Bz. Sen 22nd, 2019

Səsi yaşıl, ruhu ağ insan…

Ölkənin görkəmli alimlərindəndir- alimlər iki cür olur, bir sahədə püxtələşən və hər tərəfli mükəmməl. Mükəmməlləri hamıya görkəm olur…
Kişiliyə böyük dəyər verir- özündə olmayan bunu bacarmaz…
İmanlıdır- halalına haram qatmaz…
Ziyalıdır- həqiqəti söyləməkdən çəkinmir…
Ədalətlidir- haqq olmayan yerdə görünmür…
Fədaidir- Azadlıq meydanında milyonlarla insan buna şahid olub….
Əzəmətlidir- Yaradanın izni olmasa, bir kəs min kəsdən seçilməz…
Səsi yaşıl, ruhu ağdır- bunu ariflər üçün dedim…
Sədaqətlidir- İlahi bəzəkdir, hər kəsdə ola bilməz…
O, 1947-ci ildə Vedibasarda doğulub. 1966-cı ildə orta təhsilini Bakıda bitirib. Elə həmin il də Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olunub. Oranı müvəfəqiyyətlə başa vurub. 
1972-1994-cü illərdə həmin fakültənin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor vəzifələrində çalışıb.
1978-ci ildə namizəd, 1989-cu ildə doktor elmi dərəcələrinə yiyələnib.
1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.
1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilib.
1993-cü ildə Azərbaycan Respublikasının Ali və Orta ixtisas təhsili naziri vəzifəsi ona həvalə olunub.
1993-cü ildə həmin nazirliyin ləğvi ilə əlaqədar nazir vəzifəsindən uzaqlaşdırılıb.
Azərbaycan xalqının qarşısında alnı açıq, üzü ağdır. Çox ürəklərdə yuva qura bilib. Hamı onu təmiz adam, söz deməyi bacaran ziyalı kimi tanıyır. Deyir ki, vəzifə gəldi-gedərdir, əsas odur ki, xalqının dəyərli övladı ola biləsən…
Bəli, Firudin Cəlilov xalqımızın böyük oğullarından biridir- böyüklüyünü xidmətləri ilə göstərib…
Belə insanlara diqqət göstərmək, qayğısına qalmaq Tanrının xoşuna gələn əməllərdəndir…
Hörmətli Firudin müəllim, xalqın qarşısında xidmətləriniz var, ona görə də sevilirsiz. 
Bəndələrinin sevdiyi qulunu Tanrı da sevir…
Yeni iliniz mübarək!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Paylaş: