci ilin noyabr ayında irəli sürülüb. Ötən il Avropa Birliyində Müştərək Avropa Birliyi Ordusu Müqaviləsinə imza atılıb. Sazişi imzalayan 23 ölkə bütövlükdə 5 milyard avroluq bir Avropa Müdafiə Fondu yaratmaq barədə razılığa gəlib. Bu fondun silah alışları və əməliyyatlarının maliyyələşdirilməsi üçün istifadə ediləcəyi bildirilirdi. Eyni zamanda, fonda AB büdcəsindən də maliyyə köçürülməsi razılaşdırılıb. Avropa Müdafiə Fonduna 2021-ci ildə 1 milyard avro kvotaya çatmaq üçün 2019-2020-ci illər üçün 500 milyon avro vəsait ayrılacağı bildirilir. Nəzərdə tutulan səmərəni artırmaq üçün hər il 5 milyard avro investisiya ayrılmalıdır. 23 ölkənin ordusundan nəhəng bir Avropa ordusu yaradılması qərara alınsa da, bunu hələ ki reallaşdırmaq mümkün olmayıb. Birləşmiş Avropa silahlı qüvvələrinin yaradılması ittifaqın hərbi dəstək məsələsində ABŞ-a olan asılılığını azaltmaq məqsədi daşıyır.

Ekspertlərin rəyinə görə, 2016-cı ildə Böyük Britaniyada baş vermiş “Breksit”in Avropaya yayılması müdafiə sahəsində də ittifaqın müstəqil mövqedən çıxış etməsinə yol açıb. Eyni zamanda, Donald Trampın Avropa dövlətlərini öz gücünə arxalanmağa çağıran mesajları və NATO-ya üzvlükhaqqı ilə bağlı təzyiqlər müttəfiqlər arasında fikir ayrılığını gücləndirib. Avropa Birliyinin müdafiə strukturlarının PESKO adlanan vahid təşkilati qurumda birləşməsinə baxmayaraq, qeyd edilən vahid ordunun yaradılmasından hələ tezdir. İtaliya, Fransa, Almaniya və İspaniyadan fərqli olaraq, Böyük Britaniya, Danimarka, Malta, Portuqaliya və Polşa bu məsələdə fərqli mövqedən çıxış edir. Eyni amanda, artıq Avropa ölkələrində “Breksit” tərəfdarları siyasi məğlubiyyətə uğrayıb. Hətta Böyük Britaniyada belə Avropa Birliyinin sıralarına qayıtmaq üçün təkrar referendumun keçirilməsi tələb olunur. Ona görə də Avropa vahid silahlı qüvvələrinin yaradılmasına dair saziş kağız üzərində qalır. Eyni zamanda, Ukraynada cəbhəsində Rusiya təhlükəsinin mövcudluğu ABŞ-ın Şərqi Avropanın təhlükəsizlik sistemini təmin edən yeganə qüvvə olaraq qalması üçün əsas yaradır. Bu isə ABŞ-a Avropa ölkələrinin Rusiya və İranla ticarət əlaqələrinin qarşısını almaq üçün ciddi təsiredici faktora çevrilib. Hətta Fransa ABŞ-ın idxal məhsullarına gömrük rüsumlarının artırılmasına dair qərarına qarşı Almaniya, Türkyə və Rusiya ilə birgə mövqedən çıxış edir. ABŞ-ın İrana qarşı sanksiyalarına Avropa İttifaqının etiraz etdiyini nəzərə alsaq, Fransa prezidentinin bəyanatı Tramp administrasiyasına təzyiq vasitəsi kimi başa düşülə bilər. 

ABŞ isə 2014-cü ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra Şərqi Avropanın təhlükəsizlik sisteminin yenidən formalaşması üçün daha geniş imkanlar əldə edib. Fransa və Almaniyanın bu məsuliyyəti öz üzərinə götürə bilməməsi Avropa dövlətlərinə müdafiə sahəsində yekdil qərar çıxartmağa mane olur. Vaşinqton isə Avropanın təhlükəsizliyini təmin edəcək, eyni zamanda, Amerikanın regiondakı mövqelərini möhkəmləndirəcək daha çevik və preventiv tədbirlərin həyata keçirilməsini təklif edir.

“Hərbi Şengen zonası” adlanan sistemin həyata keçirilməsi ilk baxışdan, Avropa dövlətlərinin təhlükəsiliyini birgə təmin etmək üçün maraqlarına cavab verir. “Hərbi Şengen zonası”nın yaradılmasına dair razılaşma NATO çərçivəsində ABŞ-dan göndərilən hərbi yüklərin Britaniya, Fransa və ya Almaniyadan Rusiya sərhədlərinə qədər sürətli daşınmasını nəzərdə tutur. 2016-cı ildə NATO üzvü olan ölkələrin müdafiə nazirləri Şimali Atlantika Alyansının Avropa sərhədlərində “Hərbi Şengen” yaratmaq barədə razılığa gəlib. NATO-nun müdafiə qurumlarının rəhbərləri Avropada hərbi qüvvələrin və vasitələrin köçürülməsini təmin etmək üçünə komanda qərargahının yaradılmasına dair razılaşmanı təsdiqləyib. Həmin vaxt ABŞ bu qərara dəstək verib. Çünki Krım böhranından sonra Şərqi Avropanın təhlükəsizliyinin müdafiəsini əsasən ABŞ öz üzərinə götürüb. Bu baxımdan, Polşa, Baltikyanı ölkələr və Rumıniyada NATO-nun xətti ilə minlərlə silahlı qüvvə və hərbi texnika yerləşdirən ABŞ bu prosesin daha çevik şəkildə təmin edilməsi üçün “Hərbi Şengen vizası” rejiminin yaradılmasına tərəfdar çıxıb. 

Saziş layihəsi NATO-nun hərbi yüklərinin yerüstü daşınmasının bir neçə dəfə artırılmasını nəzərdə tutur. NATO-nun Polşa-Ukrayna sərhədində, Litva, Latviya və Estoniyadakı silahlı qüvvələrinin sayını 40 min nəfərə çatdırmaq planlaşdırılır. Bu məqsədlə yaradılan hərbi şengen zonası baş tutarsa, tranzit məqsədilə magistral və dəmir yollarının infrastrukturunun yenidən qurulması lazım gələcək. 

Ancaq bu sistemin reallaşması digər tərəfdən ABŞ-ın Avropa ölkələri üzərində hərbi və siyasi təsir imkanlarını artırır. Bu səbəbdən də Almaniya, Fransa kimi lokomotiv dövlətlər, məsələn Polşanın “ABŞ-ın Avropadakı ştatı”na çevrilməsindən narahatlıq keçirir. Bu, ABŞ-ın regionda qalıcı olmasını təmin etməklə yanaşı, Rusiya ilə enerji sahəsində əməkdaşlığa mane olur. 

Digər tərəfdən, prezident Trampla Avropa liderləri arasındakı fikir ayrılğının aradan qalxa bilməməsi müttəfiq qoşunların hərbi yüklərinin və texnikasının gömrük-keçid məntəqələrində gözləmədən Şərqi Avropaya, yəni Rusiya sərhədlərinə daşınmasına dair 2018-ci ilin iyul ayına planlaşdırılmış qərarın qəbul olunmasına hələ də mane olur.  /Cebhe.info/

Paylaş: