Bz. Sen 22nd, 2019

Ölkənin lider mobil operatoru şəbəkəsinin imkanlarını genişləndirir və gücləndirir

Azərbaycanın telekommunikasiya bazarında lider mobil operator olan “Azercell Telekom” abunəçiləri yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək və rəqəmsal dünyanın ən son yeniliklərinin ölkədə tətbiqinə hazır olmaq üçün şəbəkənin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi və təqdim olunan internet xidmətinin sürətinin daha da artırılması istiqamətində bir sıra mühüm addımlar atıb. Dekabrın 14-15-də Abunəçi Məlumatlarının Mərkəzləşdirilməsi layihəsi (UDC) uğurla tamamlanıb. Bir neçə mürəkkəb mərhələni özündə biləşdirən UDC layihəsi “Azercell” şirkətinin texnoloji cəhətdən davamlı inkişafının göstəricilərindən biridir. Qeyd edilən tarixlərdə, həmçinin məlumat strukturumuzun gücləndirilməsi zəminində HLR Miqrasiyası prosesi müvəffəqiyyətlə yerinə yetirilib. Paralel şəkildə internet ötürücülüyünün artırılması məqsədilə Paket-kommutasiya şəbəkəsinin genişləndirilməsi işləri də uğurla icra olunub.

“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev sözügedən proseslərlə bağlı bildirib ki, şirkət abunəçiləri təqdim edə biləcəyi ən güclü və dayanıqlı şəbəkə ilə təmin etmək üçün böyük layihələr həyata keçirir və mövcud resurslardan maksimal şəkildə istifadə edir.

“Ümumiyyətlə, bu tip nəhəng layihələrin yerinə yetirilməsi çox ciddi riskləri özündə birləşdirir. Bir çox ölkələrdə bu layihələr zamanı ümumi şəbəkə kəsintisi kimi ciddi fəsadlar yaşanıb. Lakin “Azercell” UDC layihə qrupu “Ericsson” mütəxəssisləri ilə birlikdə qarşıya çıxa biləcək bütün risk və problemləri öncədən nəzərə alaraq, texniki nasazlıqları minimum həddə endirə biliblər”, – deyə V.Mürsəliyev bildirib. O, bütün diqqətin “Azercell” şəbəkəsinin 5G və digər yeni nəsil texnologiyaların tətbiqinə hazırlanmasına, müştəri təcrübəsinin mükəmməlləşdirilməsinə yönəldiyini vurğulayıb.

V.Mürsəliyev onu da qeyd etdi ki, şirkət bundan sonra da təqdim etdiyi keyfiyyətli və rahat xidməti ilə abunəçilərin gündəlik, eləcə də işgüzar həyatını asanlaşdırmaq üçün çalışmağa davam edəcək.

Qeyd etmək lazımdır ki, UDC (User Data Consolidation) – Abunə istiqamətli telekommunikasiya şəbəkələrinin verilənlər bazasının daha çevik, daha sürətli və daha keyfiyyətli istifadəsinə imkan verir. UDC – çoxməqsədli sistemdir və telekommunikasiya sahəsində fəaliyyət göstərən digər bütün növ sistemlərlə uyğunlaşa bilir.

Telekommunikasiya şəbəkəsində hər bir aktiv mobil cihazın məlumatlarını özündə cəmləyən HLR-yerləşmə qeydiyyatı bazası mövcuddur. HLR-ın məqsədi bu məlumatların toplanmasında funksionallığı təmin etmək və istifadəçinin müəyyən edilməsi (təsdiqlənməsi) kimi istəkləri emal etməkdir. Qeyd edək ki, məlumat bazası hər zaman yenilənir. Tutum qabiliyyəti tükənmək üzrə olarkən və ya şəbəkədə təkmilləşmə işləri görülərkən, hər bir istifadəçi üçün məlumat strukturu gücləndirilməli olur. Bu halda istifadəçi məlumatlarının itirilməsinin qarşısının alınması üçün data köhnə HLR-dan (mənbə HLR) yeni HLR-a (hədəf HLR) köçürülür. Bu proses HLR miqrasiyası adlanır ki, şirkətimiz tərəfindən uğurla tamamlanıb.

Paket-kommutasiya şəbəkəsinin genişləndirilməsi layihəsi müştəri təcrübəsinin inkişafına yönəlmiş mühüm proseslərdən biridir. “Azercell” onun köməyi ilə internetdə məlumat ötürücülüyünü artırmağa nail olacaq. Beləliklə də, internet istifadəsinin pik saatlarında mobil operatorun abunəçiləri sürətin nisbətən zəifləməsinin şahidi olmayacaqlar.

Ümumiyyətlə, bütün sadalanan proseslər təkmilləşməyə yönəldiyindən müştərilərin rahatlığını təmin etməkdə yardımçı olur.

Azərbaycana bir sıra texnoloji yeniliklər gətirən “Azercell” bundan sonra da öz missiyasına sadiq qalaraq innovativ həllər, müasir xidmətlər vasitəsilə abunəçilərin həyatını asanlaşdırmaq və rəqəmsallaşdırmaq üçün şəbəkəsinin gücləndirilməsini davam etdirəcək, bu istiqamətdə zəruri olan tədbirləri həyata keçirəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. 

Paylaş: