Be. Okt 21st, 2019

İrandan anksiyalara reaksiya – Dialoqa cəhd, edam, həbs

Yaxın və Orta Şərqdə sular durulmur. Dünyanın karbohidrogen ehtiyatının mühüm hissəsini ödəyən bölgə dövlətləri siyasi, iqtisadi və sosial baxımdan ciddi problemlərlə üz-üzədir. Bundan başqa, Yəmən, Suriya, Liviya və İraqdakı hakimiyyətlər ölkəyə tam nəzarət edə bilmir, İsraillə Fələstin münasibətlərində gərginlik davam etməkdədir. Orta Şərqin təbii sərvətlərinə görə ən zəngin dövləti İran isə ABŞ-ın iqtisadi sanksiyasına məruz qalıb. Təbii ki, məhdudlaşdırıcı tədbir İslam Respublikasında inqilabdan sonra öz həllini tapmayan siyasi, iqtisadi və sosial problemlər dərinləşib, buna yeniləri əlavə edilib.
Hazırda İranda vəziyyətin ağırlaşmasının səbəbləri axtarılır. Son zamanlar keçmiş hökumət üzvləri həbs olunur, Prezident Həsən Ruhaninin başçılıq etdiyi Nazirlər Kabinetinin tərkibində dəyişikliklər aparılır, 2005-2013-cü illərdə hökumət başçısı olmuş Mahmud Əhmədinejad kabinetinin üzvləri həbs edilirlər. Sentyabrda İranın keçmiş vitse-prezidenti İsfəndiyar Rəhim Məşai 6,5 il azadlıqdan məhrum edilib. O, ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı fəaliyyət göstərməkdə ittiham olunaraq 5 il, açıqlanmayan daha iki ittiham üzrə isə 1 il və 6 ay azadlıqdan məhrum olunub. Yeri gəlmişkən, İranın eks-prezidenti Mahmud Əhmədinedatın mətbuat və ictimai əlaqələr üzrə müşaviri Əliəkbər Cavanfekr eyni ittihamla 4 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, İsfəndiyar Rəhim Məşai 2005-2013-cü illərdə Prezident müşaviri və vitse-prezident vəzifələrini tutub. O, 2018-ci ilin martında Mahmud Əhmədinejadın tərəfdarı Həmid Rza Bakaini müdafiə etdiyinə görə tutulub. H.Bakai dövlət əmlakının xərclənməsində sui-istifadəyə yol verdiyi üçün 15 il azadlıqdan məhrum olunub. Sentyabrın 11-də onun həbs müddəti daha 6 ay artırılıb. Oktyabrın 11-də Mahmud Əhmədinejadın başçılıq etdiyi birinci kabinetdə bir il sosial təminat naziri işləmiş Pərviz Kazemi iqtisadi cinayətlərdə ittiham edilərək Tehrandakı Evin həbsxanasına aparılıb. O, “Sərmayə” Bankının Direktorlar Şurasının sədri və Müəllimlərin İnvestisiya Fondunun Himayədarlar Şurasının üzvü olub. 
Məlum olduğu kimi, İran Məhkəmə Sisteminin sözçüsü, sabiq kəşfiyyat və informasiya təhlükəsizliyi naziri Qulamhüseyn Möhsüni-Ejeyi müsahibəsində dünyada korrupsiya yaymaqda və iqtisadi cinayətlərdə şübhəli bilinən ölkənin 32 vətəndaşının 20 ilədək azadlıqdan məhrum edildiyini, 3-ü barəsində isə edam hökmünün çıxarıldığını demişdi. Bu arada İranda korrupsiya və maliyyə fırıldağında ittiham olunan qızıl-zinət taciri Vahid Məzlumin və həmkarı Məhəmmədismayıl Qasımi noyabrın 14-də səhər tezdən edam olunublar. Yeri gəlmişkən, bir müddət əvvəl İranın rəsmi informasiya vasitələri “qızıl sikkə sultanı” adı ilə tanınan Vahid Məzluminin 2 tonluq qızıl sikkə ilə bərabər həbs edilməsi barədə məlumat yaymışdı. İddia olunub ki, Vahid Məzlumin hakimiyyət orqanlarında çalışan tanışları vasitəsilə valyuta və qızıl sikkə bazarı ilə bağlı qəbul ediləcək rəsmi qərarlardan əvvəlcədən xəbərdar tuturmuş. O, tərəfdaşları ilə birlikdə sikkə bazarında olan bütün qızıl sikkələri alıb yeni qiymət təyin edirmiş. 
Əslində, bunlar hakimiyyətin mövcud böhrandan çıxmaq üçün gördüyü tədbirlərdən sayılır. Ancaq belə addımlar daha çox ölkə ictimaiyyətinə hesablanıb. Ehtimal etmək olar ki, İranın hakim elitası mümkün etirazların qarşısını qorxu və güc yolu alır, göz qorxudur. ABŞ-ın tətbiq etdiyi sanksiyalardan xilas olmaq yollarından biri də beynəlxaq ictimaiyyətlə danışıqlardan keçir. Bu, ən əsas vasitə də sayıla bilər. Ehtimal edilən, yaxud istisna edilməyən danışıqların nəticəsi olaraq əməli addımlar İranı düşdüyü və ya üzləşəcəyi problemlərdən xilas edə bilər. İran tərəfdən danışıqlar cəhdləri ilə bağlı bəzi ismarıclar verilir. 
İranın xarici əlaqələr üzrə strateji şurasının sədri, keçmiş xarici işlər naziri Kamal Xərrazi “Fransa 24” telekanalına müsahibəsində deyib: “Səudiyyə Ərəbistanı terroru və iranlıları qətl edənləri həmişə dəstəkləyib. Bu, onların düşüncə tərzidir. Ancaq biz Yaxın və Orta Şərqdə daha yaxşı vəziyyətin yaranması üçün Səudiyyə Ərəbistanı və başqa ölkələrlə müzakirə masasında oturmaqda maraqlı və hazırıq”. 73 yaşlı Seyid Kamal Xərrazi hakimiyyətdaxili islahat xəttin lideri, keçmiş Prezident Məhəmməd Xatəminin hökumətə başçılıq etdiyi dövrdə, 1997-2006-ci illərdə xarici işlər naziri olub. Tehranda və ABŞ-ın Hyuston Universitetində ali təhsil alıb. İslahatçılardan sayılır. Kamal Xərrazi bununla hakimiyyətdaxili islahatçıların mövqeyinin açıqlayıb. Çünki İranın diplomatik münasibət saxlamadığı, düşmən hesab etdiyi Misir, İsrail, Bəhreyn və Səudiyyə Ərəbistanı da Yaxın və Orta Şərq dövlətlərindəndir. Bundan başqa, ABŞ regiona daxil olmasa da, bölgənin əsas güclərindən sayılır. O zaman sual yaranır: Kamal Xərrazi “Səudiyyə Ərəbistanı və başqa ölkələrlə müzakirə masasında oturmaqda maraqlı və hazırıq” deyəndə İsrail və ABŞ-ı da nəzərdə tuturdumu? Müsahibəsində heç bir dövləti istisna etmədiyindən belə zənn etmək olar ki, İran İsrail və ABŞ-la da danışıqlara hazırdır. Bu, həm də böhran küləyinin Teranda artıq daha güclü hiss edildiyini deməyə əsas verir. Kamal Xərrazi də bu hadisənin qarşısının alınmasını istəyənlərdən biri kimi görünməyə çalışıb.
Beləliklə, İran sanksiyanı tacirləri edam, hökumətin keçmiş üzvlərini həbs etmək və danışıqlara hazır olduğunu deməklə qarşılayır.    /Report/

Paylaş: