Ca. Sen 19th, 2019

Dünyanın gözü Kremlə DİKİLDİ – Yaxın saatlarda HÜCUM ƏMRİ VERİLƏ BİLƏR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başlayıb. Türkiyə liderinin rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarında əsas müzakirə mövzusu Suriya olacaq. Danışıqlar Türkiyənin Suriyanın şimalında həyata keçirməyi planlaşdırdığı əməliyyatla bağlı bir sıra suallara cavab tapa bilər.

Turkustan.info Rusiyanın “Kommersant” nəşrinə istinadən xəbər verir ki, prezidentlər ABŞ qoşunlarının çıxarılmasından sonra Suriyada vəziyyət üzrə mövqelərini uyğunlaşdırmağa çalışacaqlar.

Ərdoğan daha əvvəl bildirib ki, görüşdə müzakirə məsələlərdin biri Suriya-Türkiyə sərhədində bufer zonasının yaradılması olacaq.

Ekspertlər istisna etmirlər ki, Ankara Münbicdə və Fərat çayının şərq sahilində Türkiyənin maraqlarının təmin olunmasına əvəz olaraq İdlibin Dəməşqin nəzarəti altına qayıdışı məsələsində güzəştə getməyə hazırdır. İlk növbədə kürd qruplaşmalarının – PKK/PYD-nin taleyi haqqında söhbət gedir. Rusiya nəşri qeyd edir ki, Moskva Ankara və kürd gücləri arasında vasitəçi olmağa hazırdır.

Moskvadakı görüş praktik olaraq ən müxtəlif səviyyələrdə Türkiyə-ABŞ danışıqları fonunda keçiriləcək. Əsas problem Vaşinqtonun müttəfiqi olan kürd qruplaşmalarının taleyidir. Ankara çoxdandır ki, Münbiçdə, həmçinin Fərat çayının şərq sahilində PKK/PYD terror təşkilatına qarşı əməliyyat keçirməyi planlaşdırır. Vaşinqton isə müttəfiqləri adlandırdıqları bu təşkilatı qorumaq istəyir. Türkiyə və ABŞ prezidentləri arasında son telefon danışıqlarından sonra pozitiv nəticələr və qarşılıqlı anlaşmadan bəhs edilsə də, tərəflər bir neçə həftədir ki, ortaq mövqeyə gələ bilmirlər.

Hazırda Ankara və Vaşinqtonu birləşdirən tək məsələ Suriya-Türkiyə sərhədində bufer zonasının yaradılmasıdır. Bu zona kürd döyüşçülərin Türkiyənin ərazisinə keçməsinə maneə olacaq, eyni zamanda PKK/PYD-ya təhlükəsizlik zəmanəti verəcək. Bu zonanın yaradılmasına kürdlər də, həmçinin Rusiya etiraz etmir.

Amma Moskva üçün ən optimal variant Suriya-Türkiyə sərhədinin Dəməşqin nəzarətinə qaytarılmasıdır.

“Biz əminik ki, optimal və yeganə variant bu ərazilərin Suriya hökuməti, Suriya silahlı qüvvələri və Suriya inzibati strukturlarının nəzarəti altına ötürülməsidir. Həmçinin, kürdlər onların ənənəvi yaşayış yerlərində bütün vacib şərtlərlə təmin edilməlidir”, – Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov keçən həftə bildirib.

O həmçinin əlavə edib ki, Moskva kürdlərin nümayəndələri ilə Dəməşq arasında “xarici müdaxiləsiz vahid dövlətdə həyatı bərpa etmək üçün razılaşmaq məqsədi ilə aparılan danışıqları” dəstəkləyir. “Kommersant”ın məlumatına görə, Moskva bu günlərdə artıq Suriya hökuməti və kürdlər arasında konsultasiyaların keçirilməsinə kömək göstərib, həmçinin Dəməşqdə ən yaxın vaxtlarda planlaşdırılmış görüşə hazırlıqda fəal iştirak edir.

İndiyə qədər kürdlər və Dəməşq arasında Suriyanın siyasi gələcəyi haqqında danışıqlar müvəffəqiyyətsiz olub. Ötən həftə kürdlərin rəhbərliyi on siyasi tələbdən ibarət siyahını hazırlayıb. Kürdlər bildirirlər ki, Suriya vahid dövlət kimi qalmalıdır, amma parlamentdə və yerli şuralarda rolunun genişləndirilməsini tələblər edirlər. Söhbət həmçinin, “Suriya Demokratik Gücləri”nin (əsas hissəsini PKK/PYD təşkil edir –red.) Suriya ordusuna inteqrasiyası və milli sərvətlərin ədalətli bölgüsündən gedir. Yuxarıdakı son fikirləri “Kommersant”a müsahibəsində Demokratik Suriya Şurasının həmsədri, “Suriya Demokratik Gücləri”nin siyasi rəhbərliyində təmsil olunan Riyad Darara aiddir.

“Kommersant” qeyd edir ki, kürdlərin tələbləri bütovlükdə Moskvanın mövqeyinə uyğundur. Xüsusi halda, tələblərin bir çoxu iki il əvvəl Suriya konstitusiyasının Rusiya tərəfindən hazırlanmış layihəsində əksini tapmışdı. Ancaq, Sergey Lavrov vurğulayıb ki, bütün məsələlər ölkənin milli qanunvericiliyinə uyğun olaraq həll edilməlidir.

Kürdlərə yaxın mənbələrə görə, onlar anlayırlar ki, hazırda Dəməşq onların tələblərinin icrasına razılıq verməyəcək, amma ümid edirlər ki, heç olmasa, bir hissəsi yerinə yetiriləcək. Bundan başqa, kürdlər Dəməşqlə dialoqda Rusiyanın vasitəçiliyinə güvənirlər, amma vasitəçiliyin müvəffəqiyyətli olub-olmaması Türkiyənin mövqeyindən də asılıdır. Xatırladaq ki, Moskva bir il əvvəl Afrində kürdlərə Dəməşqlə razılaşmağı təklif edirdi. Ancaq kürdlər bundan imtina etdilər, çünki, Rusiya bu ərazidə Türkiyənin hərbi əməliyyatına “gözlərini bağlamışdı”.

Lakin indiki halda hesab edilir ki, Ankara Suriyanın şimalında yaradılacaq bufer zonasının əvəzində İdlibi güzəştə gedə bilər.

“Türkiyə öz blokpostlarını götürə və Suriyanın şimalında Türkiyənin maraqlarının nəzərə alınmasına əvəz olaraq Rusiyaya Suriya prezidenti Bəşər Əsədin gücləri ilə birgə İdlibdə hərbi əməliyyatı keçirməyə icazə verə bilər. Ancaq bunun üçün hərəkətlərin müəyyən alqoritmi hazırlanmalıdır. Amma hələ ki, buna Amerika qoşunlarının çıxarılması müddətləri haqqında aydınlığın olmaması mane olur”, – rusiyalı ekspert Kiril Semyonov deyib.

O həmçinin İdlibdə Rusiya aviasiyasının dəstəyi vaxtı Türkiyə və Suriya ordusunun paralel hərbi əməliyyatının keçirilməsi imkanlarını istisna etməyib.

Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakış etiraf edib ki, İdlib ətrafında vəziyyət faktiki olaraq Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında əldə olunan Soçi razılaşmasının (2018-ci il sentyabrın 17-də əldə edilib- red.) əvvəlinə qayıdıb.

“Beləliklə, vəziyyəti yenidən qiymətləndirmək lazımdır”, – o deyib.

Türkiyənin Yaxın Şərq Strateji Tədqiqatlar Mərkəzinin (ORSAM) elmi işçisi Oytun Orxanın sözlərinə görə, Ankara diqqəti İdlibdən Fəratın şərqinə yerini dəyişib. Lakin, o qeyd edib ki, İdlibdə Rusiyanın mümkün hərbi əməliyyatı onsuz da Türkiyə zərər verəcək, çünki qaçqınların yeni dalğası Türkiyəyə doğru yönələcək.

“Fikrimcə, əgər iki ölkənin prezidentləri razılaşmaya nail olarsa, Rusiya Türkiyə üçün xoşagəlməz nəticələrdən çəkinərək İdlib probleminə daha dözümlü ola bilər”, – ekspert deyib

Oytun Orxan ən yaxşı ssenari kimi güzəşti təklif edib: “Türkiyə qaçqınların axınından qaçmaq üçün sərhəd ərazisində diqqəti toplayır, mülayim müxalifətçiləri şərqə aparır. Sonra Suriya və Rusiya qoşunları radikallara hücum edərək İdlibdə hücuma başlayırlar”.

Lakin, “Kommersant”ın həmsöhbəti əlavə edib ki, türklər belə güzəştə əvəz olaraq Münbiçdə keçiriləcək əməliyyata Rusiyanın dəstəyini gözləyə bilər.   /Publika.az/ 

Paylaş: