Be. Dek 9th, 2019

Əflatun Amaşovdan mətbuata ÇAĞIRIŞ: “Buna qətiyyən yol vermək olmaz!”

“Müxtəlif sosial şəbəkə profillərində yanvarın 17-də və 18-də Azərbaycandakı hava durumu ilə bağlı cəmiyyəti çaşdıracaq fikirlər yayımlanmaqdadır. Bildirilir ki, bu tarixlərdə təhsil müəssisələrində dərslərin dayandırılmasının səbəbi hava durumu deyil, təhlükəli xəstəlikdir. Təəssüf ki, bu fikirlər bəzi kütləvi informasiya vasitələrində də yer alır. Nəticə etibarilə ayrı-ayrı şəxslər tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılmış mülahizənin gerçəklik kimi qəbul edilmə təhlükəsi yaranır”.

Turkustan.info xəbər verir ki, bunu deputat, Mətbuat Şurasının sədri Əflatun amaşov bildirib.

O, deyib ki, mövcud durumda bütün kütləvi informasiya vasitələri təmsilçilərinin məsələyə həssas yanaşmaları istənilir:

“Heç bir şayiənin rəsmi qurumlarımızın timsalında insanların dövlətə olan inamının sarsılma ehtimalı yaratmasına, ümumən bununla bağlı şübhələrə meydan verilməməlidir. Media peşəkar davranmalıdır, üzərinə düşən vəzifəni layiqli şəkildə həyata keçirməlidir. Belə vəziyyətlərdə IP toplamaq naminə guya vacib xəbər yayırmış kimi təşviş yaradan sərlövhələr seçmək, əsassız düşüncə və mülahizələri gündəmə gətirmək yalnız qeyri-peşəkarlıq deyil, ümumilikdə vətəndaş cəmiyyəti dəyərlərinə aşkar həqarətdir.

Müvafiq dövlət qurumları da sosial şəbəkələrdə yayımlanmış fikirlərin cəmiyyətdə təlaş doğura biləcəyini düşünməli, operativ reaksiya verməli, medianı operativ məlumatlarla təmin etməlidirlər. Ötən illərin təcrübəsi göstərir ki, rəsmi məlumatsızlıq şayiələrin gerçəklik kimi ictimai rəyə yansıması üçün əsas yaradır. Buna qətiyyən yol vermək olmaz”. /Modern.az/

Paylaş: