Be. Okt 21st, 2019

Azərbaycanın milli-mənəvi dəyərlər sistemi sağlam əsaslar üzərində bərqərar olub

İstənilən xalqın təşəkkülündə çox mühüm rol oynayan və onu digər toplumlardan əsaslı surətdə fərqləndirən dəyərlər sistemi mövcuddur. Hazırda dünya üzrə 3 min civarında xalqın olduğunu nəzərə alsaq, onların hər birinin özünəməxsus mental xüsusiyyətlərinin olduğu qeyd edilməlidir. Əlbəttə, xalqların formalaşma prosesi müəyyən mərhələlərdən keçdiyi üçün burada konkret tarixi şəraitin və qonşu toplumlarla münasibətlərin təsirini vurğulamamaq olmaz. Bununla belə, hər bir xalqın dəyərlər sistemi yalnız ona xas olan özəlliklər üzərində yaranır.

Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqı çoxəsrlik tarixi ərzində özünün mədəni-mənəvi irsi ilə bəşər sivilizasiyasının zənginləşməsinə əvəzsiz töhfələr verib. Xalqımız tarixin müəyən dönəmlərində üzləşdiyi ağır sınaqlara baxmayaraq, malik olduğu milli adət-ənənələrini qoruyaraq, özünəməxsusluğunu heç vaxt itirməyib.

Bu amil Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminin dayanıqlılığının və kənar təsirlərə qarşı müqavimət qabiliyyətinin yüksək səviyyədə olmasının göstəricisidir. Əks halda, sadəcə, son on üç əsrdə bir neçə dəfə müstəqilliyini itirən xalqımız yadelli işğalçıların düşünülmüş assimlyasiya siyasətinin qurbanı olardı. Azərbaycan xalqı isə nəinki milli xüsusiyyətlərini itirdi, hətta işğalçı qüvvələrin nümayəndələrini malik olduğu böyük mədəniyyət daxilində “əriməyə” məcbur etdi. Diqqət edək, zaman-zaman Azərbaycanı nəzarət altına almış fars, monqol və rus işğalçıları bütün cəhdlərinə rəğmən, vətənimizdə mədəniyyət adına özlərinə aid heç bir iz buraxa bilməyiblər.

Azərbaycan xalqının mənəvi dəyərlər sisteminin fenomenal cəhətləri bu gün də qabarıq şəkildə özünü göstərməkdədir. Məlum olduğu kimi, Azərbaycanın mənəvi-mədəni irsi əsasən, İslama qədər və ondan sonrakı dövr üzrə təsnif edilir. Azərbaycan xalqı VII-VIII əsrlərdə İslam dinini qəbul etsə də, özünün Türklük şüuru üzərində formalaşan dəyərlər sisteminin xarici təsirə məruz qalmasına imkan vermədi. Belə olmasaydı, Azərbaycan xalqının yaratdığı zəngin folklor, mədəniyyət və incəsənət nümunələri günümüzə qədər nəsillərdən nəsillərə ötürülməzdi.

Xalqımızın mənəvi dəyərlər sisteminin tərkibinə nəzər saldıqda, əcdadlarımızın yaradıcılıq keyfiyyətləri ilə qürurlanmamaq mümkün deyil. O sistemə nələr daxildir? İbtidai inanclardan qaynaqlanan adət-ənənələr, xeyir-şər mərasimləri, yüksək əxlaq və tərbiyə, fərdə və cəmiyyətə sayğı, dürüstlük, yardımsevərlik, kollektivçilik, digər toplum və dinlərə qarşı dözümlülük və sair. Bir sözlə, ali insani hissləri özündə ehtiva edən bütün keyfiyyətlər xalqımızın dəyərlər sistemində dəyişməz yer tutur.

Biz yuxarıda Azərbaycanın müəyyən dönəmlərdə başqa ölkələrin işğalı altında olaraq, fərqli mədəniyyətlərin basqısı ilə üzləşdiyini vurğuladıq. Mübahisəsiz deyə bilərik ki, bu sırada ən çətin dövr 70 il davam etmiş Sovet əsarəti olub. Azərbaycanın 1920-ci il aprelin 28-də bolşevik işğalına məruz qalması ilə Moskvadan idarə olunan şüurda və mədəniyyətdə məcburi “sovetləşdirmə” siyasətinin həyata keçirilməsi xalqımızı böyük məhrumiyyətlərlə üzləşdirdi. Əbəs yerə deyilməyib, bir xalqı məhv etmək üçün onu öz kökündən ayırmaq yetər.

Həqiqətən də, bolşevik rejimi Azərbaycan xalqını öz şərəfli və zəngin keçmişindən qoparmaq üçün bütün mümkün vasitələrə əl atdı: Xalqın əsrlər boyu tapındığı İslam dini qadağan edildi, məscidlər dağıdıldı, millətin adı dəyişdirildi, milli mədəniyyətin təbliği məhdudlaşdırıldı, gerçək keçmişimiz sovet  tarixşünaslığının ideoloji korrektəsi ilə büsbütün təhrif olundu, milli musiqi alətlərimiz yasaqlandı, “Allahsızlıq” ideologiyası üzərində yeni mədəniyyətin formalaşdırılmasına çalışıldı, millətin düşünən beyni və vuran urəyi olan ziyalılarımız Stalin repressiyaları nəticəsində məhv edildi, əlifbamız “kiril”ləşdi… Siyahını xeyli uzatmaq mümkün olsa da, buna ehtiyac yoxdur. Lakin Sovet rejiminin xalqımız üzərində apardığı “dəyişdirmə eksperimenti” nəticəsiz qaldı. Uğradığı maddi-mənəvi itkilər inanılmaz dərəcədə böyük olsa da, xalqımız öz kökü və dəyərləri üzərində formalaşmış varlığını qorudu. Nəyin sayəsində? Sözsüz ki, burada mənəvi dəyərlər sisteminin dayanıqlığı həlledici qoruyucu faktor oldu.

Eyni zamanda, xalqın mənəvi dəyərlərinin qorunmasında sovetlərin sıradan çıxara bilmədiyi milli elitanın açıq-gizli müqavimətinin rolu unudulmamalıdır. Şübhə yoxdur ki, Sovet hakimiyyəti illərində respublikaya rəhbərlik etmiş bir sıra şəxslərin sovet assimlyasiyasına qarşı ortaya qoyduğu qətiyyətli mövqe cəmiyyətin təşkilatlanmasına güclü təkan verib. Məhz rəhbər şəxslərin Moskvanın iradəsinə qarşı dayanmaq üçün özlərində tapdıqları cəsarət cəmiyyətin milli kök üzərində daha möhkəm dayanmaq imkanlarını artırıb. 

Sovet Azərbaycanında milli-mənəvi dəyərlərinn qorunması məsələsində güzəştsiz mövqe tutan siyasi xadimlərdən söz düşəndə, ilk xatırlanan, əlbəttə ki, 13 il respublikaya uğurla rəhbərlik edən Ümummilli lider Heydər Əliyev olur. Məhz onun hakimiyyətə gəlişindən sonra respublikanın bütün fəaliyyət sahələrində yaranan canlanma mədəniyyət, ədəbiyyat və incəsənətdən də yan keçmir. Heydər Əliyevin millli-mənəvi dəyərlərə, mədəniyyətə, xüsusilə, ana dilimizə göstərdiyi qayğı öz əhəmiyyətinə görə heç bir müqayisəyə gəlmir. Bu fəaliyyətin Sovet hakimiyyətinin ən mürəkkəb dönəmlərində həyata keçirilməsi faktı isə mənzərəni kifayət qədər aydınlaşdırır.

Ulu öndər milli şüura hər zaman böyük önəm verərək, deyirdi: “Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.

Müasir informasiya texnologiyalarının fasiləsiz inkişafı və yuxarıda vurğulandığı kimi, qlobalizmin təzyiqləri bu gün də Azərbaycanın milli-mənəvi dəyərlər sistemi üçün müəyyən təhdidlər yaratmaqdadır. Lakin əlamətdar haldır ki, Azərbaycanın siyasi rəhbərliyi  xalqımızın mənəvi dəyərlərinin qorunması və təbliğinə ciddi diqqət yetirirlər. Xüsusilə, Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin təbliği üzrə həyata keçirdiyi çoxsaylı layihələr Azərbaycan muğamına yeni nəfəs verməklə yanaşı, kinematoqrafiya və incəsənətdə də çox qiymətli sənət nümunələrinin yaradılmasını təmin edib. Bu isə o deməkdir ki, dövlətin və xalqın vəhdəti milli-mənəvi dəyərlərimizin davamlı inkişafına təminat verən çox mühüm amilə çevrilib. Azərbaycan mediasının bu prosesdə öncüllük etməsi ölkəmiz üçün xarakterik olan sağlam məməvi mühitin inkişafını stimullaşdıran əsas faktorlardan biridir.

Seymur VERDİZADƏ

Məqalə Mənəvi Dəyərlərin Təbliği Fondunun “Media və mənəvi dəyərlər” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

Paylaş: