16 Yanvar 2021 12:21

Fundamental lüğət, yaxud dilçilik elmimizin qızıl açarı

      Dil – insan ruhunun əsrarəngiz  aləminə açılan sirli qapının açarıdır. “İnsan – dilinin altında gizlənib” mübarək kəlamı da çox mətləbdən xəbər verir. Bir insanın dil açıb danışdığı, dilə gətirdiyi, söylədiyi sözlər onun ruhundan, mənəviyyatından, dünyagörüşündən soraq verdiyi kimi, bir xalqın, millətin dili də onun mənliyinin, varlığının güzgüsüdür.

Görkəmli dilçi alim, akademik Ağamusa Axundovun sözlərilə desək,  “Dil elə bir güzgüdür ki, xalqın tarixi dünyabaxışı, adət və ənənələri, mədəniyyəti öz əksini həmin güzgüdə tapır.” Məhz  buna görə də həmin güzgünün – ana dilimizin  təmizliyi, saflığı, cilalanması hər zaman xalqın da, dövlətimizin də diqqət mərkəzindədir. Xüsusilə, AMEA Nəsimi adına Dilçilik İnstitutunun son illərdə  ardıcıl və sistemli şəkildə gördüyü işlər, apardığı fundamental tədqiqatlar,  hər şeydən öncə, məhz ana dilimizin saflığının qorunmasına, onun yarandığı gündən bu günümüzə qədər keçdiyi tarixi yolun elmi şəkildə öyrənilməsinə, elm və texnikanın inkişafı ilə bağlı dilimizin də dinamik inkişafının nəzəri və təcrübi cəhətdən araşdırılmasına  və s. yönəldilib. Ana dilimizin tədqiqində, dilçilik elmimizin inkişafında xüsusi yeri olan  lüğətlərin, o cümlədən terminoloju lüğətlərin tərtibi və nəşri isə xüsusilə, diqqət mərkəzindədir.

        Bu gün yaşadığımız  dünyanı, həyatımızı   elm və informasiya texnologiyaları olmadan təsəvvür edə bilmədiyimiz kimi, hər hansı bir elm sahəsini də terminoloji lüğətsiz təsəvvür etmək çətindir. Bu lüğətlərdə öz əksini tapan terminlərin  izahı və şərhini oxuyub  öyrənmədən  istənilən sahədə müəyyən biliyə sahib olmaq mümkünsüzdür. Bu baxımdan, zənnimcə, terminləri elm dünyasının sirli kodları, terminoloji lüğətləri isə həmin kodların  qızıl açarı da adlandırmaq olar. Elə bu yaxınlarda AMEA Nəsimi adına Dilçilik İnstitutunda geniş təqdimatı keçirilən “İzahlı dilçilik terminləri lüğəti”ni  də məhz, bu çür qiymətləndirə bilərik – dilçilik elmimizin qızıl açarı! Tanınmış dilçi alimlərin, mütəxəssislərin, mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən təqdimat mərasimində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu, elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, professorlar – Sayalı Sadıqova, İsmayıl Kazımov, İsmayıl Məmmədli,Qəzənfər Kazımov və b. çıxış edərək  “İzahlı dilçilik terminləri lüğəti”nin elmi əhəmiyyətindən bəhs edib, onun nəşrini yüksək dəyərləndirmişlər.

       Qeyd edək ki, bu fundamental lüğətin ərsəyə gəlməsinə qədər Azərbaycanda dilçilik terminlərinə aid bir neçə sözlük (“Rusca-azərbaycanca dil və qrammatika terminləri lüğəti”(1939), “Dilçilik terminləri lüğəti” (1957), “Müxtəsər dilçilik lüğəti” (1960), “İzahlı dilçilik lüğəti” (1969), “İzahlı dilçilik terminləri”( 1989), “Dilçilik ensiklopediyası” (2006)) nəşr edilmişdir. Dilçilik elmimizin inkişafında   əhəmiyyət kəsb edən bu lüğətləri dəyərləndirməklə yanaşı, qeyd etmək lazımdır ki, hazırda bu elmin sahələrinin genişlənməsi, çoxsaylı  tədqiqat əsərlərinin yazılması nəticəsində yeni terminlərin yaranması, onların toplanaraq  daha böyük, fundamental bir lüğətin hazırlanmasına  böyük ehtiyac yaratmışdı. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya üzrə elmlər doktoru, professor Sayalı Sadıqovanın elmi redaktorluğu ilə uzun və gərgin çalışmaların, kollektiv zəhmətin bəhrəsi kimi ortaya çıxan “İzahlı dilçilik terminləri lüğəti”  də məhz, həmin ehtiyacdan irəli gələn zərurət, zamanın tələbidir.

        Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının və Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan lüğətin baş redaktorları akademiklər İsa Həbibbəyli və Möhsün Nağısoylu, elmi redaktoru professor Sayalı Sadıqovadır. Lüğətin tərtibçiləri AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları – Terminologiya şöbəsinin müdiri,filologiya üzrə elmlər doktoru, professor Sayalı Sadıqova və  filologiya üzrə fəlsəfə doktorları, dosentlər Natəvan Hüseynova, İradə Abdullayeva, Svetlana Novruzova və Şəbnəm Həsənli –Qəribovadır. “İzahlı dilçilik terminləri lüğəti”nin rəyçiləri akademik Nizami Cəfərov və professor Qəzənfər Kazımovdur. 

        912 səhifəlik bu fundamental lüğətdə elmi-tədqi­qat və tədris prosesində tez-tez rast gəlinən 8500 termi­nin definitiv tərifinə və şər­hi­nə geniş yer verilib.“İzah­lı dilçilik termin­ləri lüğəti”ndə əksər ter­min­lərin Azərbaycan dilində izahını vermək və dilçiliyimizdə müəyyən tarixə ma­lik, qəbul edilmiş və işləklik qazanan terminlərin saxla­nıl­ma­sı prinsipi əsas götürülüb. Bun­dan əlavə, bir çox dünya dil­lərində işlənən və Azərbaycan dilində qarşı­lı­ğı­nı tam şə­kildə yaratmaq müm­kün olmayan bəzi ter­min­lər də ol­duğu kimi sax­lanılıb. “İzahlı dilçilik ter­min­ləri  lüğəti”nin tərtibi prosesində aparıcı isti­qa­mətlər bunlardır: dilin öz daxili im­kanları hesabına yaranan termin­lər; rus dilindən, rus dili vasitəsi ilə baş­qa dillərdən bir­başa alınmış terminlər; ingilis dilindən birbaşa alı­nan ter­­minlər; qohum türk dillərindən alınan terminlər.

      Yeni işıq üzü görən və mütəxəssis alimlərin “dilçilik elminə dəyərli töhfə” adlandırdıqları  bu lüğət  dilçilik elmimizin inkişaf səviyyəsindən, son nailiyyətlərindən də  soraq verir. Kitaba yazdığı   “Ön söz”də  lüğətin quruluşu, tərtibi prinsipləri haqqında oxuculara dolğun məlumat verən professor Sayalı Sadıqova  özü də hər şeydən öncə, məhz bu inkişaf səviyyəsinə diqqəti cəlb edir: “Hər bir elmin inkişaf səviyyəsi onun terminologiyasında əks olunur. Dilçilik terminləri də dilin inkişafı ilə bağlı təşəkkül tapmışdır”.   Məlum olduğu kimi, son dövrlərdə mətn dil­çili­yi, nəzəri dilçilik, kompüter dilçiliyi, koqnitiv dilçilik, psixolinqvistika və para­linq­vistikaya dair  araşdırmalar aparılır, dilçilikdə bu isti­qamətlərdə yeni sahələr yaranır. Bu dəyərli kitab barədə professor İsmayıl Kazımovun  “Dilçilik terminlərinin izahlı lüğəti” adlı məqaləsində da qeyd etdiyi kimi, “S.Sadıqovanın rəhbərliyi ilə hazırlanmış lüğətdə lüğət məqaləsinin sayı linqvistika elminin son uğurlarını əks etdirir.”

       Yüksək elmi səviyyədə hazırlanmış, müasir tələblərə cavab verən bu fundamental lüğət, mütəxəssislərin fikrincə, həm gələcəkdə yaranacaq terminoloji ensiklopediyalar üçün baza, həm də türk xalqları dilçiliyində akademik lüğətin tərtibində nümunəvi mənbə hesab edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya üzrə elmlər doktoru, professor Sayalı Sadıqovanın elmi redaktorluğu ilə nəşr olunan bu  dəyərli lüğət həm onu hazırlayan hörmətli dilçi alimlərin, həm də eyni zamanda    AMEA Nəsimi adına Dilçilik İnstitutunun  “Cümhuriyyət ili”nə daha bir qiymətli töhfəsidir.

        Bəli, terminlər – elm dünyasının sirli kodları, terminoloji lüğətlər –  həmin kodların  qızıl açarıdır! Böyük zəhmətin, birgə axtarışların  gözəl bəhrəsi olan “İzahlı dilçilik terminləri lüğəti” – isə dilçilik elmimizin qızıl açarıdır! Ümid edirəm ki, ana dilimizin saflığının, təmizliyinin keşiyində səfərbər olan və gündən-günə inkişaf edən  dilçilik elmimizi araşdıran  tədqiqatçılar , mütəxəssislər üçün bu “açar”  linqvistik terminləri – “sirli kodlar”ı açmaqda  əvəzsizdir.

       P.S. Yazını çapa hazırlayarkən hörmətli professor Sayalı Sadıqova mənə  yenicə işıq üzü görən daha bir  kitab hədiyyə etdi: “İzahlı yeni terminlər lüğəti” nin II cildi. Professor Sayalı Sadıqova və dosentlər Sima Quliyeva ilə Şəbnəm Həsənli-Qəribovanın tərtib etdiyi bu izahlı lüğət isə elm və texnikanın müxtəlif sahələrində işlənən 2700 yeni terminin –“sirli kod”un açarıdır. Kitabın baş redaktoru akademik Möhsün Nağısoylu, elmi redaktoru professor Sayalı Sadıqovadır. Hörmətli alimlərin uğurlarının  davamlı olması arzusu ilə

  Şəlalə Ana Hümmətli,

   filologiya ü.f.d., dosent

 

  

  

 

Paylaş: