20 Yanvar 2021 10:23

Apteklərdə psixotrop dərmanlar: Hansı nazirlik lisenziya verməlidir?

Psixotrop və güclü təsiredici tərkibli dərmanların satışını həyata keçirmək istəyən sahibkarlara lisenziyanı Daxili İşlər Nazirliyi verir. Bunun üçün sahibkar ilk növbədə Səhiyyə Nazirliyinə müraciət edir. 

Nazirlik isə həmin müraciət edənin göstəricilərinin tələblərə uyğun olub-olmadığını yoxlayır. Müvafiq qaydalara uyğun sənədlərə Səhiyyə Nazirliyi müsbət rəy verdikdən sonra Daxili İşlər Nazirliyinə göndərilir. DİN bütün sənədlərin qaydasında olduğuna əmin olduqdan sonra belə tərkibli dərmanların satışına icazə verir. 

Maraqlıdır, psixotrop və güclü təsiredici tərkibli dərmanların satışına lisenziyanı nəyə görə Səhiyyə Nazirliyi yox, Daxili İşlər Nazirliyi verir? 

Farmakoloq-alim Aydın Əliyev Cebhe.infoya bildirib ki, sözügedən tərkibli dərmanların satışında müəyyən işlər tam yerinə oturmadığı üçün DİN-in rəy verməsinə ehtiyac yaranır: 

“Psixotrop dərmanlar insanın əqli fəaliyyətini, təfəkkürünü dəyişdirir. Belə tərkibli dərmanlar adətən psixoterapiya mərkəzlərində pisxoz xəstələrə istifadə olunur. Bu dərmanlar insanın əhval-ruhiyyəsini dəyişdirir, eyforiya – insanın məmnuniyyət duyduğu və özünü yaxşı hiss etdiyi bir ruhi vəziyyət verir və.s. Bu dərmanlardan tək xəstələr yox, həm də cinayətkar qruplar istifadə edirlər. Bu dərmanlardan istifadə edəndə insanları cinayətə meyilləndirmək asan olur. Təbii ki, bu dərmanlar həkimlərin əllərində müalicə, qeyrilərində isə cinayət törətmək üçün bir vasitədir. Psixotrop və güclü təsiredici tərkibli dərmanların satışı ilə bağlı lisenziyanın DİN tərəfindən verilməsi, tərəflər arasındakı münasibətlərin yüksək səviyyədə olmamasından irəli gəlir. Bir var, bu işlə həkimlər məşğul olur, bir də var ki, sahibkarlar. Burada gətirilən dərmanların keyfiyyəti, vergidən yayınma hallar və.s kimi məsələlər var”.   

Paylaş: