Şb. Dek 7th, 2019

20 Yanvar faciəsinin 29-cu ili Sumqayıtda yad edildi: “Şəhidlər azadlığın uca heykəl daşıdır”

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi, “Dostluq” mədəniyyət evi və AYB-nin Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə “Şəhidlər azadlığın uca heykəl daşıdır” adlı xatirə gecəsi keçirilib. “Dostluq” mədəniyyət evinin bədii rəhbəri Gülnar Məmmədovanın aparıcılığı ilə keçən tədbiri giriş sözü ilə uşaq şöbəsinin müdiri Yeganə Hüseynova açaraq “20 yanvar” faciəsi haqqında oxuculara məlumat verib. AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, yazıçı, ssenarist Hafiz İmamnəzərlinin çıxışları dinlənilib. Sabir Sarvan adına uşaq poeziya klubunun üzvləri Aynur Kərimova, Ayan Ağayeva, İnci Hüseynzadə, Cavidan Mirzəzadə, Nuray Məmmədlinin ifasında S.Sarvanın “Qan”, N. Atsızın ” Qəhrəmanlıq” və “Bu günün gənclərinə”, M.İlqarın “Vətən başa çox iş gələr”, R.Rzanın “And” şeirləri, ”Dostluq” mədəniyyət evində fəaliyyət göstərən “Dostluq” ansamblının ifasında muğam parçaları səslənib. Tədbir “Qanla yazılan tarix” başlığı altında nümayiş etdirilən sərgiyə baxışla sona yetib.
Sumqayıt Regional Mədəniyyət idarəsinin Zəngilan rayon nümayəndəliyi və Zəngilan rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Qəhrəmanları olan Vətən basılmaz!” adlı şeir və esse müsabiqəsi keçirilib. Məktəblilər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, bədii qiraət sahəsinə olan marağın artırılması, xüsusi istedada malik yeniyetmə və gənclərin aşkarlanaraq üzə çıxarılması məqsədilə keçirilən müsabiqədə rayonun 29 məktəbindən şagirdlər iştirak edib. Esse müsabiqəsi üzrə I yerə 1, II yerə 4, III yerə 22 saylı məktəblərin şagirdləri, şeir müsabiqəsi nəticələrinə görə I yerə 4, II yerə 13, III yerə 1 saylı orta məktəblərin şagirdləri layiq görülüblər. Sonda müsabiqənin qalibləri diplomla təltif olunublar.

Zəngilan rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdə isə MKS-in direktoru Məhruzə Cəfərova və kitabxananın əməkdaşı Könül Rüstəmova mövzu ilə əlaqədar çıxışları dinlənilib. Sonda tədbir iştirakçıları kitab və dövrü mətbuat materiallarından ibarət “Qanlı 20 yanvar” sərgisi haqqında məlumat verilib.

Paylaş: