Be. Okt 21st, 2019

Gəncədə Aşıq Şəmşirin 125 illik yubileyi böyük təntənə ilə qeyd olundu – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2018-cı il noyabr ayının 10-da Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aşıq Şəmşirin anadan olmasının 125 illik yubileyi ilə əlaqədar olaraq Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyasında geniş tədbir keçirildi. 
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbycan Texnologiya Universitetinin professor-müəllim heyəti, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə Dövlət Regional Kollecinin, Gəncə Tibb Kollecinin, Gəncə Musiqi Kollecinin, Gəncə şəhər Təhsil idarəsinin, Gəncə Dəmiryol idarəsinin kollektivləri, veteranlar, ağsaqqallar, həmçinin Goranboy və Samux rayonlarından dəvət olunmuş qonaqlar iştirak etdilər. 
Tədbir iştirakçıları Aşıq Şəmşirin Göygöl rayonunda yerləşən büstü önünə tər-gül dəstələri düzərək, hörmət və ehtiramlarını bildirdilər. Daha sonra Gəncə Dövlət Flarmoniyasın foyesində ustad aşığın əlyazmalarından, haqqında yazılmış kitablardan, xatirələrdən, özünün seçmələrindən hazırlanmış guşənin nümayişi təşkil olunaraq, Aşıq Şəmşirin yaradıcılığı ilə bağlı sağlığında və ölümündən sonra çap edilmiş kitab sərgisinə baxış keçirildi.
Tədbirdə Kəlbəcər rayon Mədəniyyət evinin aşıqları və tanınmış incəsənət xadimləri çıxış edərək saz havaları üstündə Dədə Şəmşirin şeirlərini səsləndirdilər və ustadın yazdığı şeirləri ifa edərək, bir-birindən zəngin saz havaları tədbirə toplaşanlarda əsl bayram əhval-ruhiyyəsi yaratdı.
Sonda Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən tədbirin təşkil olunmasında fərqlənənlərə xatirə hədiyyələri təqdim olundu.

Paylaş: