Bz. Avq 18th, 2019

90-cı ildə meydanda kimlər vardı, bu gün kimlər var?

Yaxud,  bugün “meydansulayanlar”  “Qarayanvar” günlərində Şeyxülislamı meydanda niyə tək buraxdılar? 
Milli Azadlıq Mücadiləsinin  pik nöqtəsi sayılan “20 yanvar şəhidliyinin” ildönümüdür.  Hadisənin üzərindən  29 il keçməsinə baxmayaraq, heç nə dəyişməyib; bu gün də eyni həyəcan, eyni izdiham yaşanır: xalq “Şəhidlər xiyabanı”na axın edir, milli istiqlal uğrunda canını fəda etmiş  insanlara öz ehtiramını göstərir, ölkə prezidenti xiyabana gələrək  müqəddəs andını təkrarlayır. 
Amma bu 29 il müddətində dəyişməyən təkcə xalqın “20 Yanvar şəhidliyi”nə olan  ehtiramı, inamı, Heydər Əliyev siyasi kursunun davamçısı olan prezidentin  bu hadisəyə münasibəti deyil. Dəyişməyən bir məqam da var:  90-cı illər müxalifətinin eyni xarakterdə qalması, 20 yanvarla bağlı  eyni davranışları təkrarlaması. Dünən  özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran təşkilatın kordinatorluğu ilə mitinq keçirilib. Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda  2800 nəfərin iştirakı ilə keçirilən toplantını  formatına görə müxalifətin birləşmiş mitinqi adlandırırlar. Çünki yeddi  partiya və təşkilatın birgə tədbiridir.  Adını nə qoyurlarsa qoysunlar, mahiyyət dəyişmir;  19 yanvar mitinqində “lider” kimi təqdim olunan,  tribunaya çıxıb alovlu nitq söyləyən şəxslər həmən şəxslərdirlər: 90-cı ilin 20 yanvarında xalqın azadlıq ehtirasından sui-istifadə edənlər, həmən anda özünü “lider” kimi göstərib  yanlış qərar verənlər, qırğın törətmək, azadlıq hərəkatını boğmaq üçün bəhanə axtaran SSRİ rəhbərlərinə səbəb verənlər, qırğın törədiləndə isə heç birinin burnu qanamayanlar, qorxusundan  qaçıb gizlənənlər, həftələrlə üzə çıxmayanlar, xalqı, hərəkatçıları başsız buraxanlar, ölüsünə, şəhidinə sahib çıxmayanlar! Statusları da dəyişməyib, onda da müxalifət idilər, bu gün də müxalifətdirlər. Xarakterləri də dəyişməyib: yenə də xalqın müqəddəs duyğularından, müstəqillik istəyindən,  şəhidlik zirvəsindən öz məqsədləri üçün sui-istifadə edirlər. Mitinqdə qərar qəbul ediblər ki, bir gün sonra-20 yanvar tarixində “Şəhidlər xiyabanı”na birgə getsinlər, Xiyabanı ziyarət etsinlər! Ayıb deyilmi? Nə məqsəd güdürlər bununlar? Xiyabana getmək üçün birləşməkmi lazımdır, güc göstərməkmi lazımdır?! Nəticə çıxır ki, bunlar Şəhidləri ziyarət üçün yox, özlərini nümayiş etdirmək üçün gedirlər.  2-ci ildir ki, eyni taktikadan istifadə edirlər. Ötən il də “Şəhid məzarının ziyarətini” özlərinin mitinqinə, nümayişlərinə çevirmək istədilər. 20 yanvar ildönümü bir yanda qaldı, xəbər gündəmini  “müxalifət lideri Şəhidlər xiyabanını ziyarət edərkən həbs olundu” formatına dəyişdilər. 
Tarixin səhifələnməsi göstərir ki, bunlar nəinki 2 il öncə, hətta 29 il öncə də bənzər hərəkət ediblər. 19 yanvarda küçələri gəziblər, xalqı rus tanklarından qorxmamağa çağırıblar, amma qırğınlar başlayanda önə çıxan, yol göstərən, canını fəda edən “lider” tapılmayıb.
Siyasi davranış üçün Heydər Əliyev nümunəsi
Əgər ümummilli lider Heydər  Əliyev çeviklik göstərib dərhal bəyanat yaymasaydı, Qorbaçovun “Bakıda islamçı ekstremistlər zərərsizləşdiriliblər” bəyanatı dünya ictimai rəyində oturuşacaqdı. Yaxşı ki, 90-cı ilin həmin o faciəli günlərdə görkəmli dövlət xadimi Heydər Əliyev bütün risqləri göz önünə alaraq Moskvada Azərabaycanın nümayəndəliyinə getmiş, brifinq keçirmiş, bəyanatla çıxış edərək İttifaq rəhbərliyinin, şəxsən SSRİ Prezidenti Mixail Qorbaçovun hərəkətlərini qınamışdı. Heydər Əliyevin bu cəsarətli addımı  faciə yaşayan xalqın dərdini az da olsa yüngülləşdirdi, Moskva rejiminə qarşı nifrəti  artırdı, milli müstəqillik uğrunda mübarizəyə təkan verdi. 
Bəs o zaman meydanlarda kim vardı? Bakı küçələrində, meydanlarda canını tankların altına ataraq fəda etmiş Şəhidlərin toplanılmasında, dəfn edilməsində də “müxalifət liderlərinin” iştirakı olmadı. 
Şeyxülislam örnəyi 
Bu missiyanı isə  Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, demək olar ki, təkbaşına həll etdi. Düzdür, şəhidlərin dəfninin təşkili üçün Qüdrət Əbdülsalamzadənin koordinatorluğu ilə “Dəfn komissiyası” da formalaşdırılmışdı. Amma “Şəhidlərin dəfni” texniki yox, siyasi proses idi: onların statusları tanınmalı, dəfn üçün xüsusi yer müəyyənləşdirilməli, Bakıdakı fövqəladə vəziyyət komendantı və SSRİ rəhbərliyi ilə razılaşma əldə edilməli idi. Bu missiyanın uğurla tamamlanması  Şeyxülislam Hacı Allahşükür Paşazadənin  incə siyasi manevrlərinin nəticəsi idi. O, 1990-cı ildə 20 yanvar faciəsindən sonra Sovet İKP MK-nın Baş Katibi, SSRİ Ali Sovetinin sədri Mixail Qorbaçova, həmçinin,  BMT-nin o vaxtkı  Baş Katibi Peres de Kuelyerə, eləcə də bütün dövlətlərin və dinlərin başçılarına müraciət ünvanlayaraq, Bakı qırğınlarının mahiyyətini açmış, Qorboçov siyasətini ifşa edə bilmişdi. Bunun ardınca İtaliyanın  məşhur “Reppublika” qəzetinin əməkdaşı Etsio Mauroya müsahibə vermiş, beləliklə, Qorbaçov komandasının  20 yanvar olayları ətrafında qurduğu qondarma ideoloji düsturu dağıda bilmişdi. Qorbaçovun bəyanatında belə tezis vurğulanırdı ki, “SSRİ-dən ayrılmaq və onun əsasında İslam dövləti yaratmaq uğrunda separatçı hərəkat fəaliyyət göstərib” və SSRİ qoşunları guya həmən islamçı ekstremistləri zərərsizləşdirib. 
Dövrün təhlilçilərinin yazdıqlarına görə, faciə yaşanan günlərdə respublikaya rəhbərlik edən şəxslərin qorxudan postlarını buraxıb qaçmalarını  bəhanə edərək, SSRİ rəhbərliyi Hacı Allahşükür Paşazadəyə təklif edir ki, respublikaya rəhbərliyi öz üzərinə götürsün.  Şeyx dərhal anlayır ki, bu, Sovet təhlükəsizlik orqanlarının  hiyləgər  planıdır. Məqsəd bir tərəfdən  faciə yaşamış xalqda  dini liderə olan inamı öldürmək, digər tərəfdən dünyaya “Azərbaycanda islamçı ekstremistlər hakimiyyətə gəldi” düsturunu isbatlamaq olub. Nəticə etibarilə, Azərbaycana qarşı zorakılığı davam etdirmək üçün  əl-qolları açılacaqdı. 
Şeyxin qətiyyətlə imtina etməsi Qorbaçov komandasını daha bir məğlubiyyətlə baş-başa qoyur.  Bu motiv Şeyxin Şəhidlərin dəfni missiyasını üzərinə götürməsi qədər ibrətamizdir; hakimiyyətə gəlmək naminə hər şeylə razılaşanlara, “şəhidləri ziyarət” aksiyasını özlərinin siyasi şousuna çevirənlərə örnəkdir. 
Müşfiq Ələsgərli
Mətbuat Şurasının sədr müavini

Paylaş: