Ç. Avq 21st, 2019

Kredit borclularını nə gözləyir?- Həbsxana, yoxsa…

Ötən il Azərbaycanda problemli kreditlərin həcmi bir qədər də artdı. 2018-ci ilin sonlarına olan məlumatlara görə, problemli kreditlərin həcmi təqribən 1,7 milyard manat təşkil edib. 

Qeyd edək ki, Azərbaycan problemli kreditlərin həcminə görə, dünya ölkələri arasında ön sıralardan birini tutur. Rəsmi rəqəmlərə görə, ümumi kredit qoyuluşlarında problemli kreditlərin payı 16 faizə çatıb, beynəlxalq agentliklərin hesablamalarında isə bu cür kreditlərin 25-30 faiz civarında olduğu qeyd edilir. Bunun isə qəbul olunmuş normadan 10-12 dəfə artıq olduğu bildirilir.Dünya ölkələrində problemli kreditlərin həcminin 3 faizdən yuxarı olması ciddi problem hesab olunur.Bu zaman banklar dərhal əlavə maliyyə mənbələri cəlb edirlər.

Azərbaycan məhkəmələrində problemli kreditlərlə bağlı minlərlə işlərin olduğu bildirilir.Bəs, kredit borcunu ödəməyən müştərilərlə bağlı hansı cəza tədbirlərinin görülməsi nəzərdə tutulur?

İqtisadçı Razi Abbasbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, kreditlər qaytarılmadığı halda borcluların cəzalandırılması müvafiq qanunvericiliklə tənzimlənir: 

“Kreditin götürülməsi bankla vətəndaş arasında bağlanan ikitərəfli müqavilə əsasında həyata keçirilir. Müqavilə “Banklar haqqında” və digər qanunlar əsasında tərtib edilməlidir.Müqavilə tərtib edilərkən hər iki tərəfin bərabər hüquqları və imkanlarının nəzərə alınması ilə bağlı bankların öz üzərlərinə götürdükləri öhdəlikləri var. Vətəndaşlar da öz üzərlərinə müəyyən öhdəliklər götürürlər.Kreditin ödənilməsi ilə bağlı ikitərəfli anlaşma əldə olunur və qrafik tərtib edilir.Həmin qrafik əsasında kredit borclarının qaytarılmasına başlayır”.

İqtisadçı deyir ki, müxtəlif səbəblərə görə, tərəflərdən hansısa birinin müqavilə şərtlərini pozma halları olur:

“Hər hansı bir təbii fəlakət, fos-major durumlarda bankın kredit borcunu tələb etməməklə bağlı öhdəlikləri var. Vətəndaşın üzərinə götürdüyü öhdəlik kreditin geri qaytarılması ilə bağlıdır. Müxtəlif banklar müxtəlif faiz dərəcəsində – 2-4 faiz arasında komissiya haqqı alır ki, bu komissiya da kredit götürənin kredit borcunu qaytarmaq imkanlarını araşdırmaq üçün müəyyən müddət ərzində fəaliyyət göstərir”.

Razi Abbasbəyli deyir ki, müxtəlif səbəblərdən kredit borcunun qaytarılmaması məsələləri məhkəmələrdə mübahisələndirilir: 

“Mübahisələrin həlli üçün müxtəlif formalar var. Girov qismində daşınar və daşınmaz əmlak qoyulubsa, müqaviləyə əsasən borc girova yönəldilir. Girov yoxdursa, kredit xətti əmək haqqı əsasında açılıbsa, onda əmək haqqından tutulmaqla kreditin geri qaytarılması ilə bağlı məhkəmə iddiaları qaldırılır.Bütün bu prosedurların icrası mümkün olmadıqda, məhkəmədə vətəndaşın islah işlərinə cəlb edilməsi ilə bağlı qərar çıxarılır.Eyni zamanda məhkəmələr vasitəsi ilə müvafiq dövlət qurumlarına müraciət olunur ki, həmin şəxsin ölkədən çıxışına qadağa qoyulsun.Nəhayət, vətəndaş məhkəmə vaistəsilə üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirmədikdə Cinayət Prossesual Məcəlləsi dövriyyəyə girir.Bu zaman məhkəmə qərarlarının icra olunmaması ilə bağlı vətəndaşın həbs edilməsi məsələsi qaldırılır.Artıq burada bank tərəf olaraq iştirak etmir.Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarına Nəzarət Baş İdarəsi tərəfindən qaldırılan iddia əsasında vətəndaşın həbsi reallaşır”.

İqtisadçı deyir ki, reallıqda banklar nəzərdə tutulmuş qanunvericiliyə uyğun olaraq mərhələli formada addımlar atmağa və problemi şəxsi müstəvidə həll etməyə üstünlük verirlər: 

“Bəzi müstəsna hallar olur. Banklar maksimum çalışırlar ki, kiçik kreditlərin qaytarılmasını məhkəmə yolu ilə deyil, şəxsi münasibətlər zəminində həll etsinlər.Çünki bu banklar üçün vaxt, zaman itkisidir, eləcə də iddia qaldırılması üçün müəyyən məbləğlərdə vəsait xərclənməsidir. Vətəndaş da banka olan borcunu geri qaytardıqdan sonra müəyyən miqdarda – 10 faizə qədər icra şöbəsinə vəsait ödəməlidir. Yəni, məhkəmə yolu ilə problemin həlli tərəflərin heç birinə sərf etmir.Banklar belə vəziyyətlərdə müxtəlif çıxış yollarını tərtib edirlər.Bir neçə formada ödəmə cədvəlləri tərtib edirlər. Məsələn, ödənilən məbləğ aylıq 50-100 manat ola bilər. Və ya əgər vətəndaş 12 ay borcunu ödəyib, 6 ay qalıbsa, bank əlavə faizlər tətbiq etməklə ödəmə məbləğlərini kiçildilərək, təkrar qrafik tətbiq etməklə almağa çalışırlar. Daşınar və daşınmaz əmlakın da borca yönəldilməsi ilə bağlı tərəflər öz aralarında müəyyən formada razılaşmağa çalışırlar.Mümkün olmadıqda isə, əlbəttə ki, məhkəmələrə müraciət olunur və qanunlarla nəzərdə tutulmuş cəza tədbirləri həyata keçirilir”.  /Cebhe.info/

Paylaş: