Bz. Sen 15th, 2019

Mehdi Mehdiyev: “Diaspor təşkilatı hadisə baş verən andan zərərçəkənlərin yanındadır”

Mehdi Mehdiyev: “Diaspor təşkilatı hadisə baş verən andan zərərçəkənlərin yanındadır”

Yeni il ərəfəsində Rusiyada azərbaycanlıların düşdüyü yol qəzası, onlara göstərilən maddi və tibbi yardımla bağlı bəzi media orqanlarında dəqiqləşdirilməmiş məlumat yayılıb. Məlumatda bildirilir ki, Rusiyadakı diaspor təşkilatları yaralanan və dünyasını dəyişən azərbaycanlılarla bağlı heç bir maddi və mənəvi dəstək göstərməyib. Real vəziyyəti öyrənmək üçün Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarından olan “Birlik” Voronej İctimai Təşkilatının sədri Mehdi Mehdiyevlə əlaqə saxladıq.

Mehdi Mehdiyevin sözlərinə görə, diaspor təşkilatı hadisə baş verən andan zərərçəkənlərin yanındadır: “Məsələ ilə bağlı bildiririk ki, yayılan materialda əks olunan fikirlər həqiqətə uyğun deyil və ya təhrif edilib. Hadisə dekabrın 24-ü saat 11 radələrində Varonejdən 300 kilometr aralı Rostov istiqamətində baş verib. Varonej vilayətinin Fövqəladə Hallar Nazirliyi xəbər verən kimi, biz hadisə yerinə getdik. Baş vermiş hadisəyə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi də həssas yanaşaraq, bizimlə əlaqə saxlayıb. Bütün mümkün köməkliklərin göstərilməsini tövsiyə etdi, eyni zamanda Dövlət Komitəsi mütəmadi olaraq da proseslə maraqlanıb.

Biz hadisə yerinə çatanda 2 azərbaycanlı rəhmətə getmişdi, yaralılar da var idi. Yaralıları yaxınlıqdakı Boquçar şəhər xəstəxanasına yerləşdirdilər. Dərhal dövlət orqanları ilə birlikdə hadisənin araşdırılması ilə məşğul olduq, diaspor üzvləri öz gücünə cənazələri Azərbaycana göndərdi, bütün nəqliyyat xərclərini çəkdik. Təşkilatınmızın üzvü Bəxtiyardan xahiş etdik ki, proseslərə nəzarət etsin. Biz rəhmətə gedənlərin cəsədlərini 150 kilometr kənarda başqa şəhər Məhkəmə ekspertizasına gətirdik. İki gündən sonra cənazələr Azərbaycan göndərildi. Yaralı Məlahət Həsənova ağır vəziyyətdə olduğuna görə, təşkil etdik ki, onu Varonejə gətirsinlər. Hazırda, Məlahət xanım xəstəxanadadır, nəzarətdədir, əməliyyat gözlənilir. Biz Azərbaycan cəmiyyəti olaraq əlimizdən gələni etmişik. Cəmiyyətin üzvü Bəxtiyarın da çəkdiyi bütün xərcləri ödədik. Hazırda hər şey qaydasındadır. Axırıncı xəstəni bu gün xəstəxanadan çıxardıq, yəqin ki, ya bu gün, ya sabah Azərbaycana yola salacağıq. Bütün bunlara baxmayaraq, Azərbaycanda bəzi media orqanlarının qərəzli məlumat yayması, diasporun heç bir iş görmədiyini yazması təəssüf doğurur. Mən və cəmiyyətimizin üzvləri məlumat ilk yayan saytla əlaqə saxlayıb, vəziyyəti olduğu kimi çatdırmağa çalışdıq. Buna baxmayaraq, yazı hələ də saytlarda qalmaqdadır. Burada yaşayan soydaşlarımızın bu qədər zəhmətinin qarşısında belə dəqiqləşdirilməmiş məlumatların yayılmasının diaspor fəaliyyətinə məqsədli şəkildə qara yaxmaqdan başqa bir adı yoxdur”.

 

Paylaş: