Bz. Sen 15th, 2019

Ukraynada iki azərbaycanlı tələbənin meyiti tapıldı – Üzərlərində zərbə izləri var

Ukraynanın Xarkov şəhərində Türkiyə vətəndaşları olan azərbaycanlı tələbə qızların meyitləri tapılıb.
Turkustan.info Report-a istinadən xəbər verir ki, Xarkovdakı universitetlərdən birində təhsil alan ikinci kurs tələbələri Zeynəb və Buketin meyitləri müvəqqəti yaşadıqları evdə tapılıb.
Polis ilkin baxışda meyitlərin üzərində zərbə izləri aşkar edib. Hazırda araşdırma aparılır. Hər iki tələbə əslən Azərbaycanın Yevlax rayonundan olub, Türkiyənin İğdır vilayətinin sakinləridirlər.
Qeyd edək ki, son illər Ukraynada bir sıra azərbaycanlı güllələnib, 20-dən çox azərbaycanlının isə oğurlanması faktı qeydə alınıb. 
Xatırladaq ki, ötən dövrlərdə Azərbaycanın Baş prokuroru Zakir Qaralov isə Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar olaraq, həmin ölkənin Baş prokuroru Yuriy Lutsenkoya müraciət edib. Müraciətdə azərbaycanlılara qarşı törədilmiş cinayətlər qəti şəkildə pislənib. Müraciətdə bu hadisələrin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə, araşdırmaların cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq, obyektiv və ədalətli şəkildə aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub. Z.Qaralovun ukraynalı həmkarına müraciətindən sonra bir sıra cinayətlərin üstü açılsa da, müəyyən cinayətlərin üstü açılmamış qalır.

Paylaş: