Bz. Sen 22nd, 2019

Paşinyan Qarabağ klanı ilə SON DÖYÜŞDƏ

Ermənistanın eks-prezidenti Robert Koçaryanın barəsində çıxarılmış həbs qərarının dəyişdirilməsi ilə bağlı Kassasiya Məhkəməsinə müraciət edilib.Hazırda həbsdə saxlanılan sabiq prezidentin vəkillərinin verdiyi məlumata görə, kassasiya şikayəti 107 səhifədən ibarətdir. Xatırladaq ki, Robert Koçaryan 2008-ci il martın 10-də dinc kütləvi aksiyanın gülləbaran edilməsinə əmr verməkdə və dövlətin konstitusion əsaslarını güc yolu ilə dəyişdirməkdə ittiham edilir. 

Siyasi müşahidəçilərin rəyinə görə, R. Koçaryanın azadlığa buraxılması Ermənistanda siyasi vəziyyəti yenidən dəyişə bilər.Çünki aprel ayında Serj Sarkisyanın “məxməri inqilab” yolu ilə devrilməsindən sonra Qarabağ klanı başsız qalmış vəziyyətdədir.Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın qabaqlayıcı addım atıb Robert Koçaryanı həbs etdirməsi Qarabağ klanını ikinci prezidentin ətrafında cəmləşdirmək imkanından məhrum edib. Lakin adıçəkilən klan hakimiyyətdən uzaqlaşsa da maliyyə və hərbi resurslara malikdir. Onların əsas problemi daha çox lider çatışmazlığı ilə bağlıdır.Bu baxımdan, Qarabağ klanı Serj Sarkisyandan daha güclü təsir bağışlayan R.Koçaryanın azadlığa çıxmasına çalışır.Əgər məhkəmə R.Koçaryana bəraət verərsə, o zaman Qarabağ klanı və radikal siyasi qüvvələr parlamentdən kənar siyasi müxalifət formalaşdırmaq üçün toparlanmağa çalışacaq. Bu isə Paşinyan hökumətinə qarşı ölkədə Rusiya tərəfindən dəstəklənən yeni siyasi güc mərkəzinin yaranmasına səbəb ola bilər. Bu təhlükəni görən N.Paşinyan Qarabağ klanına təzyiqləri artırmaqla alternativ qüvvələri neytrallaşdırmağa çalışır.Mövcud ziddiyyət isə özünü daha çox N.Paşinyan hökuməti ilə Dağlıq Qarabağdakı separatçı rejim arasında qarşıdurmanın artmasında göstərir.Hazırda qeyd edildiyi kimi Serj Sarkisyan siyasi reytinqini tamamilə itirib.Robert Koçaryan da həbsdədir.Ona görə də Qarabağ klanının Paşinyana qarşı müqavimət mərkəzinin başında daha çox işğalçı rejimin rəhbəri Bako Saakyan ön planda görünür.Bako Saakyan özünü neytral mövqedə göstərməyə çalışsa da Paşinyana qarşı müxalifət üçün istinad divarı rolunu oynayır. Bu da “məxməri inqilab”ın lideri ilə separatçıların başçısı arasında “soyuq müharibə”nin yaranması ilə müşahidə olunur. Nikol artıq hakimiyyətini möhkəmlətdiyi üçün Qarabağ klanının son qalığı kimi Bako Saakyanı da devirməyi qarşısına məqsəd qoyub.Bako Saakyanla Ermənistanın hazırkı baş nazirinə tabe olmaq istəməməsi ona qarşı hücumlarla nəticələnir.Son günlər Xankəndidə Saakyan rejiminə qarşı etiraz aksiyalarının başlamasına dair məlumatlar da bu təzyiqin göstəricisidir.

Ermənistanda sosial şəbəkələrdə yer alan xəbərlərdə Xankəndini yenidən etiraz dalğasının bürüdüyü bildirilir. Bir neçə gündür şəhərin mərkəzi küçələrində müxtəlif təbəqələrdən olan əhalinin iştirakı ilə mitinqlər, etiraz aksiyaları və yürüşlər keçirilir.

Rəsmi İrəvan müxtəlif bəhanələrlə xüsusi təyinatlı dəstələri Xankəndiyə göndərsə də, görülən tədbirlər Ermənistan ictimaiyyətindən gizlədilir. Xəbərlərdə qeyd edilir ki, görünür, Nikol Paşinyan İrəvanda nail olduğu məqsədinə burada da çatmaq və “Qarabağ klanı”nı hakimiyyətdən birdəfəlik uzaqlaşdırmaq fikrindədir.

Eksperlərin fikrincə, hadisələrin belə inkişafı tezliklə Ermənistan və Qarabağ erməniləri arasında siyasi qarşıdurmanı dərinləşdirəcək.Bako Saakyan isə hələlik xarici ölkələrə səfər etməklə öz mövqeyini daha çox diasporanın dəstəyi ilə qoruyub saxlamağa çalışır.Ermənistanda “məxməri inqilab”a dəstək vermiş diasporanın Nikol Paşinyana təsir imkanları genişdir.Bu baxımdan, B.Saakyan xaricdə yaşayan ermənilərin vasitəsilə Paşinyandan qorunmaq taktikası seçib.   /Cebhe.info/

Paylaş: