23 Yanvar 2021 02:27

ATƏT Gürcüstanla bağlı hesabat yaydı: Seçki necə keçirilib?

ATƏT-in Seçki Müşahidə Missiyası Gürcüstandakı prezident seçkisinin ikinci turuyla bağlı hesabat yayıb.

Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, hesabatda təşkilat seçki günü və ikinci tura qədər olan dövrdə hədə-qorxu gəlmə, administrativ resurslardan yararlanma, neqativ kampaniya, sərt ritorika, güc tətbiqindən istifadə edilən insidentləri qeydə aldığını bildirib:

“Prezident seçkisinin ikinci turu rəqabət mühitində baş tutub, namizədlərin seçkiqabağı kampaniya aparmaq üçün azad imkanları olub. Lakin tərəflərdən biri əsassız üstünlükdən istifadə etməsi və hər iki tərəfin neqativ xarakterli seçkiqabağı kampaniyası bütün seçki prosesini təhdid altında qoyub”.

ATƏT həmçinin seçkiqabağı kampaniyaya sərt ritorikanın zərər vurduğunu bildirib.

Bundan başqa özəl KİV-lərin əvvəlki kimi qütbləşməni saxladığı, İctimai Televiziyanın isə redaksiya siyasətindəki qərəzsizlik və müstəqillik öhdəliyini icra etmədiyi vurğulanıb. Təşkilat seçki günü seçicilərin səslərinin müşahidə edilməsi faktının seçicilərin potensial qorxudulması imkanlarını artırdığını bildirib.

ATƏT hökumətin administrativ resurslarından yararlandığını bildirərək, burada xüsusilə bir sıra sosial və maliyyə proqramlarının başladılmasını, o cümlədən 600.000 şəxsin borcunun silinməsini misal göstərib. Təşkilat namizədlər üçün edilən ianələr məsələsində də kəskin bərabərsizliyin olduğunu və hökumətin dəstəklədiyi namizədin xeyrinə daha çox ianənin toplanıldığını iddia edib.

ATƏT səslərin sayılmasına müdaxilə cəhdlərinin də qeydə alındığını bildirib. Bununla belə səslərin sayılması prosesinin effektiv, şəffaf və yaxşı təşkil edilmiş olduğu vurğulanıb.

Paylaş: