23 Yanvar 2021 11:24

Paşinyan Qarabağ “hakimiyyətinin” üstünə terrorçuları göndərir

Ermənistanda “Sasna tsrer” (“Sasun cəngavərləri”) silahlı terror qruplaşmasının üzvləri Azərbaycanın işğal altındakı ərazilərində qondarma rejimin rəhbərini hakimiyyətdən uzaqlaşdırmağa hazırlaşır.

Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Sasna tsrer” partiyasının seçki qərargahının rəhbəri, “Şuşa” əlahiddə batalyonuna rəhbərlik etmiş keçmiş səhra komandiri Jirayr Səfilyan deyib.

“Sasna tsrer” silahlı qruplaşması Qarabağda 2016-cı ilin aprelində Ermənistan ordusunun aldığı zərbədən sonra Yerevanda yaranmış siyasi böhran kontekstində meydana çıxıb və həmin ilin iyulunda post-patrul polkonunun binasına silahlı hücum edərək ələ keçirib. Bu qruplaşmanın üzvləri uzunmüddətli həbs cəzaları alsalar da Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra onları həbsxanalardan açıb buraxıblar. Qruplaşma eyni adlı siyasi partiyaya çevrildiyini elan edib və dekabrın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərinə qatılıb. Jirayr Səfilyan Yerevanda polis polku binasına hücumda iştirak etməsə də həmin hücumun təşkilatçısı və ilhamvericisi olub.

Səfilyan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib ki, parlamentə getmələrinin məqsədi keçmiş qüvvələrə-Respublika partiyasına, “Daşnaksütun” İnqilabi Federasiyasına, “Çiçəklənən Ermənistana” və digərlərinə parlamentə daxil olmaq imkanı verməməkdir.  “Hesab edirəm ki, bizim iştirakımız səbəbindən həmin qüvvələrin heç biri parlamentə keçməyəcək”-Səfilyan deyib.

Keçmiş səhra komandiri bildirib ki, parlament seçkilərindən dərhal sonra Dağlıq Qarabağda hakimiyyətin dəyişməsi məsələsi ilə məşğul olacaqlar. Çünki bir il sonra Qarabağda hakimiyyətin “seçkilər yolu ilə” dəyişdirilməsini gözləməyə vaxt yoxdur.

“Əgər bir il gözləsək çaxnaşmalar ola bilər. İnsanların daha səbri qalmayıb”-o deyib .

Səfilyanın sözlərinə görə, onlar seçkilərdən sonra Qarabağda hakimiyyətin dəyişməsi üçün danışıqlara başlayacaqlar.

Xatırladaq ki, bu günlərdə Nikol Paşinyan Jirayr Səfilyana Ermənistan vətəndaşlığının verilməsi haqda qərar çıxarıb. Səfilyan Robert Köçəryan və ondan sonra hakimiyyətdə olan Serj Sərkisyanla həmişə münaqişədə olduğu üçün Ermənistan pasportu ala bilmirdi. İndi isə Paşinyan ona deputat mandatı da təmin etməyə hazırlaşır və belə görünür ki, “Sasna tsrer” terrorçularının qismində özünə gələcək “müxalifət”, yaxud koalision hökumət üçün müttəfiq formalaşdırır.

Ermənistanda bu ilin yazında baş vermiş məxməri inqilabdan sonra Qarabağda da Bako Saakyan rejiminə qarşı etirazlar başlamışdı. Amma bu etirazlar səngidi və Ermənistan inqilabının Dağlıq Qarabağa transferi təxirə salındı.   

Paylaş: