26 Yanvar 2021 07:34

Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş respublika müşavirəsi və “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri keçirildi

Noyabrın 30-da Cəlilabad rayonundakı Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş respublika müşavirəsi keçirildi.

Müşavirədə mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavini Rafiq Bayramov, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov, nazirliyin müvafiq struktur əməkdaşları, 15 regional mədəniyyət idarəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisləri, nümayəndələri iştirak edirdi.Müşavirədə çıxış edən Əbülfəs Qarayev ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti haqqında ətraflı danışdı. Vurğuladı ki, son illərdə həyata keçirilən islahatlar nəticəsində mədəniyyət sahəsinin inkişaf səviyyəsi, idarəçiliyinin təkmilləşdirilməsi daha da yüksəlib.Nazir bildirdi ki, bu gün Azərbaycan mədəniyyəti dünyada geniş miqyasda təbliğ olunur: “Bütün bunlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri, bu sahəyə diqqət və qayğısı sayəsində mümkün olub. Azərbaycan xalqının yaratdığı mədəniyyət nümunələri UNESCO səviyyəsində də öz layiqli yerini tutmaqdadır. Bu günlərdə mədəni irsimizlə bağlı daha iki nümunə – Yallı rəqsi və “Dədə Qorqud” dastanı ilə bağlı nominasiyalar bəşəriyyətin xəzinəsinə daxil edildi”. Diqqətə çatdırıldı ki, ötən illərdə qeyri-maddi mədəni irsimizin nümunələri – Azərbaycan muğam ifaçılığı, aşıq sənəti, xalça sənəti, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, Novruz bayramı, tar ifaçılığı, kəlağayı sənəti  UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına, çövkən – ənənəvi Qarabağ atüstü oyunu isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Həmçinin İçərişəhər və Qobustan UNESCO-nun Dünya İrsi Siyahısına salınıb. Nazir vurğuladı ki, bu sahədə həyata keçirilən tədbirlər qarşıdakı illərdə davam etdiriləcək və xalqımızın digər mədəni irs nümunələri də UNESCO-nun müvafiq siyahılarında yer alacaq. Regional mədəniyyət idarələrinin fəaliyyətinə toxunan Əbülfəs Qarayev bildirdi ki, idarəçiliyin təkmilləşdirilməsi, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər davam etdiriləcək. Ölkəmizin zəngin mədəni sərvəti var və biz bu mədəniyyəti, mədəni xidmətləri günün müasir tələbləri səviyyəsində təqdim etməliyik. Bu işə gənc nəslin, müasir üslubları tətbiq edə biləcək kadrların cəlb olunmasına xüsusilə diqqət ayrılmalıdır. Həmçinin regionlarda keçirilən mədəniyyət tədbirlərinin səviyyəsinin artırılması, eləcə də media orqanlarında daha geniş işıqlandırılması olduqca vacibdir. Sonra Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli “Regional idarələrin fəaliyyəti: nailiyyətlər, problemlər və vəzifələr” mövzusunda məruzə ilə çıxış etdi. Qeyd etdi ki, nazirliyin regional idarələrinin yaradılmasından iki il ötür. Bu sahədə həyata keçirilən islahatlar nəticəsində yerlərdə mədəniyyət sahəsində idarəçiliyin təkmilləşdirilməsi, maliyyə vəsaitlərindən düzgün istifadə olunması ilə bağlı bir sıra müsbət nəticələr əldə edilib. Şöbə müdiri həmçinin problemlər və qarşıda duran vəzifələr haqqında da geniş məlumat verdi. İxtisaslı kadrlar, ödənişli xidmətlərin təşkili, əməkdaşların təkmilləşdirilməsi üçün təlimlərin keçirilməsi kimi məsələlərə toxundu. Müşavirədə daha sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev, Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov və digərləri çıxış edərək ötən müddət ərzində həyata keçirilən işlər haqqında məlumat verdilər. Qarşıda duran vəzifələrin icrası istiqamətində zəruri addımlardan danışıldı. Müşavirəyə yekun vuran nazir Əbülfəs Qarayev regional idarələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələrini verdi. Qeyd edək ki, müşavirə Gəncə, Sumqayıt, İsmayıllı, Xaçmaz və Horadizdəki mədəniyyət müəssisələri ilə videobağlantı vasitəsilə canlı yayımlanıb.

Noyabrın 30-da Cəlilabad rayonunda “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri keçirildi. Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə cari ilin iyun-avqust aylarında reallaşan “Bölgələrdən bölgələrə” festivalının əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin genişləndirilməsi məqsədini daşıyan layihə geniş əks-səda doğurub. Diqqətə çatdırıldı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı bütün ölkəmizi gəzdi. Layihə iyunun 25-dən avqustun 10-dək ardıcıl olaraq hər həftə Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin şəhər və rayonlarında gerçəkləşdi. Nazirliyin regional idarələri tərəfindən qurulan festival çadırları yerli sakinlərin və qonaqların marağına səbəb oldu. Vurğulandı ki, yerli icra orqanlarının da dəstəyi ilə reallaşan bu layihə ilk dəfə ölkəmizin bütün regionlarını əhatə etməklə onların mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə bütöv halında, bir festival meydançasında tanış olmaq imkanı yaratdı. Nazir festivalın keçirilməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdi. Əbülfəs Qarayev festivalın işinin təşkilinə verdiyi dəstəyə görə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov və Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova nazirliyin fəxri fərmanlarını təqdim etdi. Regional idarələrin rəislərinə və festivalda fəal iştirak edən kollektivlərə Mədəniyyət Nazirliyinin fəxri fərmanlarını nazir müavini Rafiq Bayramov təqdim etdi. “Bölgələrdən bölgələrə” festivalının yekun tədbirində folklor və rəqs kollektivlərinin,  incəsənət ustalarının konsert proqramı nümayiş olundu. Daha sonra tədbir iştirakçıları Cəlilabad Olimpiya Kompleksində nümayiş etdirilən xalq sənətkarlıq nümunələrinin, rəssamların əl işlərinin sərgi-yarmarkası ilə tanış oldular. Qeyd edək ki, “100 illik tariximiz” devizi altında reallaşan “Bölgələrdən bölgələrə” festivalına iyunun 25-də Masallı şəhərində (Masallı Regional Mədəniyyət İdarəsi) start verilmişdi. Festival iyunun 26-da Lənkəranda, iyunun 30-da Salyanda (Biləsuvar Regional Mədəniyyət İdarəsi), 1 iyulda Sabirabadda, 7 iyulda Füzuli rayonunun Horadiz şəhərində (Kürdəmir Regional Mədəniyyət İdarəsi), ardınca Ağdamın (Ağcabədi Regional Mədəniyyət İdarəsi) Quzanlı qəsəbəsində (8 iyul), Göyçay (Ağdaş Regional Mədəniyyət İdarəsi) şəhərində (14 iyul), Mingəçevir (Bərdə Regional Mədəniyyət İdarəsi) şəhərində (15 iyul) təşkil olunub. Daha sonra layihənin növbəti mərhələləri iyulun 21-də Göygöl rayonunda (Şəmkir Regional Mədəniyyət İdarəsi), 22-də Naftalan şəhərində (Gəncə Regional Mədəniyyət İdarəsi), iyulun 27-də Oğuz şəhərində (Şəki Regional Mədəniyyət İdarəsi), 28-də isə İsmayıllıda gerçəkləşib. Layihənin son üç tədbiri 3 avqustda Qusarda (Xaçmaz Regional Mədəniyyət İdarəsi), 4 avqustda Sumqayıtda, avqustun 10-da Tovuzda (Ağstafa Regional Mədəniyyət İdarəsi) təşkil olunub. Festivalın tədbirlərində nazirliyin regional idarələrinin hər biri öz guşə-çadırı ilə təmsil olunub.

Paylaş: