C. Sen 20th, 2019

Dünyada yeni ordunu kim və niyə yaratmaq istəyir?

Avropapərəst Emmanuel Makron hakimiyyətə gələr-gəlməz “Avropa ordusu” ideyasını təşviq etməyə girişdi. Son günlər səsləndirdiyi fikirlərə ABŞ rəhbərliyinin mənfi reaksiyasından sonra Makron terminologiyaya düzəliş edərək, Berlinə rəsmi səfəri zamanı “Avropa müdafiəsi” terminindən istifadə etdi.

Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri analitik Yalçın Məmmədov deyib. O bildirib ki, Avropa ordusu haqda ən yüksək tribunalardan səslənən fikirlər son günlər polemika mövzusu olsa da, ideyanın özü Avropa İttifaqından da yaşlıdır:

“1950-ci illərdə Avropa İttifaqı ilə yanaşı, Avropa Müdafiə Birliyinin yaradılması cəhdləri olsa da, nəticə uğursuz oldu. Fransa və Almaniya arasında imzalanmış 1963-cü il Yelisey müqaviləsi “müştərək silahlanmanın hazırlanması”nı nəzərdə tuturdu. Ancaq bu layihə də kağız üzərində qaldı. NATO-nun mövcudluğu da əlavə bir hərbi ittifaqın yaradılması fikrini prioritetlər siyahısından çıxardı. Əslində isə Avropa liderlərinin bir çoxu praktiki və ideoloji səbəblərdən ABŞ-dan asılılığı azaltmağın zəruriliyini anlayır. Yaxın Şərqdəki qanlı münaqişələr və onların fonunda ABŞ ilə fikir ayrılıqları bu tendensiyanı daha da möhkəmləndirdi. Lakin heç kimə sirr deyil ki, söhbət uzun müddətli perspektivdə Aİ-nin strateji, maliyyə və əməliyyat qabiliyyətli müdafiəsini qurmaqdan gedir. Fransa prezidenti də “bir çox böyük güclərin avropalıları oyundan çıxarmağa çalışdığı”nı əsas gətirərək, onları “suverenlik aləti yaratmağa” çağırır”.

Analitikin sözlərinə görə, ola bilsin ki, Avropa ordusu Makronun təsəvvüründə konkret bir ideyadır:

“Ancaq bunun hamı üçün belə olduğunu demək mümkün deyil. Təsadüfi deyil ki, vaxtaşırı gündəliyə gələn bu məsələ sürətlə də gündəlikdən çıxır. Buna səbəb kimi Avropa İttifaqının iki əsas nəhəngi – Fransa və Almaniyanın məsələdə ortaq məxrəcə gələ bilməməsi göstərilir. Almanlar Fransanın Avropanın müdafiəsinə rəhbərlik etməsi ehtimalından ehtiyatlanır, bütün tərəflərin bərabər səviyyədə təmsil olunduğu bir ittifaq istəyir. Digər məsələ isə avropalıların fərqli strateji prioritetləridir. Məsələn, əgər Fransa strateji maraqlarını cənubda, Afrika qitəsində görürsə, Almaniya üçün bu istiqamət Şərqi Avropadır”.

Analitik bu “ordu”nun hansı prinsip və komandanlıq altında fəaliyyət göstərəcəyi məsələsinə də münasibət bildirib:

“Bununla da milli institutların nəzarətindən çıxacaq bu “ordu”nun legitimliyi məsələsi ortaya çıxır. Bundan əlavə, bu “ordu”nu kimin maliyyələşdirəcəyi sualı da hamını düşündürür. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı ölkələri orta hesabla müdafiəyə ÜDM-nin yalnız 1.3 faizini xərcləyir. Bununla da Makronun ifadəsiylə desək, “NATO-nu tamamlayacaq bir ordu”nun hansı imkanlarla yaradılacağı suallar doğurur. Avropanın özünümüdafiə qabiliyyətinin artırılması digər böyük güclərin də planlarına daxil deyil. ABŞ rəhbərliyi bunu özünə və NATO-ya qarşı bir təşəbbüs kimi qiymətləndirir. NATO-nun zəifləməsi ilə nəticələnəcək bir təşəbbüsün Rusiya tərəfindən müsbət qarşılanacağı gözlənilsə də, Makronun cəhdlərinin kremlyönlü mediada istehza mövzusuna çevrilməsi bunun heç də belə olduğuna dəlalət etmir”.

Analitik vurğulayıb ki, bütün bu çətinliklərlə yanaşı, “Avropa ordusu” ideyasının xeyrinə işləyən məqamlar da var:

“ABŞ-da hakimiyyətə avropalılarla eyni dəyərləri paylaşmayan bir komandanın gəlməsi köhnə qitəni öz taleyi ilə bağlı yenidən düşünməyə vadar edir. Bundan əlavə, Breksit bu ideyanın həyata keçməsi üçün əlavə bir imkandır. Bir tərəfdən Böyük Britaniyanın ittifaqdan çıxması möhkəm müdafiə qabiliyyətli bir tərəfdaşın itirlməsi anlamına gəlirsə, digər tərəfdən də daim avroskeptik yanaşması ilə seçilən britaniyalıların yoxluğu daha ambisiaylı layihələrin gerçəkləşməsini asanlaşdırır. Bundan başqa, Avropa İttifaqı müqaviləsinin (Lissabon müqaviləsi) 42.7-ci maddəsi müdafiə birliyinin təməlini qoyub. Bu maddəyə əsasən, üzv dövlətlərdən biri hərbi təcavüzə məruz qaldıqda, digər üzv dövlətlər ona yardım göstərməlidir. Avropa İttifaqının Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti də artıq mövcuddur və bu siyasət çərçivəsində birgə hərbi əməliyyatlar keçirilib və keçirilməkdədir. Beləliklə, Makronun Avropa ordusu ideyasının arxasında siyasi avanturizm deyil, reallıqların diktəsindən doğan praqmatizm durur. Bunun həyata keçməsi isə vaxt və ümumi siyasi iradə tələb edir”.

Paylaş: