28 Yanvar 2021 09:29

Erməni generallar Paşinyana qarşı

Ermənistanın Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatının (KTMT) rəhbərliyindən uzaqlaşdırılması Nikol Paşinyana daha bir zərbədir.

Nikol Paşinyan bir müddət əvvəl KTMT-yə rəhbərlik edən erməni general Yuri Xaçaturovu  korrupsiyayada ittiham edirdi. Ekspertlər hesab edir ki, bu amilin özü Xaçaturovun KTMT-nin rəhbərliyindən getməsinə mühüm zəmin yaratdı. Onsuz da Nikol Paşinyanın hakimiyyətdə olduğu müddətdə nüfuzunun itirməsi seçkilərdə baş nazirin şanslarını kifayət qədər azaldır. Xaçaturovun getməsindən sonra  Paşinyan güc strukturlarında da mövqeyini itirib. Baş nazir “Qarabağ klanı”na mənsub generalların hədəfinə çevrilib. 

Qeyd edək ki, KTMT-nin Astanadakı sammitində hərbi birliyə üzv olan ölkələr erməni general Yuri Xaçaturovun istefasından sonra növbəti baş katib postunun əlifba sırası ilə Belarus nümayəndəsinə verilməsinə tərəfdar olduğunu bəyan edib. Bu informasiyanı Qazaxıstan prezidenti Nursultan Nazarbayev də təsdiqləyib. Onun sözlərinə görə, Ermənistana ayrılan kvotanın bitməsinə onsuz da cəmi bir il qalıb. Bu müddət ərzində isə Ermənistan nümayəndəsi öz səlahiyyətlərini səmərəli şəkildə icra edə bilməyəcək.

Politoloq Elşən Manafov “Cümhuriyət” qəzetinə şərhində deyib ki, Paşinyanın yanlış siyasəti Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılmasına səbəb olub: “Yuri Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibliyi vəzifəsindən uzaqlaşdırılması əslində Ermənistan tərəfinin təşəbbüsü ilə baş verdi. Ermənistanın indiki iqtidarı  Xaçaturovu ciddi korrupsiya qalmaqallarında ittiham etmişdi. Baxmayaraq ki,  Rusiyanın bir sıra yüksək vəzifəli rəsmiləri, hərbçiləri Xaçaturovun vəzifədə qalmasını Paşinyana təklif etmişdilər. Amma Paşinyan fərqli mövqe sərgilədi. Bu onun göstəricisidir ki, Paşinyan qarşıdan gələn parlament seçkilərində öz elektoratında parçalanma yarada biləcək tendensiyanın qarşısını almaq üçün belə bir addım atdı. Burada maraqlı məqam ondadır ki, Ermənistanın 2020-ci ilə qədər KTMT-yə rəhbərlik etmək hüququ var idi. Amma Nazarbayev yaranan vəziyyətdən istifadə edib Belarus nümayəndəsinin 2020-ci ilə qədər KTMT-yə rəhbərlik etməsi məsələsini gündəmə gətirdi”.

E.Manafov bildirib ki, Ermənistanın KTMT-dən uzaqlaşdırılması Rusiya da daxil olmaqla digər üzv dövlətlərinin Azərbaycanla bağlı maraqlarından irəli gələn addımdır:

“KTMT-də Ermənistan istisna olmaqla digər MDB ölkələrinin Azərbaycanla münasibəti qarşılıqlı hörmət üzərində qurulub. Hətta 2016-ci ilin aprel döyüşləri zamanı KTMT üzvü olan dövlətlərin hərbi əməliyyatlara seyrçi mövqedən yanaşması, hətta Belarus və Qazaxıstanın Ermənistana qarşı sərt bəyanatları unudulmayıb. KTMT-nin Azərbaycanla bağlı maraqları olduğu üçün Ermənistanın bu quruma bel bağlaması real görünmür. Amma hər halda faktdır ki, qarşıdan gələn 2 il ərzində bu təşkilata Belarus nümayəndəsi başçılıq edəcək.

Düşünürəm ki, bu jestin özü Azərbaycanı bu təşkilata qoşmaqla bağlı atılan addımdır. Baxmayaraq ki, bu addımı Nazarbayev atıb, amma istisna deyil ki, o bu məsələni yüksək səviyyədə müzakirə edib və Putinin özü ilə razılaşdırıb. Burada Nazarbayevin təklifində heç bir qeyri-qanuni məqam yoxdur. Hər halda etiraf etmək lazımdır ki, Ermənistanın bu yüksək quruma 2 il rəhbərlik etmək səlahiyyəti var idi. Amma yaranan vəziyyət onu göstərdi ki, KTMT-də təmsil olunan türkdilli dövlətlər Azərbaycana qarşı xoşməramlı davranış sərgilədilər. Rusiya daxil olmaqla digər üzv dövlətlər də Azərbaycanı KTMT-də görmək istəyirlər. Qərbdə bir sıra siyasi ekspertlər bu təşkilatı “Rus NATO”su adlandırırlar. Azərbaycanın da perspektivdə bu təşkilata qoşulması o zaman mümkün olar ki, Qarabağ məsələsi ərazi bütövlüyümüz çərçivəsində həll olunsun. Bütün hallarda yekun qərar Azərbaycanın olacaq”.   /Cebhe.info/

Paylaş: