21 Yanvar 2021 02:45

Azərbaycanın valyutası: Nə qədər ehtiyatımız var?

Mərkəzi Bankın 2018-ci il oktyabrın 31-nə olan məlumatına görə, rəsmi valyuta ehtiyatları 5 milyard 536 milyon 400 min dollar təşkil edib. Bu məbləğin ilin əvvəli ilə müqayisədə 203 milyon dollar çox olduğu qeyd edilir. Bunun 75 milyon dollarının valyuta ehtiyatlarının idarə olunmasından əldə edildiyi də vurğulanır. Eyni zamanda 2018-ci il oktyabrın 1-ə olan məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2018-ci ilin əvvəlinə (35 806,5 milyon ABŞ dolları) nisbətən 8,88 faiz artaraq 3 milyard 898 milyon 770 min ABŞ dollarına bərabər olub. 

Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub.

ARDNF 2018-ci ilin ikinci rübündən etibarən qızılın alışını davam etdirməyə başlayıb. 30 sentyabr 2018-ci ildə ARDNF-nin investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 44,52 tona (1 431 302 troya unsiyası) çatdırılıb. Alınmış qızılın Azərbaycana gətirilməsi Britaniyanın Brinks Qlobal Servisiz şirkəti tərəfindən həyata keçirilir. Gətirilmiş qızıl ARDNF-nin yeni inzibati binasında müasir standartlara uyğun qiymətlilərin saxlanılması üçün nəzərdə tutulmuş xəzinədə yerləşdirilib. 

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında, ilin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatlarının artdığını deyib: 

“Bu baxımdan oktyabr ayını uğurlu hesab etmək olar. Ümumiyyətlə, əgər ehtiyat saxlama qurumu varsa və mövcud ehtiyat haqqında məlumat verib sübutla göstərə biliriksə, bu artıq uğurdur. Kifayət qədər zəngin təbii sərvətlərə sahib dövlətlər var ki, uzun illər nə vətəndaş müharibəsindən qurtula bilirlər, nə siyasi böhrandan çıxa bilirlər, nə də dövlət quruculuğunu tamamlaya bilirlər. Əsrin əvvəlində Azərbaycan Demokratik Respublikası quruldu. Lakin 2 ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində aradan qaldırıldı. Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və yenidən Rusiyaya tabe olundu. 70 il davam edən əsarətdən sonra Azərbaycan müstəqilliyini yenidən qurdu. Yəni, qurulan dövlət və dövlətçiliyi bu gün də qoruyub saxlayırıq. 2015-ci ildə neftin kəskin ucuzlaşması nəticəsində iqtisadiyyatımız tənəzzüllə üz-üzə qaldı. Əgər bizim dövlət quruculuğunda zəiflik olsaydı, dövlət parçalanma ilə üzləşə bilərdi. Sadəcə olaraq zərbəni qəbuletmə qabiliyyəti var. O dövrdən sonra Azərbaycan Mərkəzi Bankının ehtiyat fondu kifayət qədər azaldı. Ancaq son dövrlərdə dinamik artım müşahidə olunur. Bu o deməkdir ki, həmin ehtiyat hesabına tənəzzülün qarşısını ala bilmişik və hazırda xərc yoxdur, artım prosesi gedir. Əlbəttə, yaxşı olardı ki, biz 2015-ci il tarixini keçməyək”.

Analitik qeyd edib ki, ehtiyatların azalması dövlət və hökumət üçün arzuolunan deyil: 

“Nəzərə almaq lazımdır ki, dünya iqtisadiyyatının tarixində valyuta ehtiyatlarının azalması halları baş verib. Dünya iqtisadiyyatının flaqmanı ABŞ, eləcə də Türkiyə Cümhuriyyəti 1981-ci illərdə bu yolu keçib. O dövrkü prezident, iqtisadçı-alim Turqut Ozal Türkiyəni bu vəziyyətdən çıxartdı. Şimal qonşumuz Rusiya qüdrətli dövlətdir, ancaq son 4-5 ildə karbohidrogen ehtiyatları neftin ucuzlaşmasından zərbə aldı. Həmçinin iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin sanksiyasına məruz qaldı. Bu nümunələrdən də bəlli olduğu kimi demək olmaz ki, tək Azərbaycanın ehtiyatları azalıb. Artıq Azərbaycan bu vəziyyətdən çıxıb. Doğrudur, hazırda neftin qiymətləri arzuolunmaz səviyyədə aşağı enib. Amma hesab edirəm ki, biz bu istiqamətdə kifayət qədər təcrübə toplamışıq. Düşünürəm ki, bunun qarşısı alınacaq. Ehtiyatların dinamik artımı arzuolunandır, əks təqdirdə dövlət üçün təhlükəli fon yaranır. Son dövrlərdə Azərbaycanın valyuta ehtiyatlarında artım baş verir. Bu o deməkdir ki, tənəzzülün dibin görüb, artıq inkişaf dinamikasına keçmək olar”.   /Cebhe.info/

Paylaş: