Bz. Sen 22nd, 2019

“Strateji Menecment Məktəbi” layihəsi keçiriləcək

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Strateji Menecment Məktəbi” layihəsi keçiriləcək.

Layihənin əsas məqsədi ölkəmizdə gənclərin biznes, iqtisadiyyat, xüsusən də idarəçilik sahəsində inkişaf etməsi və gənclərin bu sahə ilə bağlı maariflənməsidir. Layihənin benefisiarları 16 – 29 yaş arası gənclər, gənc startapçılar, menecerlər, ali təhsil müəssisəsinin tələbələri, biznesin idarə olunması, idarəçilik, iqtisadiyyat ixtisaslarının məzun və tələbələridir. Layihə 3 ay müddətində davam edəcək və iki mərhələdən ibarət olacaqdır. İlkin mərhələdə gənclərə rəhbərin bilməli olduğu müxtəlif mövzularda peşəkar, təcrübəli təlimçilər tərəfindən təlimlər keçiriləcəkdir. Keçiriləcək təlim mövzuları bunlardır: “Strateji Menecment”, “Risk Menecment”, “Biznesə başlamanın yolları”, “Marketinq”, “Büdcə planlaşdırılması”, “İnsan Resurslarının idarə edilməsi”.

Təlim sessiyaları yekunlaşdıqdan sonra layihə iştirakçıları komandalar şəklində “Strateji Menecment” virtual simulyasiya oyununda yarışacaqlar. Simulyasiya oyunu strateji idarəetmə istiqamətində təşkil olunacaqdır. Komandaların məqsədi virtual bazarda rəqabət aparmaq, düzgün qərarların verilməsini öyrənmək, dəyişən şərtlərə, hadisələrə, qiymətlərə çevik reaksiya verərək, idarə edilən kapitalın artmasını təmin etməkdir. Hər həftənin şənbə günü qərar qəbul etmə günü olacaqdır. Layihənin sonunda qalib komandalar müxtəlif hədiyyələrlə mükafatlandırılacaqdır. Layihənin həyata keçirilməsi həm gənclərin idarəçilik, analitika, sahibkarlıq, biznes sahələrində bilik və bacarıqlarını artıracaq, həm də gələcəyin rəhbərlərinə – gənclərimizə biznesin idarə olunması sahəsində özlərini sınamağa, təcrübə qazanmağa imkan yaradacaqdır.

Paylaş: