C. Sen 20th, 2019

TƏHLÜKƏ: Dərmanlar niyə zəhərləyir?

Bu ilin əvvəlindən indiyədək 97 nəfər dərmandan zəhərlənib.Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bu barədə açıqlama verib.Qeyd edək ki, bu Kliniki Tibbi Mərkəzinə müraciət edənlərin sayıdır.  Azər Maqsudovun sözlərinə görə, il ərzində dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edənlərin sayı 108 nəfərdir.

Baş toksikoloq hesab edir ki, zəhərlənmə halları ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil:

“Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir. Bu da sonda zəhərlənmə ilə nəticələnir.Bizim xəstələrlə söhbətimizdə də onlar dərmanın dozasını həkimin dediyindən daha artıq qəbul etdiyini söyləyirlər”.

Azər Maqsudov müraciət edənlərin, əsasən, antibiotiklər və vitaminlərin qəbulu nəticəsində dərmanların əlavə təsirlərinə məruz qaldığını qeyd edib.

Toksikiloq dərman zəhərlənmələrinin səbəblərinin əsasən təyinatsız dərman qəbulu ilə bağlı olduğunu desə də, məlum olduğu kimi, Azərbaycana keyfiyyətsiz dərmanların gətirilməsi, satışı  ilə bağlı problemlər müzakirə obyektidir. Bu barədə rəsmi açıqlamalar da verilib.Ölkədə qeydiyyatdan keçirilməyən dərman satışının da mövcud olduğu etiraf olunub.Dövlət orqanları keyfiyyətsiz və qeydiyyatsız dərmanların satışının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirsə də, bunun mövcud problemi aradan qaldırdığını demək olmur.

Dərman zəhərlənmələrinin  hansı hallarda baş verməsi ilə bağlı farmakoloq, professor Aydın Əliyevlə danışdıq.

Aydın Əliyev “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, dərmanlardan zəhərlənmə məsələsinin müzakirəyə çıxarılması təəssüf doğurur:

“Dərmanları sağalmaq üçün qəbul edirik. Dərmandan da zəhərlənmə baş verirsə, bu çox xoşagəlməz haldır.Digər məhsullar kimi dərmanların keyfiyyəti də artıq müzakirəyə çevrilib. Dərman zəhərlənmələri baş verməsinə gəlincə,  bu dərmanların tərkibi uyğun gəlməyəndə, dərmanların tərkibində maddələrin qarşılıqlı nisbəti normaya uyğun olmayanda baş verir. Ümumiyyətlə, bəzi işbazlar Azərbaycana keyfiyyətsiz dərmanları gətirə bilirlər”.

Farmokoloqun sözlərinə görə, dərmanların saxlanma məsələsi də burada önəm kəsb edir: 

“Mən inanmıram ki, dərmanların saxlanma prinsipini səhiyyə işçiləri poza bilər. Amma dərmanları Azərbaycana gətirən, saxlayan və satan adamların əksəriyyəti səhiyyə işçisi deyil. Bu sahəyə sahibkar adlanan çoxsaylı adamlar müdaxilə edirlər.Vergidən yayınmaq üçün dərmanları cürbəcür adlarla keçirirlər.Görünür ki, ölkəyə keyfiyyətsiz dərman axını hələlik davam edir.Amma səhiyyə işçiləri ilə bağlı olan apteklərdə, onların idarə etdiyi sistemlərdə dərmanların saxlanma qaydalarına 100 faiz əməl edilir”.

Aydın Əliyev  deyir ki, dərman zəhərlənmələrinə gətirib çıxaran səbəblərdən biri də dərmanların çevrilmə mexanizminin pozulmasıdır:

“Dərman bədənə daxil olanda çevrilməliddir. Bəzən elə olur ki, müəyyən xəstəlikləri olan, məsələn qaraciyər, böyrək xəstəlikləri olan şəxslərin orqanizmində dərmanların çevrilməsi doğru getmir.Məsələn, müəyyən dərmanların bədəndən xaric olunması ləngiyə bilər, çevrilməsi doğru getməyə, bədəndə toplana, dozanı artıra bilər.Elmi nöqteyi nəzərdən müəyyən xəstəliklərlə bağlı bədəndə dərmanların dozası arta bilər.Amma mən inanmıram ki, həkimlər bu məsələni nəzərə almasınlar.Buna görə də hesab edirəm ki, dərman zəhərlənmələri sırf dərmanların keyfiyyəti ilə, saxlanma şəraitləri, saxlanma yerləri ilə bağlıdır.Keyfiyyətsiz dərrmanların gətirilib-gətirilməməsini araşdırmaq isə müvafiq qurumların işidir”.

Təyinatsız dərman qəbullarının zəhərlənməyə səbəb olması ilə bağlı sualımızı cavablandıran farmakoloq deyir ki, ümumiyyətlə təyinatsız dərman qəbuluna münasibəti pisdir: 

“Həm dərmanların təyinatsız qəbuluna, həm də reklamına qəti şəkildə etiraz edirəm. Dərmanları reklam etmək olmaz.Birmənalı olaraq dərman preparatlarının reklamı yığışdırılmalıdır.Yüngül bir neçə dərmandan başqa bütün dərmanlar reseptlə satılmalıdır. Dərman qənd deyil, makaron deyil, un deyil ki, açıq formada satılsın. Bu zaman müəyyən qanunsuzluqların qarşısı alınır.Dərmanların təyinatsız qəbulunun zəhərlənməyə gətirib çıxarmasına gəlincə, burda da dərmanın keyfiyyəti əsasdır.Digər tərəfdən isə həkim məsləhəti olmadan dərman qəbulunun insan orqanizmində normal biokimyəvi reaksiya verməməsi də mümkündür”. Aydın Əliyev Azərbaycanda dərman zavodlarının işə düşəcəyinə ümid etdiyini deyir: “Mən qida məsələsinə də bu cür yanaşıram. Qoy keyfiyyətsiz olsun, amma özümüzün olsun.Onda qorxusu olmayacaq.Bu zavodların açılışını gözləyirəm”.  /Cebhe.info/

Paylaş: