Şb. Avq 17th, 2019

Mədət Quliyev “Vətənə sədaqət andı”nı qəbul etdi – FOTOLAR

Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin növbəti qrupu Vətənə sədaqət andı içib.

Əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev və təntənəli tədbirin iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etdilər, abidəsi önünə gül dəstələri qoydular.
Döyüş bayrağı sıra meydanına gətirildi. Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Dövlət himni səsləndirildi.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi and içdilər.
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin adından andiçmə münasibətilə hərbi hissənin şəxsi heyətini və valideynləri təbrik edən general-polkovnik Mədət Quliyev, zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzuladı. 
Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları və gənc əsgərlər hərbi marşın sədaları altında tribuna önündən keçdilər.
Ulu Öndərin abidəsi önündə xatirə şəkli çəkdirildi.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev əsgər valideynləri ilə görüşərək, onları bu əlamətdar gün münasibətilə bir daha təbrik etdi. Valideynlər hərbi xidmət üçün yaradılan yüksək şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, övladlarına Vətənin müdafiəsində daim ayıq-sayıq dayanmağı və dövlətə sədaqətlə xidmət etməyi tövsiyə etdilər. 
General-polkovnik Mədət Quliyev hərbi hissədə xidmətin nümunəvi və səmərəli təşkili, o cümlədən hərbi-texniki və döyüş sahəsində müasir nailiyyətlərin nəticələrinin mənimsənilməsi, ümumən əsgərlərin bilik və vərdişlərinin, fiziki hazırlıqlarının daha da yüksəldilməsi istiqamətində görülən işlərlə tanış oldu, tövsiyə və tapşırıqlarını verdi. 
Qeyd edək ki, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə görülən tədbirlər respublikanın müdafiə qabiliyyətini durmadan möhkəmləndirir, Silahlı Qüvvələrin hərbi və hərbi-texniki potensialını gücləndirir. Təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Bütün bunlar dövlət səviyyəsində ordu quruculuğu üzrə aparılan məqsədyönlü siyasətin nəticəsidir. 
Ölkəmizdə gənclər arasında hərbi-vətənpərvərlik ruhu da çox yüksəkdir. Müasir Azərbaycan Ordusunda xidmətləri ilə fəxr edən gənclərimiz Vətən uğrunda canlarından belə keçməyə hazırdırlar.

 

 

Paylaş: