23 Yanvar 2021 15:45

Yeni pensiya islahatları: Kimlər kənarda qalacaq?

Son məlumatlara görə hazırda ölkədə 1 milyon 303 min 315 nəfər pensiya, 419 min 900 nəfər isə sosial müavinət alır. Dövlət Statistika Komitəsindən açıqlanan məlumata görə pensiyaçıların 377 min 624 nəfəri Bakı şəhərində yaşayıb. Pensiyaların aylıq orta məbləği 221,02 manat olub. Bakı şəhərində bu göstərici 299,87 manat təşkil edib və ölkə üzrə qeydə alınan ən yüksək göstərici olub. Digər şəhər və rayonlarda qeydə alınan orta pensiya məbləği isə ölkə üzrə qeydə alınan orta məbləğdən – 221,02 manatdan aşağı olub. Ən yüksək pensiya məbləği Zəngilan rayonunda qeydə alınıb – 220,68 manat. Ümumilikdə isə ölkədə orta pensiya məbləğinin 200 manatdan yüksək olduğu 8 şəhər və rayon var. Ən aşağı pensiya məbləği isə Masallı rayonunda qeydə alınıb – 171,17 manat.

Sosial müavinətlər isə “Sosial müavinətlər haqqında” qanuna əsasən, əlilliyə, yaşa və ailə başçısını itirməyə görə verilir. Qanunvericiliyə uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqlar, beşdən çox uşağı olan qadınların hər bir uşağı və müharibə veteranları bu sosial təminat növü ilə təmin edilirlər.

Müharibə əlillərinin və şəhid ailələrinin, I və II qrup Çernobıl əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqlarına, ünvanlı dövlət sosial yardımı ilə təmin edilən aztəminatlı ailələrdəki bir yaşadək uşaqlara və qanunvericilikdə nəzərdə tutulan digər şəxslərə də hər ay sosial müavinət verilir.

Uşağın doğulmasına görə ailələr, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olanlar isə birdəfəlik müavinətlə təmin olunurlar. Dəfn xərci kimi birdəfəlik müavinət, radiasiya qəzasının nəticəsində zərər çəkərək əlil olanlara hər il birdəfəlik müavinət də ödənilir. Cari ilin doqquz ayında nazirlik tərəfindən birdəfəlik müavinətlə təmin edilənlərin sayı 69,8 min nəfər olub. Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılır. Əmək və əhalinin sosial müdafisəsi naziri Sahil Babayev çıxışı zamanı bu vəsaitin 97 faizinin əhaliyə yönəldiləcəyini deyib. “Nəticədə ödəniləcək əmək pensiyalarının məcburi dövlət sığorta haqları hesabına sosial müavinətlərin məbləği artacaq. Proqnoza əsasən, gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək. Yaşa görə əmək pensiyasının orta aylıq məbləği 272 manata çatacaq. Bu isə həyata keçirilən siyasətin əsas məqsədidir”-deyə, nazir bildirib.

Məlumdur ki, hazırda ölkədə müavinətlərin məbləği heç də qənaətbəxş hesab olunmur. Xüsusilə də II və III qrup əlillərə verilən müavinətlərin həcmi 52-55 manat civarındadır. Bu isə onunla əsaslandırılır ki, II və III qrup əlillər həm də işləmək imkanına malikdir. Yəni, onlar işləyib özlərini saxlaya bilərlər. Amma, mövcud durumda, işsizliyin ciddi problemə çevrildiyi zamanda sağlamlığında məhdudiyyətlər olan bir vətəndaşın iş tapması elə də asan deyil. Nəzərə alsaq ki, hazırda səhhətində heç bir problemi olmayan, bununla yanaşı təhsilli, ixtisas sahibi olan minlərlə gənc işsizdir, əlillərin işlə təminatının hansı səviyyədə olduğunu təsəvvür etmək elə də çətin deyil. Doğrudur, Qanunvericiliyə görə hər bir dövlət qurumu, şirkət, müəssisə işçi kollektivinin 3 faizini əlillərdən təşkil etməlidir. Amma buna nə qədər riayət olunur? Təəssüf ki, hazırda hansısa dövlət qurumunda, elə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu kvotaya riayət olunub-olunmaması özü sual altındadır. Başda nazirlik olmaqla, heç bir qurum istimaiyyətə bununla bağlı hansısa bir məlumat, hesabat açıqlamayıb. Qurumlar müxtəlif üsullardan istifadə edərək bu öhdəliklərdən yayınırlar və əlillərin işlə təmin edilməsində maraqlı görünmürlər.

Belə olan halda müavinət adı altında verilən 50-55 manatla bir nəfər necə yaşaya bilər? Nazirlik bu hesablamaları apararkən hansı amilləri diqqətə alır? Bu suallara aidiyyəti qurumdan cavab almağa çalışsaq da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “qəbula” düşə bilmədik, telefon zənglərimizə cavab verən olmadı.

Bütün hallarda müavinətlərin həcmi, hansı amillərə görə təyin olunmasından asılı olmayaraq çox aşağıdır. Çünki əslində müavinət alan şəxslərin iş imkanları nəinki deyildiyi kimi deyil, hətta bilinəndən də aşağı səviyyədədir. Növbəti, 2019-cu ildən isə II və III qrup əlilliyi olan şəxslərin müavinət imkanlarının daha da məhdudlaşacağı deyilir. Baxmayaraq ki, nazirlik rəsmiləri bu məsələni fərqli şərh edirlər. 

“Əlilliyin qiymətləndirilməsi sisteminin bu sahədə mütərəqqi dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi üçün aparılan islahatlarda məqsəd insanların sosial təminat hüquqlarının daha dolğun təmin edilməsidir”-Nazirlik rəsmisi deyir. Amma müstəqil ekspertlər hesab edir ki, bu islahatlar hazırda müavinət alan II və III qrup əlillərin gələcəkdə bundan yararlana bilməməsi deməkdir. İddia olunur ki, hazırda II və III qrup əlil hesab olunanların içində saxta sənədlərlə bu “statusu” alanlar da var. Amma bu məsələdə bütün yükü müxtəlif vasitələrlə əllilik sənədi alan, həmin sənəd hesabına müavinətlə təmin olunan şəxsin üzərinə yıxmaq doğru deyil. Çünki o sənədi verən və həmin saxta sənədə görə ona müavinət təyin edən qurum var. Nəzərdə tutulan islahat, yeni mexanizm isə pensiya alan əlillərin sayını azaldacaq. Bəs ümumi mexanizmi necə, dəyişə biləcəkmi? Bunu zaman göstərəcək. /Cebhe.info/

Paylaş: