Ca. Sen 19th, 2019

Valideyn “WhatsApp” qrupları nəyə xidmət edir?

Övladı Bakı məktəblərində təhsil alan valideynlərin bir çoxunun “WhatsApp”da “Valideyn qrupu” var. Valideyn və müəllimlər dərsdən sonra vacib məqamlarda  bu qrup vasitəsilə əlaqə saxlayır, vacib və tələsik mesajları bu yolla bir-birlərinə çatdırırlar. “WhatsApp” işlətməyən bəzi valideynlərə isə bu barədə zəng vurmaqla məlumat verilir. Təbii ki, burada qeydi-adi heç nə yoxdur və valideynlərin işini rahatlaşdırmağa xidmət edir.

Lakin bu qruplar valideynlərin işini rahatlaşdırmaqdan əlavə başqa nələrə xidmət edir?

Mövzu ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya açıqlamasında bildirib ki, əslində orta ümumtəhsil məktəblərində valideyn-müəllim assosiasiyaları olur və onların məqsədi müəllim və şagirdlər arasındakı münasibətləri tənzimləməkdir:

“Real vəziyyət ondan ibarətdir ki, orta ümumtəhsil məktəblərindəki valideyn-müəllim assosiasiyası daha çox məktəbdə baş verən pul yığımlarının məktəb rəsmiləri tərəfindən keçirilməməsinin qarşısını alıb”.

K.Əsədov qeyd edib ki, valideyn “WhatsApp” qruplarında iki cür vəziyyəti müşahidə etmək olar:

“Birinci, müəllimlərin özü də bu qruplarda olur, onlar uşaqların vəziyyəti ilə bağlı mütəmadi olaraq valideynlərə məktəb işində, övladlarının tədris prosesində fəal iştirakına dair ümumi məlumat verir. Müəllimin iştirak etdiyi qruplar tədrisin keyfiyyətinin artmasına müsbət təsir edir. Valideynlərin özləri də bu yolla bir-birləri ilə fikir mübadiləsi aparırlar.

Müəllimin iştirak etmədiyi “WhatsApp” qruplarında isə valideynlər bayramlar, ad günləri və digər tədbirlərlə bağlı razılaşaraq  pul yığılmasını həyata keçirirlər. İlkin nəticədə yığılan pullar müəllimə çatır. Buna rüşvət də demək olmaz. Bu bir növ pul yığımının məktəbin rəsmilərindən valideynlərə keçməsinə xidmət edən qrupdur. Ümumilikdə isə bu, qrupların təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilin əlçatan olmasına müsbət təsirləri var”.

Paylaş: