16 Yanvar 2021 21:06

Rusiya Ukrayna gəmilərinə necə hücum etdi? – Təfərrüat

Rusiya Federasiyası Odessaya qayıdan Ukrayna gəmilərinə qarşı silah işlədib.

Turkustan.info xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Viktor Mujenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında deyib.

“23 noyabrda Ukrayna Hərbi Dəniz Donanmasına aid gəmi və katerlərin Odessadakı bazadan Mariupola planlaşdırılmış keçidi baş tutub. Keçid zamanı noyabrın 24-də Kerç boğazının bağlanması haqda məlumat əldə olundu. İspaniyada yerləşən beynəlxalq nəzarət mərkəzindən isə sözügedən zonanın bağlı olmadığı bildirildi”, – Mujenko bildirib.

Baş Qərargah rəisi bildirib ki, noyabrın 25-də saat 04:00-da Kerçdəki dispetçer məntəqəsinə keçid və Kerç körpüsü zonasında keçidin qrafikinin dəqiqləşdirilməsi ilə bağlı 2 sorğu göndərilib:

“Heç bir məlumat və cavab almadıq. Hərəkətə davam etdik. Daha sonra Krım körpüsünün altında keçid qaydası müəyyən edilənə qədər gözləmək barədə mesaj aldıq”.

Onun sözlərinə görə, noyabrın 25-i saat 11:00-da keçidin bağlanması barədə məlumat verilib və sözügedən məlumat beynəlxalq nəzarət mərkəzinə də daxil olub.

Baş Qərargah rəisi bildirib ki, bu məlumat həqiqəti əks etdirmirdi. Çünki saat 13:40 və 13:50-də Krım körpüsünün altından Rusiyanın bir gəmisi və iki diversiya əleyhinə kateri keçib. Amma məlumat verilmişdi ki, yük gəmisi quruya oturduğu üçün Kerç boğazı bağlanıb.

“Saat 17:00-a qədər məlumat ala bilməyən Ukrayna gəmiləri geri qayıtmaq barədə qərar qəbul etdilər. Gözləmə zonasından daimi baza yerinə qayıdarkən bizim gəmilər Krım sahilindən 13-14 mil aralıda onları müşayiət edən Rusiya gəmiləri tərəfindən atəşə tutuldu, yolları kəsildi”, – Mujenko deyib.

Qeyd edək ki, RusiyaUkrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə qoşularaq aparılıb.

Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Rusiya FTX isə 3 əsgərin yaralandığı, onlara tibbi yardım göstərildiyi və həyatları üçün heç bir təhlükə olmadığını açıqlayıb.

Paylaş: