Be. Dek 9th, 2019

Universitetlərə qəbul olmayanlar üçün əlavə şans – Abituriyentlər risklə üzləşməyəcək

Cari ildə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı və ixtisas qrupları üzrə imtahanda yaxşı nəticə göstərərək ali məktəbə qəbul ola bilməyənlər üçün növbəti ildə iki seçim imkanı olacaq. 
Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə BakuPost-a açıqlamasında deyib ki, Nazirlər Kabinetinin ötən gün təsdiqlədiyi  “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları” və “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları” abituriyentlərə belə seçim imkanları yaradacaq.   
Qeyd edək ki, “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”na əsasən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün – tədris dili, xarici dil və riyaziyyat, tədris ingilis, fransız və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün – xarici dil və riyaziyyat fənlərindən olmaqla, Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 100 baldır. İmtahanın davametmə müddəti 45 dəqiqədir.
Cari ilin məzunlarının ali məktəbə qəbul olması üçün buraxılış və ixtisas qrupları üzrə imtahanın birgə nəticələri əsas götürülür. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən ixtisas qrupları üzrə imtahanda, yəni qəbul imtahanının ikinci mərhələsində abituriyentlərə hər fənn üzrə 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal nisbi əmsalı 1,5 olan fənlər üzrə 150 bal, nisbi əmsalı 1 olan fənlər üzrə 100 bal olmaqla, cəmi 400 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.
“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən buraxılış imtahanının nəticələri cari və növbəti tədris illərində qüvvədədir. Ancaq yeni Qaydalar cari ildə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı və ixtisas qrupları üzrə imtahanda yaxşı nəticə göstərərək ali məktəbə qəbul ola bilməyənlərə növbəti ildə bir neçə şansdan istifadə etmək imkanı yaradır. 
X. Xanlarzadə BakuPost-a bildirib ki, tutaq ki, abituriyent bu il buraxılış imtahanını verib və bu imtahanını nəticələri cari və növbəti tədris illərində qüvvədədir: “Ali məktəbə daxil ola bilməyən abituriyent növbəti tədris ilində qəbul imtahanının birinci mərhələsinə qatılmadan ikinci mərhələnin imtahanında iştirak edə bilər. Ancaq bu halda abituriyentin seçim imkanı olacaq. Sadə dildə desək, tutaq ki, abituriyent buraxılış imtahanından 5 bal toplayıb, növbəti ildə nəticələrini yüksəltmək üçün buraxılış qaydasında keçirilən qəbul imtahanının birinci mərhələsində iştirak etmək istəyir. Abituriyentə belə bir şans yaradılacaq. Deyək ki, abituriyent buraxılış qaydasında keçirilən imtahanda öncəki il keçirilən buraxılış imtahanı ilə müqayisədə daha yüksək bal topladı, sonra da  ixtisas qrupları üzrə imtahanda iştirak etdi.  Beləliklə, abituriyent qəbul imtahanının bu iki mərhələsində topladığı ümumi balla ixtisas seçimi edə biləcək. Ancaq o da ola bilər ki, abituriyent növbəti ildə buraxılış imtahanı qaydasında keçirilən qəbul imtahanında daha zəif nəticə göstərsin. Bu da mümkündür. Çünki abituriyentlər orta məktəbdə oxuduqları dövrdə daha hazırlıqlı olur və aradan keçən bir ildən sonra daha zəif nəticə göstərə bilər. Sadə dillə desək, tutaq ki, abituriyent cari ildə buraxılış imtahanında 200 bal toplayıb, növbəti ildə nəticəsini daha da yaxşılaşdırmaq üçün qatıldığı buraxılış imtahanı qaydasında keçirilən imtahanda isə 180 bal topladı. Ancaq bu halda abituriyentin bir il əvvəl buraxılış imtahanında topladığı 200 balı və ixtisas qrupları üzrə keçirilən imtahanda toplayacağı bal əsasında ixtisas seçiminə getməsi şansı olacaq. Abituriyentə belə icazə veriləcək”. 
DİM sektor müdiri yeni Qaydalarda indiyə qədər olduğu kimi ixtisas qrupları üzrə qəbul imtahanlarının yaz və yay sessiyalarının təşkil ediləcəyini xatırladıb. Yəni abituriyentlər ixtisas qrupları üzrə imtahanda iki dəfə şanslarını sınaya biləcəklər. Yekunda isə abituriyent ixtisas seçimində yaz və yay sessiyalarında iştirak etdiyi iki imtahandan hər hansı birinin nəticəsini əsas götürə bilər.    /bakupost.az/ 

Paylaş: