Ca. Avq 22nd, 2019

ABŞ dünya ağalığından niyə çəkilir? – Açıqlama

Tramp ABŞ-ın daxili məsələlərinin həll edilməsinə daha çox önəm verir.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a ABŞ Prezidenti Donald Trampın ABŞ-ın dünya jandarmı olaraq qala bilməyəcəyi fikrinə münasibət bildirən politoloq Əhəd Məmmədli deyib. Politoloq Trampın öncə bir biznesmen olduğunu bildirib:

“Siyasətlə məşğul olandan, prezident seçiləndən sonra da Tramp üstünlüyü iqtisadiyyata verir. Tramp prezident seçiləndən sonra sadə amerikalıların sosial vəziyyəti daha da yaxşılaşdı, ABŞ-da son illərin ən böyük iqtisadi artımı müşahidə edildi. Tramp üçün Meksikayla sərhədlərin qorunması Suriya müharibəsindən daha vacibdir. Ölkə daxilində miqrant probleminin həlli Donbas, Krımın işğalından daha önəmlidir. Donald Trampın məlum açıqlaması təsadüf deyil. ABŞ hələlik dünyanın bir nömrəli supergücü olaraq qalır. Amma dünya və regiondakı digər dövlətlər də güclənir, müstəqil siyasət yürütməyə başlayır. NATO-nun özündə ABŞ-la bərabər Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə də güc kimi ortaya çıxmaqdadır. Digər tərəfdən, Çin, Rusiya, Hindistan iddialarını ortaya qoyub”.

Politoloqun sözlərinə görə, məhz Suriya məsələsinə gəldikdə isə bu Trampın müstəqil qərarıdır:

“Hələlik qərarının arxasında durur. Ərdoğanla məlum telefon söhbətindən sonra Tramp ikinci dəfə “biz oradan çıxırıq” qərarını verdi. Bu qərara hələ də ABŞ-ın daxili və xaricində ciddi təpkilər var. Müdafiə naziri Mettis əbəs yerə istefa vermədi. ABŞ-ın NATO müttəfiqləri Britaniya və Fransa bu qərarı ciddi narazılıqla qarşıladı. PKK pərişan vəziyyətdədir, İsrail isə hələlik sakit durur. Lakin ABŞ-ın digər NATO müttəfiqi Türkiyə məlum qərarı razılıqla qəbul etdi. Amerikalılar praqmatik xalqdır. Onlar gördülər ki, Türkiyə üçün Şimali Suriya qırmızı xətdir, ona görə də vəziyyəti gərginləşdirmək əvəzinə yumşaltmağa getdilər. Düşünürəm ki, gecikmiş də olsa, düzgün qərardır”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ dünya jandarmı olaraq qala bilməz.

Paylaş: