20 Yanvar 2021 19:39

“Bu, zorakılığa çağırışdır” – Dövlət Komitəsi məlum video ilə bağlı mətbuata müraciət etdi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi son günlərdə həyat yoldaşı tərəfindən zorakılıqla üzləşmiş qadınla bağlı videogörüntünün yayılması ilə əlaqədar KİV-lərə müraciət edib. 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov BakuPost-a bildirib ki, bu gün mətbuatda zorakılığa məruz qalmış qadın və uşaqlarla bağlı məlumatların yerləşdirilməsinə düzgün yanaşmalar müşahidə edilmir.  
E. Səfərov deyib ki, bəzi hallarda sosial şəbəkələrdə qadınların və uşaqların zorakılığa məruz qalmasına dair videogörüntülər paylaşılır: 
“Çox təəssüflər olsun ki, belə videogörüntülər bəzi veb-saytlarda da yayımlanır. Belə videogörüntülərin yayılması, belə məlumatların yerləşdirilməsi insan hüquqlarının pozulmasıdır. Birincisi, həmin videogörüntünü, məlumatı yayan şəxs insan hüquqlarını pozur. İnsanın şəxsi həyatı ilə bağlı məlumatların açıqlanması, razılığı olmadan onun haqqında məlumatın yayılması yolverilməzdir. Hətta həmin insanın razılığı olsa da, zorakılıqla bağlı belə formada videogörüntünün, məlumatın yayılması insan hüquqlarının pozulmasıdır. İkincisi, mətbuat belə məlumatların yayımlanması qaydasına riayət etməlidir. Vətəndaş zorakılığa məruz qalıbsa, mətbuat işçisi bunu işıqlandırırsa, videogörüntüdə həmin şəxsin üzü, o cümlədən zorakılığın özünün necə baş verməsi göstərilməməlidir. Çünki bu, cəmiyyətdə zorakılığa çağırışdır. Bu halda həm də jurnalist etikası pozulur”. 
  
Dövlət Komitəsinin şöbə müdiri qeyd edib ki, hazırda Avropa Şurası ilə birlikdə jurnalistikada etika qaydaları ilə bağlı xüsusi sənədin layihəsi hazırlanıb: “Bu sənəd tövsiyə xarakterlidir. Ombudsman Aparatı, Dövlət Komitəsi, digər dövlət qurumları və QHT-lər bu sənəd üzərində işləyir. Biz gözləyirik ki, gender bərabərliyi və uşaq hüquqlarının müdafiəsi istiqamətində sənəddə əks etdirilən məsələlərə bizim jurnalistlər də riayət edəcəklər. Ümumiyyətlə, jurnalistlərə tövsiyəmiz ondan ibarətdir ki, belə videogörüntü yerləşdirilən zaman  vətəndaşın məxfiliyi qorunsun, videogörüntüdə onun üzü, törədilən zorakılıq göstərilməsin.Məlumat yazılı şəkildə yerləşdirilən də həmin vətəndaşın adı, yaşayış yeri, qeydiyyata düşdüyü yer göstərilməməlidir. Bu ona görə lazımdır ki, sonradan cəmiyyətdə həmin insana qarşı qınaq olmasın. Sadəcə, hüquq-mühafizə orqanları birbaşa həmin problemin qarşısının alınması istiqamətində işlər görsünlər”.   /bakupost.az/

Paylaş: