Ça. Avq 20th, 2019

3 qurum ləğv edildi: 11 nazirlik və komitədə ixtisar – Fərman

Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi yaradılıb.

Turkustan.info xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi ləğv edilir və onun funksiyaları Nazirliyin Aparatına verilib.

Bundan əlavə, Maliyyə Nazirliyinin Qiymətli Metallar və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti və Gənclər və İdman Nazirliyinin tabeliyində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin də ləğv olunması fərmanda qeyd olunub.

Ən mühüm məqamlardan biri ASAN Xidmətin icra etdiyi funksiyaların digər nazirlik və komitələrdə də paralel şəkildə aparılmasının ləğvidir. Belə ki, indiyə qədər ASAN Xidmətlə bərabər, digər rəsmi qurumlarda da paralel xidmətlər göstərilirdi. Bu fərmanla bütün səlahiyyətlər ASAN Xidmətə verilib.

Beləliklə, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin və Milli Arxiv İdarəsinin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərini bilavasitə icra edən bölmələrinin ştat vahidlərinin ümumi say həddi daxilində həmin dövlət orqanlarının işçilərinin ümumi say həddinin azaldılması fərmanda əksini tapıb.  /Axar.az/

Paylaş: