Bz. Sen 15th, 2019

Baqirinin Bakı bəyanatı İrəvanda təlaş yaratdı

Son günlər Ermənistan parlamentində İranın əleyhinə səslənən bəyanat və Tehran rəsmilərinin Bakıya səfərləri zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bakının ədalətli mövqeyini dəstəkləməsi İrəvanda Tehranla münasibətlərin perspektivinə dair narahatlığa səbəb olub.
Turkustan.info Azərtac-a istinadən xəbər verir ki, Ermənistanın yeni parlamentində deputat Ayk Koncoryanın İranı “avtoritar dövlət” adlandırmasına rəsmi Tehranın reaksiyası geciksə də, siyasi icmalçılar bu cür düşünülməmiş çıxışların Ermənistan və İran arasında ciddi gərginliyə səbəb olacağını bildirirlər. Siyasi icmalçı Artyom Tonoyan bu məsələ ilə əlaqədar qeyd edib ki, Rusiya ilə münasibətlərin də “qənaətbəxş olmadığı bir vaxtda” deputatların İranla bağlı bu cür bəyanatları ikitərəfli əlaqələrdə ciddi problemlər yarada bilər.
İranın “Pars Today” agentliyi isə qeyd edib ki, sözügedən bəyanatın müəllifi olan erməni deputat parlament rəhbərliyi və ekspertlərin təzyiqindən sonra İrandan üzr istəməli olub. Rəsmi Tehranın bu cür bəyanatlara münasibətdə təmkinli davrandığını diqqətə çatdıran ekspertlər hesab edirlər ki, Ermənistan parlamentində heç bir təcrübəyə malik olmayan yeni deputatlar dövlətlərarası münasibətlərə dair təhlükəli çıxışlara son qoymalıdırlar.
Ekspertlər İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqirinin Bakıya səfəri zamanı Tehranın Qarabağ torpaqlarını Azərbaycan əraziləri hesab etməsi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, həmçinin sərhədlərin zor gücü ilə dəyişdirilməsinin qəbuledilməzliyi haqqında fikirlərinin İrəvanda böyük təlaşa səbəb olduğunu da bildirirlər.

Paylaş: