16 Yanvar 2021 22:46

Azərbaycan-İran: Sanksiyalar münasibətlərə necə təsir edir?

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz səfərindən sonra bölgədə maraqlı proseslər cərəyan edir. İrana qarşı ABŞ-ın sanksiyalarına qoşulacaqlarını rəsmən bəyan etməsələr də, rəsmi Tehranla əlaqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilir. Bu yöndə Azərbaycanın da bəzi qərarları İrana tətbiq olunan sanksiyalara dəstək kimi şərh olunur. Belə ki, Azərbaycanın İranla birgə planlaşdırdığı Astara-Rəşt Dəmir Yoluna ayrılacaq 500 milyon dolların ödənilməyəcəyi bildirilib. Bu haqda Azərbaycan İqtisadiyyat Nazirliyi rəsmi olaraq məlumat yayıb. Qeyd edək ki, layihənin icra üçün lazım olunan 500 milyon dolları Azərbaycan tərəfi İrana kredit şəkildə verəcəyi bildirilirdi.

Bundan başqa, Azərbaycan tərəfi Bakı-Tehran-Bakı aviareyslərini dondurub. Belə ki, noyabrın 29-də həyata keçirilməli olan Tehran-Bakı-Tehran aviareysi ləğv edilib. “Iran Air” aviaşirkətinin saat 17:50-də “IR 748” saylı Tehrandan Bakıya olan uçuşu ləğv edilib. Həmçinin aviaşirkətin 18:50-də Bakıdan Tehrana olan “IR 749” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi. Tehran-Bakı-Tehran aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Azərbaycanın İrandan aldığı təbii qazın da həcmi də azaldıb. Bütün bunlar Azərbaycanın İrana qarşı tətbiq edilən sanksiyalara qeyri-rəsmi qoşulmasının göstəricisi kimi qiymətləndirilə bilərmi? Baş verənlər Azərbaycan-İran münasibətlərinə hansı istiqamətdə təsir göstərə bilər?

Məsələni “Cümhuriyət” qəzetinə şərh edən “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib ki, İrana qarşı sanksiyalarda Azərbaycanın bu və ya digər şəkildə iştirak etməsi yenilik deyil: 

“Hətta Azərbaycan əvvəlki sanksiyalar zamanı İrana bir nəfəslik kimi yardım da edib. İrana qadağan olunmayan məsələlər, daxili bazarın qeyri-hərbi, qeyri-nüvə sektoru ilə bağlı inkişafına dəstək verib. Eyni zamanda BMT-nin qəbul etdiyi 3 qətnamə əsasında sanksiyalarda iştirak edib. Həmin sanksiyalar isə İranın nüvə, neft sahələrini əhatə edirdi. Bunu BMT üzvü olan bütün dünya ölkələri, hətta İranın ən yaxın müttəfiqi olan Rusiya və Çin o qətnamələrə səs verib, sanksiyalarda iştirak edib. İndi isə növbəti mərhələdi. ABŞ elan edir ki, İranın atom, nüvə, maliyyə, neft və digər sahələrlə bağlı sanksiyalardan sonra rəsmi Tehranla əməkdaşlıq edən ölkələr terrora dəstək verir. Azərbaycan da öz dövlət təhlükəsizliyi baxımından İrana dair bir sıra məsələlərə qoşulur. Bu qoşulma da heç şübhəsiz ki, Azərbaycanın təhlükəsizliyinin qorunması məsələsinə aiddir. Ümumiyyətlə, Azərbaycan sanksiyalara qoşulanda bir sıra məsələlər nəzərə alınmalıdır. Bu məsələlərdən birincisi Azərbaycanın qonşu dövlətlə bağlı təhlükəsizliyinin təmin olunmasıdır. İkincisi isə iqtisadi maraqların təmin edilməsidir. Bu maraqlar təmin olunacağı təqdirdə, təbii ki, Azərbaycan da təhlükəsi atom məsələsi ilə bağlı özünü qorumalıdır. 

Azərbaycan İranın qonşusudur və rəsmi Tehranın atom sanayesi ilə bağlı atdığı istənilən şübhəli, şəffaf olmayan olmayan addın Azərbaycan üçün təhlükə yaradır. Məsələn, qonşu dövlət olan Ermənistan Atom Elektrik Stansiyasının fəaliyyəti nəticəsində radiasiyalı və digər zərərli maddələri Araz çayına axıda bilər. Perspektivdə onun Azərbaycana zərəri ola bilər. Eləcə də əvvəllər xəbər yayılırdı ki, İran nüvə sənayesində istifadə etdiyi radioaktiv tullantıları Azərbaycan sərhəddinə yaxın Ərdəbil, Muğan və sair ərazilərdə basdırır. Sonra məlum olurdu ki, həmin tullantıların basdırıldığı ərazilərdə xərçəng xəstələrinin sayı artıb. Heç şübhəsiz ki, Azərbaycan İranla qonşu olduğundan ekologiya baxımından şübhəli nüvə texnologiyalarının aşkarlanmasında maraqlıdır”.

S.Soltan qeyd edib ki, elan edilməyən sanksiyalara təkcə Azərbaycan deyil, Rusiya və digər dövlətlər də qoşulub: 

“Rusiyanın böyük neft şirkəti olan “Lukoil” İran bazarından çıxıb. Şirkət artıq neft-qaz yataqlarının araşdırılmasında iştirak etmir. Artıq Rusiyanın heç bir neft-qaz şirkəti İranda fəaliyyət göstərmir. Rusiya isə İranın ən yaxın müttəfiqidir. Perspektivdə Ermənistan da bu sanksiyalara qoşulacaq. Amma elan etməyəcək. Diplomatik münasibətlər pozulmasın deyə, dövlətlər sanksiyalara qoşulduqlarını elan etmirlər, amma iştirak edirlər. Bu da təhlükəsizlik baxımından yürüdülən siyasətdir. Təxminən 10 gün əvvəl Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan dedi ki, ola bilsin İranla sərhədi bağlayaq. Yəni, sanksiyaların tələblərinə əməl edəcəklər. Odur ki, Azərbaycanın İranla bağlı məsələlərdə müəyyən məhdudiyyətləri tətbiq etməsi nə yeni, nə də qeyri-adi deyil. Baş verə biləcək və gözlənilən hadisədir”.  /Cebhe.info/

Paylaş: