23 Yanvar 2021 17:53

Jurnalist təşkilatı Saatlıda Cümhuriyyət irsini təbliğ edib – Foto

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Saatlı rayon İcra Hakimiyyətinin dəstəyi ilə Saatlı şəhər 4 saylı tam orta məktəbdə “Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan dövlətçiliyinin əsas varisi kimi: dövlətçilik ənənələrimizin mediada təbliği “adlı konfrans keçirib. 

Azadinform xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.  

Saatlı şəhər 4 saylı tam orta məktəbin müəllimi Roman Yusubov çalışdığı təhsil ocağında analoji mövzuda tədbirlərin tez-tez keçirildiyini bildirib. R.Yusubov qeyd edib ki, məktəblilər arasında vətənpərvərlik hissinin gücləndirilməsində bu cür tədbirlərin xüsusi rolu var.  

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə deyib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan Xalq Cümhuriyyəti irsini, Azərbaycanın zəngin dövlətçilik ənənələrini yeniyetmə və gənclər arasında təbliğ etmək, tariximizin bu parlaq səhifəsinə yenidən işıq tutmaqdır.  Seymur Verdizadə Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan dövlətçilik tarixində özünəməxsus yer tutduğunu bildirib. JAM sədri onu da vurğulayıb ki, Cümhuriyyət irsinin təbliğ etmək təkcə dövlət qurumlarının vəzifəsi deyil, vətəndaş cəmiyyəti institutları, digər sektorlar da bu prosesdə fəal iştirak etməlidirlər. 

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov bildirib ki, Prezident İlham Əliyevin 2018-ci ili “Cümhuriyyət ili” elan etməsi Azərbaycan dövlətinin AX C irsinə xüsusi önəm verdiyini göstərir. Ç.Bayramov məktəbliləri Azərbaycan tarixini dərindən öyrənməyə səsləyib. Natiq əminliklə vurğulayıb ki, öz tarixini yaxşı bilən nəsil həmişə dövlətçilik ideyalarına bağlı olacaq.

Paylaş: